Karusel (1-11-2020, 23:05)
Pəhləvi kraliçasının xatirələri
“İnanıram ki, adi insanlar bizim kimi insanlardan min dəfə xöşbəxtdirlər”
Tacülmülük Bakuvi Ayrumi
Rza şah Pəhləvinin həyat yoldaşı,
Məhəmmədrza şah Pəhləvinin anası
Tərcümə edəni: İbrahim Quliyev
Rafiq Novruzov
Tanışlıq və Rza şahla izdivac
Mərhum atam kazak divizionunun yüksək rütbəli zabiti idi. Qacar xanədanı dövründə (daha dəqiq desək, Məhəmmədəli şah zamanında) İranda intizam və asayişi qorumaq məqsədilə yaradılmış kazak divizionu rus generallarının rəhbərliyi altında olan hərbçilərdən ibarət bir ordu idi. O zaman İranda nizami ordu yox idi və çar Rusiyası Qacar şahının xahişi ilə kazaklardan ibarət bir hərbi hissə yaradıb İrana göndərmişdi. O hərbi hissədə xidmət edənlər əsasən Qafqaz təəbələrindən ibarət idilər, ancaq onlara rus zabitləri komandanlıq edirdi.
Mərhum atam Teymurxan Ayrumlu bu hərbi hissədə xidmət edirdi və mirpənc rütbəsində yüksək zabit idi (O zaman mirpənc indiki briqada generalı rütbəsinə bərabər tutulurdu-tərcüməçilərdən).
Əlbəttə, mən uşaq olduğum üçün yadıma gəlmir, amma anam deyirdi ki, atan İrana yola düşməzdən əvvəl xeyli müddət Bakıda ordu komandanının müavini, bir müddət isə Araz və Lənkəran bölgəsində zastava rəisi olmuşdu. O da yadımdadır ki, mənim bütün əmilərim, hətta dayılarım da çar hərbi qüvvələrində xidmət edirdilər. Sabir xan adlı bir əmim bolşeviklərlə döyüşdə öldürülmüşdü. Mən Badkubədə (Bakıda) doğulmuşam. Təvəllüd tarixim kəlamüllahe-məcidin (Qurani-kərim nəzərdə tutulur--tərcüməçilərdən) bir cildinin birinci səhifəsinin arxasında yazılmışdı: 6 ordibehişt 1276-cı il (1897). Atam onu öz xətti ilə yazdığı üçün mən həmişə ona baxıb atalı günlərimi xatırlayıram. Bu yazı zəhmli, ağıryana adam olan atamdan qalmış ən əziz yadigardır.
Məndən başqa mənim üç bacım və bir qardaşım var idi. Nəriman adlı qardaşım Qafqazda bolşevik iğtişaşlarında itkin düşdü və biz onun taleyindən heç bir xəbər tuta bilmədik. Atam bolşeviklərin qələbəsindən və çarın süqutundan bir neçə il əvvəl kazak divizionunda xidmətə göndərildi və bizi də özüylə birgə İrana gətirdi. Tarixlər indi dəqiq, dürüst yadımda deyil, ona görə də ayağımızın hansı gündə, hansı ayda, hətta hansı ildə İran torpağına dəyməsini xatırlaya bilmirəm.
Mən bacılarımdan kiçik idim, onların hər biri məndən iki-üç yaş böyük idilər. İrana gəldiyimiz zaman anam yeganə oğlunun ayrılığından depressiyaya düşmüş və gecə-gündüz ağlayırdı. Sonralar onun Qafqaz iğtişaşlarında itkin düşməsi xəbəri gəldi və anam bu ağır xəbərdən yatağa düşüb, bir daha ayağa qalxmadı.
O zaman Rusiyada vəziyyət qarışıq idi, kəndlilər bolşeviklərin himayəsi altında mülkədarlara qarşı qiyam edirdilər. Əks tərəfdə isə ağqvardiyaçılar fəaliyyət göstərirdi. Mənim gələcək ərim - Rza (sonrakı Rza şah Pəhləvi--tərcüməçilərdən) ağqvardiyaçıların tərəfini tutaraq qırmızılara qarşı şücaətlə döyüşürdü. Amma çox keçmədən qırmızılar Rusiyanın əksər bölgələrini işğal etdilər. Vəziyyəti belə görən çar generallarının əksəriyyəti və ümumiyyətlə, imperatora sadiq olan bəzi qüvvələr İran, Türkiyə və digər qonşu ölkələrə qaçmağa başladılar.
Atam bu hadisədən bir neçə il əvvəl İrana gəldiyindən, çar Rusiyasının daxiluindəki hadisələrdən məlumatsız idi. Amma o, bu zaman İranda kazak divizionunda "mirpənc" olduğundan, qaçqın generalların əksəriyyəti bizim evə gəlir və təhrikedici məlumatlar verirdilər. Bu məlumatların əsasında Qafqaziyyə məntəqəsinin bütövlükdə İosif Stalin adlı bir gürcünün nəzarəti altında olduğunu öyrəndik. O, əvvəllər Tiflisdə dini məktəbin tələbəsi olmuşdu...
Bu adamın atasının da ruhani, Gürcüstan və Ermənistan keşişlərindən olmasına baxmayaraq, bir dəfə məzhəb və din əleyhinə üsyana qalxmış, ruhaniləri, keşişləri və hətta atasını xalqı qəflətdə saxlamaqda ittiham etmiş, bütün dini mərkəzləri bağlamış, ruhanilərin çoxunu işdən azad etmişdi. Deyilən başqa bir məsələ bu idi ki, keçmiş əkinçilər və dehqanlar dünən mülkədarların torpaqlarını öz aralarında bölmüş, əksər ərbabları edam etmişdilər. Edam olunmayanları isə tarlalardan uzaqlaşdırmışdılar.
O zamanlar lampa üçün neft və benzin İrana Bakıdan gəlirdi. Xuzistan yolu keçilməz olduğundan ölkənin cənubu ilə əlaqə saxlamaq çox çətin idi. Rza, şah olandan sonra ilk gördüyü işlərdən biri Luristana, Luristandan isə Xuzistana yol çəkmək oldu. Beləliklə, ölkənin cənub hissələrinə gediş-gəliş asanlaşdı. Bolşeviklərin qələbəsindən sonra İrana neft və benzin daşınması dayandırıldı. "Daşınma" deyəndə siz onu neftin tankerlərə doldurulub göndərilməsi kimi başa düşməyin. Bu, lampa neftinin 10-20 litirlik tuluqlara doldurulub qatırlarla müxtəlif şəhərlərə göndərilməsi idi. Həmin nefti isə evlərində neft çıraqları olan əyan-əşrəf təbəqə ala bilirdi. Çünki neft xeyli baha idi, onu ocağa töküb yandırmaq heç kəsin ağlına gəlmirdi.
Bu dövrdə Bakının neft quyuları bir neçə böyük kapitalistin əlində idi. Lakin qırmızılar hakimiyyətə gələn kimi onları ölkədən uzaqlaşdırıb, quyuları bağladılar. Yadımdadır ki, belə neft quyularından birinin sahibi olan bir erməni həmin dövrdə qaçıb İrana gəlmişdi. O, burada kazak qoşununa xeyli pul sərf etmişdi ki, həmin qoşun Bakıya hücum edib, onu tutsun. İranda olan İngiltərə qüvvələri də Rusiyadan qaçmış kapitalistlərə kömək edirdilər ki, bəlkə suyu çəkilmiş arxa təzədən su gətirsinlər.
... Atam axşamlar evə gələn kimi stolun başına keçib gün boyu eşitdiklərini bizə nağıl edirdi. Bir gün atam evə gələndə dedi ki, çara sadiq kazaklar İranda xeyli qüvvətlənib, ingilislər də onlara silah və canlı qüvvə verməklə döyüş hazırlığını yüksəldib. Məqsəd Qafqaza hücum edib, həmin yerləri yenidən ələ keçirməkdir. Axırda özünün də ağqvardiyaçılarla bərabər Bakıya getməli olduğunu vurğuladı. İngilislər hətta öz əsgərlərini və işğal etikləri ölkələrin əsgərlərini gətirib, kazak ordusuna daxil etmişdilər.
Az keçməmiş atam, həqiqətən, kazak və ingilislərlə bərabər Bakıya yola düşdü. O, bir neçə ay fərqli cəbhələrdə döyüşüb, xəstə, yorğun, əzgin halda evimizə qayıtdı. Atam dedi ki, Qafqaz döyüşlərində bir əsgər onu labüd ölümdən xilas edib. Həmin əsgər mənim gələcək həyat yoldaşım Rza idi. Rus inqilabçıları ilə döyüş cəbhəsində (Bakı ətrafında) olduğu müddətdə atamın həmin əsgərdən xoşu gəlmiş, onu şəxsi xidmətinə götürmüşdü.
... Rza İranda doğulub, orada böyümüşdüsə də, əslən bir bakılı mühacir ailəsindən idi. Türk dilini yaxşı bilirdi, şux baməzə adam idi, atamın qəlbində özünə yer eləmişdi. O, cəbhədə də atamın yanında olmuş, guya, atam bir neçə inqilabçı tərəfindən mühasirəyə alınanda Rza öz "altimışaçılan"ı ilə onları gülləbaran edərək, atamı labüd ölümdən xilas etmişdi. Əslində, Rza kazak divizionunda bir "altımışaçılan" pulemyota məsul idi, buna görə o, əsgər yoldaşları arasında "altımışgüllə Rza" kimi məşhur idi.
O, bir "mirpəncin" diqqətini cəlb eldiyi üçün xöşbəxt idi və bununla fəxr edirdi. Rza bir neçə dəfə müxtəlif bəhanələrlə bizim evə gəldi. Biz onun cəbhədəki rəşadətindən, atamı xilas etməsindən xəbərdar olduğumuz üçün onu ayaq üstə qarşılayırdıq. Bu get-gəllər onunla yaxınlaşmağımıza və bunun ardınca nişanlanmağımıza səbəb oldu. Sizə bildirim ki, o zaman bizim evimiz indiki Həsənabad meydanında idi... Böyük bir ev idi (həyətində çoxlu tut və xartut ağacları var idi). Bahar fəslində və yayda bu tut və xartutlar torpağın üstünə tökülər və bizə əlavə zəhmət verərdi.
Atam Rza ilə ilə tanış olandan sonra bir gün tut vaxtı onu bir neçə əsgərlə bizim evə göndərmiş və həmin əsgərlər də bir tut ağacını silkələyib çırpmışdılar. Sonra Rza əsgərləri ağacın başına çıxarmışdı ki, yetişmiş tutları səliqə ilə yığsınlar. Bir dəfə isə bu ucaboy, ağır heybətli adam özü ağaca çıxıb bir kuzə tut yığaraq bir əsgərə verib mənim üçün göndərmişdi. Həmin əsgər mənim yanıma gələrək ehtiramla dedi:
- Rza bu tutları şəxsən öz əli ilə sizin üçün dərib. Yeyin və Rzanın canına dua edin.
Mərhum Lələm bir neçə kasada otları dağ eləyib mənə içirdikdən sonra vəziyyətim bir qədər düzəldi. Bu zaman atam gəlib çıxdı və halımın nədən xarablaşdığını biləndə mənim yanımda anama dedi:
- Səhv etmirəmsə, bu oğlanciyəz (Rza) bura yaman dadanıb.
Bir neçə aydan sonra böyük bacıma elçi gəldi, oğlan atamın həmkarlarından olduğu üçün atam bacımın əlini onun əlinə verdi. Beləliklə, bacım Aləmtac polkovnik Minbaşıyanla izdivaca girdi. O biri bacım isə doktor Möhsün Hicaziyanla ailə qurdu.
Evimizin ətrafında fırlanan Rza görəndə ki, bir bacım polkovnik Minbaşıyanla ailə qurub, digər bacım doktora ərə gedib, tamamilə naümid olaraq xeyli müddət mənim dalımca gəlmədi.
Burada onu da qeyd etməliyəm ki, atam Bakıda rusların tərbiyəsi altında böyüdüyündən, gəncliyində hərbi təhsil almaq üçün Sankt-Peterburqda hərbi məktəbdə oxuduğundan və Avropa mühitinə yaxından bələd olduğundan çox işıqlı və başadüşən insan idi.
O zaman İranda qadınlar çadra və çaxçur örtür, hətta üzlərini də qara parça ilə qapayırdılar, ictimai dünyagörüş fövqəladə dərəcədə aşağı idi. Amma atam bizi ev mühitində azad böyütmüşdü və əgər hicabımız vardısa, bu avropalılarınkı kimi yüngül bir örtükdən ibarət idi. Özümüzü kəfənə bükmürdük. Rzanın onun özü ilə və bizimlə münasibətlərinə diqqət yetirən atam ona sarı bir addım ataraq tabeliyindəki zabitə demişdi ki, mənim kürəkənim olmaq istəyirsənsə, sözüm yoxdur, buyur gəl!
Rza hər şeyin yerini bilən adam oluğundan mərhum atama demişdi:
- Sizin hər iki kürəkəniniz yüksək mənsəbə, xüsusi ictimai mövqeyə, pul,
... O, yeganə oğlunu Qafqaziyyə inqilabında itirdiyindən, Rzaya “sən mənim üçün oğul əvəzisən, mən sənə hədsiz bağlanmışam", -demiş və “Tad (atam məni belə çağırırdı) ilə kəbin kəsdirəcəyin halda imkan daxilində sənə kömək edəcəyəm”, -deyə əlavə eləmişdi. Beləliklə, bizim izdivacımızn bünövrəsi qoyuldu.
Atam Həsənabadda bizim evin yaxınlığında Rza üçün kiçik bir ev tutdu və ərimin məni oraya aparmasına icazə verdi. Rza ilə mənim aramda iyirmi il yaş fərqi var idi: Rza 1257-ci ildə (1878-ci il), mən isə 1276-cı ildə (1897-ci il) dünyaya gəlmişdim. Amma bu yaş fərqi müştərək həyatımızın xoşbəxtliyinə və şirinliyinə heç bir maneə yaratmadı, biz gözəl bir həyat başladıq.
... Əlbəttə, siz məndən yaxşı bilirsiniz ki, o zaman qızları erkən ərə verirdilər və onların əksəriyyəti yaşlı kişilərə qismət olurdu. Adətən 10-11 yaşına çatan qızları “turşumuş” adlandırardılar.
Biz belə bir mühitdə yaşayırdıq.
İndi evimizin avadanlıqlarının nədən ibarət olduğunu deyim: otağın ortasını bütünlüklə tutan bir həsir, bir teşt, bir kuzə, iki taxta sandıq, bir neçə dəst yorğan, bir döşək, bir kreslo üstlüyü və s. Mən həmin evdə Məhəmmədrzanı və Əşrəfi dünyaya gətirdim. Məhəmmədrza Əşrəfdən bir neçə dəqiqə qabaq doğulmuşdu. Bəzi tarixi kitablarda yazılıb ki, guya Rzanın anası Nuşafərin xanım da bizimlə birgə yaşayıb... Allah ona rəhmət eləsin! O, həyatda çox əzab-əziyyət görmüşdü... Rza bizə deyirdi ki, o, dünyaya gələndən iki ay sonra atası Abbasəli xan vəfat etmişdi. Buna görə anası Rzanı ayağı ağır hesab edirdi. Abbasəli xanın 5 arvadı olmuşdu və bu arvadlardan ümumilikdə 32 övladı dünyaya gəlmişdi və mən onlardan yalnız 11-ni (7 oğlanı, 4 qız) görmüşdüm. Hətta Rza xan özü də qalan bacı və qardaşlarının ölüb-qaldığını, harada yaşadıqlarını bilmirdi.
...Nuşafərin xanım ərinin ölümündən sonra Rzanı götürüb Tehrana yollanır. Bu əhvalatı hamı bilir. Mənə isə bunu Nuşafərin xanımın özü danışmışdı. Mən də onu olduğu kimi nağıl edirəm: Rzanın atası 1257-ci ildə şaban ayında vəfat edir, Nuşafərin xanım bir-iki ay Alaştda (Alaşt — İranın Mazandaran ostanının Savadkuh şəhristanının mərkəzi hissəsində şəhərdir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 976 nəfər və ya 287 ailədən ibarət olub- Tərcüməçilərdən.) qalır, lakin ərinin ailəsindən mehribanlıq görmədiyi üçün Tehrana getməyi qərara alır. Bu ailə əvvəldən hərbçi ailəsi olmuşdu, onun babası da İran-Rusiya müharibələrində iştirak etmiş, hətta Heratda İran qoşun hissələrinin tərkibində döyüşmüşdü. Nuşafərin xanım mərhum ərinin zülmkarlığından şikayətlənər və deyərdi ki, Abbasəli xanla qısa həyatında heç bir xoş gün görmədi. Nuşafərin xanım Tehran yolunda qara, çovğuna düşərək soyuqlayır, Haşim imamzadəsinin həndəvərində olanda oğlu Rzanın soyuqdan donduğunu, nəfəs belə almadığını görür. O, çox böyük hüzn və kədərlə, qəlbi qırılmış halda cansız övladını imamzadədəki qulluqçuya verir və xahiş edir ki, qar bir az səhliyəndən, hava açılandan sonra onu dəfn etsin. Özü isə yoluna davam edir. Amma bir neçə fərsəx gedəndən sonra analıq hissi ona güc gəlir və o, yenidən Haşim imamzadəsinə qayıdır. Amma bu dəfə möcüzə ilə qarşılaşır, imamzadədəki xidmətçiyə səhəri gün dəfn etmək üçün tapşırdığı cansız cəsəd cana gəlmişdi. O, dərhal uşağı yedirməyə başlayır və beləliklə, Rza ölülər aləmindən yenidən həyata qayıdır. Nuşafərin xanımın Tehranda qardaşı vardı, o, onun yanında yaşayaraq Rzanı böyüdür. Od və ölümdən keçən Rza özü üçün bir dolanışıq yeri tapdıqdan sonra Nuşafərin xanım ikinci dəfə ərə gedərək qardaşının evini tərk edir. Nuşafərin xanımın ikinci izdivacdan övladı olmur, amma ikinci ərinin əvvəlki həyat yoldaşından Hədikcan adlı bir oğlu var idi. Bu oğlan Rza şahın ögey qardaşı olur. Hədikcan Atabay sonralar hərbi həkim oldu. Rza İranın yeni ordusunu yaradanda bu qardaşını ordunun dərman təchizatı idarəsinin rəisi təyin etdi və onun adını dəyişərək Hadi qoydu.
... Ümumiyyətlə, Rza əcaib-qəraib adlara qarşı çox həssas idi və insanları məcbur edirdi ki, adlarını dəyişərək münasib ad seçsinlər. Məsələn, onun hakimiyyəti dövründə bir dəftərxana müdiri var idi, çox namünasib ada sahib idi, səhv etmirəmsə, Rəhiməli Fəqih Yəsubi idi. Rza onun adını dəyişib Rəhim Heyrad qoydu. Beləliklə, Hədikcanın da adını Hadi ilə əvəz etdi. Başqa bir ögey qardaşının adı Nabatəli idi, onu da dəyişib sadəcə Əli qoydu.
...Nə isə, deyəsən, mövzudan çox uzaqlaşıram. Rza anasını çox sevirdi. Baxmayaraq ki, onun ikinci dəfə ərə getməsindən narazı idi. O deyirdi ki, heç vaxt atalığının üzünə baxmayıb, amma anasının da üzünə heç nəyi vurmurdu, mənə deyirdi ki, onun ərə getməyə haqqı vardı. Rza gəncliyində çox zəhmətlər çəkmişdi, özünün dediyi kimi, bir müddət misgər şagirdi olmuş, işi atəşxanaya hava üfürmək olmuşdu. Sonralar bir çox başqa işlərdə çalışmış, nəhayət, ingilis səfirliyində işə girmişdi. Burada vəzifəsi atları daramaq olmuşdu. Bundan sonra kazak divizionuna daxil olmuşdu. Məlum olduğu kimi, burada olarkən bizim ailə həyatımız yaranmışdı. Amma onu da deyim ki, Rza məndən əvvəl də evli olmuşdu. O, sadəcə olaraq uzun illər bunu məndən gizlətmişdi. Ancaq bir gün o, bir qızı özü ilə şəhər sarayına gətirdi və dedi ki, bu, mənim qızımdır. Bundan sonra hadisəni təfsilatı ilə mənə danışdı. Dedi ki, Həmədan dəstəsində xidmət edərkən Səfiyə adlı bir həmədanlı qadınla izdivaca girib və bu qız həmin izdivacdan doğulub. Mən o qadını heç vaxt görmədim. Rza hakimiyyətə gələnə qədər o qızı da görməmişdim, amma Rza səltənətə gəlib, güc toplayandan sonra bunu mənə danışdı və qızını da saraya gətirdi. Onun adı sadəcə Həmdəm idi, lakin Rza onu dəyişib Həmdəmüs-səltənə qoydu.
Rza hakimiyyətə gələndən sonra bu Hədikcan Atabay əslən türkmən olan atabay ailəsinin bütün üzvlərinin saraya ayağını açdı. Həmdəm Hədikcanla ailə qurandan sonra onlanrın üç övladı oldu: Amirza, Sirus, Simin. Simin Atabay bir amerikalı ilə аilə qurdu və Amerikaya getdi.
Rza büruzə verməsə də, hissiyyatsız deyildi, ailəsinə çox bağlı idi. Məhəmmədrzaya sözün həqiqi mənasında məhəbbət bəsləyirdi, onu gözlərinin giləsindən də çox istəyirdi. Lakin həqiqət budur ki, Rza Məhəmmədrza və Əşrəf doğulandan, ali baş komandan və ölkə padişahı kimi məsuliyyətləri artandan sonra bir həyat yoldaşı kimi mənə əvvəlki hərarət və məhəbbətlə yanaşmırdı. Sonrakı izdivaclar da hansısa qadına məhəbbətdən deyil, övladlarının sayını artırmaq məqsədilə yaranmışdı. Rza məndən sonra daha iki dəfə evləndi və bu dörd nigahdan 11 övladı oldu.
Rza ordu böyüyü olandan sonra həyatımız nisbətən yaxşılaşdı. O, xidmət işlərini görmək üçün evə bir nəfər qulluqçu gətirdi. Bu, Süleyman Behbudi adlı bir şəxs idi. Süleymanın vəzifəsi evə ərzaq almaq və yemək hazırlamaq idi. Az sonra Rza ordudan bir aşpaz da gətirdi və bu adam biş-düşlə məşğul olmağa başladı. Bu zaman mənim vaxtım ancaq Məhəmmədrza və Əşrəfə baxmağa çatırdı. Onların tərbiyəsində ciddiyyət göstərməyə çalışırdım. Rza artıq qoşun böyüyü də olsa, əvvəlki kimi bədxərcliyə yol vermirdi. Behbud əgər bir ay üçün nəzərdə tutulandan artıq pul xərcləyirdisə, onu bizim gözümüzün qabağında kötəkləyirdi. Bizə deyirdi ki, bu adamların üzünə gülməyin, xoş üz göstərsəniz dərhal sui-istifadə edəcəklər.
Əlirza 1301-ci ildə (1922-ci il) fərvərdin ayının 12-də (Fərvərdin İran və Əfqanıstanın rəsmi təqviminin ilk ayıdır, 31 gündən ibarət olur, Novruzla başlayır. Deyilən tarix martın təxminən 3-ə düşür-Tərcüməçilərdən) dünyaya gəldi. O, zahiri görünüşcə, xasiyyət və əxlaq baxımından eynən Rzanın özü idi. Bədəncə zəif olan Məhəmmədrzanın əksinə olaraq, o, yaxşı bədən quruluşuna malik idi. Mən həmişə fikirləşirdim ki, Məhəmmədrza və Əşrəf əkiz olduqları üçün belə zəifdirlər. Onlar bədəncə və sağlamlıq baxımından da öz yaşıdlarından xeyli geri qalırdılar. Yadımdadır, özü ucaboy və bədəncə möhkəm olan Rza Məhəmmədrzanı və Əşrəfi dizləri üstündə oturdanda mənə baxa-baxa (çünki mən də digər qadınlara nisbətdə cüssəli idim) zarafatla deyərdi: “Fil siçan doğub”.
Lakin Əlirza iribədənli uşaq idi və doğulanda çəki baxımından əvvəlki iki uşağın ağırlığında olmuşdu. Hər hansı mədəniyyətə, dinə, təriqətə mənsub olmasından asılı olmayaraq, dünyanın bütün anaları övladlarını eyni gözlə görür və ana qəlbində heç vaxt bir övladla digər övlad arasında fərq olmur.
Mən Məhəmmədrzanı, Əşrəfi, Şəmsi, Əlirzanı eyni dərəcədə sevirdim və necə deyərlər, övladlarıma aşiq idim. Məhəmmədrza sakit və utancaq idi. Əşrəf mehriban və emosianal olsa da, bir qədər tündxasiyyət idi, oğlanlara məxsus oyunlardan və hərəkətlərdən xoşu gəlirdi. Şəms aram, səbirli, fövqəladə mehriban və həssas idi. Əlirza özünə hədsiz inamlı və çox cəsarətli idi, o, qətiyyən qorxu nə olduğunu bilmirdi.
Birinci övladım 1296-cı (1917) şəmsi ilinin şaban ayının 4-də Həsənabad Xiyabanında yaşadığımız mənzildə dünyaya gəlmişdi. 1298-ci ilin (1919) şaban ayının 6-da (Şaban hicri-qəməri ayıdır, martda başlayıb apreldə bitir-Tərcüməçilərdən.) ikinci övladım da həmin mənzildə doğuldu. Şəms dünyaya gələndən sonra bir müddət müalicə olundum və 1301-ci ildə (1922) dördüncü dəfə (Əlirza) ana oldum. Təəssüf ki, Əlirzanı doğanda sağlamlığıma ciddi ziyan dəydi, üstümə bir fransalı qadın həkim gətirsələr də, vəziyyətim yüngülləşmədi və bundan sonra xeyli müddət qadınlıq xəstəliyindən əzab çəkdim. Rza hərbçi olduğundan, dünyada hərbdən başqa heç bir işi ciddi saymır və digər sənət sahiblərini qəbul eləmirdi. O, Məhəmmədrzanı hərbi mürəbbilərin rəhbərliyi altında təhsil alsın deyə 6 yaşda özünün Tehranda təsis etdiyi ibtidai hərbi məktəbə göndərdi. Az sonra Əlirzanı da ibtidai hərbi məktəbə yazdırdı.
Məhəmmədrza 6 il müddətində ibtidai hərbi məktəbdə oxuduqdan sonra təhsilinı davam etdirmək üçün İsveçrəyə göndərildi. Əlirza da Tehran İbtidai Hərbi Məktəbində 4-cü sinfə qədər təhsil alandan sonra qardaşının ardınca Lozanna (İsveçrə) göndərildi və 6 il müddətində orada qaldı. Sonradan Tehrana qayıdıb, orda hərbi məktəbə qəbul olundu və zabit şəhadətnaməsi aldı. Onu da vurğulamalıyam ki, Məhəmmədrza atasının cəbr və təzyiqi ilə hərbi məktəbə dözürdü, lakin Əlirza daxilən hərbi işə meyilli idi. O, İrana qayıdandan sonra könüllü şəkildə hərbi məktəbə gedərək ordu zabiti olmuşdu.
Əvvəldə qeyd etdiyim kimi, Əlirza uca boylu, xoş qiyafəli bir gənc idi. Rza onun üçün təkcə ata deyil, bir nümunə, bir büt idi. O, atasını pərəstiş ediləcək bir səviyyədə sevirdi. Mənim bu əziz oğlum 1333-cü şəmsi ilində bir “Dakota” təyyarəsi ilə uçarkən qəzaya düşmüş və təyyarə Tehran ətrafındakı dağlara çırpılarkən şirin canından olmuşdu. Bununla mən bədbəxtin sinəsinə ömürlük dağ çəkdi. O, öləndə 31 yaşın içində idi. Təəssüf ki, ciyərparamın bu ürəkparçalayan faciəli ölümündən sonra qeyri-insani şayiələr yaymağa başladılar, dedilər ki, Əlirza guya bir ailə sui-qəsdinin qurbanı olub. Onu Məhəmmədrza aradan götürüb.
Mən 1331-ci şəmsi ilindən bu günədək susmuşam, amma indi bəyan edirəm ki, Əlirzanın təyyarəsinin süqut tarixi 1330 və ondan sonrakı illərin siyasi hadisə və çaxnaşmaları ilə eyni vaxta düşdüyündən Pəhləvi ailəsinin düşmənləri və siyasətbazlar böyük oğlumu qardaş qətlində ittiham etməklə şah ailəsində çat yaradıb, Məhəmmədrzanı bədnam etmək istəyirdilər. Mən şəhadət verirəm ki, Məhəmmədrza ilə Əlirza arasında heç bir ixtilaf olmayıb, əslində həmin illərdə Məhəmmədrza səltənəti buraxıb, həyat yoldaşının əlindən tutaraq, məmləkəti tərk etmək üçün fürsət gəzirdi. Xüsusilə də 1330-cu ildən sonra Məhəmmədrza Sürəyya ilə Amerikaya gedərək orada fermerliklə məşğul olmaq və siyasət dünyasından birdəfəlik uzaqlaşmaq arzusunda idi. Belə bir vaxtda yalnız Əlirza onu qalmağa və müqavimət göstərməyə təşviq edirdi.
Biz hakimiyyətin bir neçə dəfə təhlükə ilə üzləşdiyi 1330-cu ildən sonra Məhəmmədrzanın müxalif siyasətçilərin gündən-günə artan təzyiqlərinin qarşısında yorğunluq və acizlik göstərdiyini görüb, Əlirzaya təklif etdik ki, Məhəmmədrzanın canişini olsun. Amma Əlirza qətiyyətlə imtina etdi.
Hətta iş o yerə çatdı ki, İngiltərənin səfiri Əlirzaya qardaşının yerinə hakimiyyətə hazır olmağı təklif edəndə o, çox acıqlı şəkildə ona cavab verdi və iki ayağını bir başmağa dirəyərək qardaşının hakimiyyət başında qalmasında israr etdi.
Əlirzanın Gürganda irsən atasından ona keçən bir əkinçilik təsərrüfatı var idi. 1333-cü ilin şaban ayının 6-da gecə öz təsərrüfatına baş çəkib qayıdanda qəzaya düşmüşdü. Mən hətta ölsəm də, Əlirzanın xatirəsi ürəyimdən silinməyəcək. Əlirza Parisdə Kristina adlı bir polyak qadınla izdivaca girmişdi, bu izdivacdan Əli adlı əziz nəvəm dünyaya gəlib və həmin uşaq əziz Əlirzamın yeganə yadigarıdır.
Əlirza doğulandan sonra mənimlə Rza arasında ər-arvadlıq əlaqəsi soyudu. Əlbəttə, Rza mənə son dərəcə ehtiram göstərir, heç bir cəhətdən diqqətini azaltmırdı. Hətta Turan Əmirsüleymani (Qulamrzanın anası) ilə evlənmək istəyəndə məndən icazə aldı və and içdi ki, əgər mən icazə verməsəm, o, yenidən izdivaca girməyəcək. Mən kəmali-ədəb və razılıqla ona dedim ki, arvad ala bilər. Əvvəla, mən bilirdim ki, Rza uşaqları sevir və mən daha onun üçün uşaq doğa bilmyəcəyəm. İkincısi, Rza şah indi sonsuz qüdrət sahibi idi, istədiyi işi görə bilərdi. Buna görə də onun təvazökarlığını qiymətləndirməli idim. O, mənə ehtiram göstərib icazə istəyirdisə, mən bu icazəni verməli idim. Rza 1306-cı şəmsi ilində Qacarlar ailəsindən olan Turan Əmirsüleymanı adlı bir qızla kəbin kəsdirdi. Bu qız özündən çox razı və yelbeyin idi. Rza ilə izdivaca könül xoşluğu ilə razılıq versə də, Qulamrza dünyaya gələndən sonra narazılıq yaratmağa başladı. Onun məqsədi Rzanı öz təsiri altına salaraq məni uzaqlaşmağa məcbur etmək və İranın kraliçası olmaq idi. Turan adam içində təkcə bizə qarşı sayğısızlıq etmirdi, Rzanın özünü də onun ailəsinə məxsus olan tacı-taxtı qəsb edən birisi hesab edirdi. O, harada otururdusa, bir yozum verib hücuma keçirdi.
Rza bu xudpəsənd qadına dözə bilmədi, Qulamrza doğulandan sonra onun talağını verib, öz işinin ardınca göndərdi. Bundan bir neçə il sonra isə o, Fətəli şahın nəvəsi Mücəllədövlənin qızı İsmət Dövlətşahla nikah kəsdirdi: yəni yenə də Qacar ailəsindən qız aldı
(Şərh - Rza şah Banu İsməti çox sevirdi, onun qarşısında təslim olmuşdu. Buna görə də yaxınları deyirdilər ki, Rza şah Qacariyyəyə (Qacarlar sülaləsinə) qalib gəlsə də, Qacar ailəsindən bir qadın ona üstün gəldi).
... Rzanın bu qadından dörd oğlu və bir qızı oldu: Əhmədrza, Əbdürrza, Həmidrza, Mahmudrza və Fatimə. İsmət yavaş-yavaş İsmət ül-Mülük kimi məşhurlaşmağa başladı. O, ərini əsir etmək yolunu yaxşı bilirdi; onu şəxsən özü hamama араrıг, mahir bir hamamçı kimi onu kisələyir və masaj edirdi. Çox sadə bir həqiqəti deyim ki, heç bir qadının günüsünü görməyə gözü olmur. Buna görə də məni həsəddən bu cür sözlər danışmaqda ittiham etməyin. Mənim də bütün qadınlar kimi günümdən xoşum gəlmirdi, amma başqa yolum da yox idi, ərimin razılığı xatirinə üzə gülməyə və şəraitə dözməyə məcbur idim. Lakin and içirəm ki, Rzanı sevdiyim üçün onun bütün uşaqlarını öz balalarım kimi sevirdim. Rzanın uşaqları da məni öz doğma anaları kimi sevir və bizim aramızda çox səmimi əlaqələr yaranmışdı.
İsmət uşaqların tərbiyəsinə çox da diqqət yetirmirdi. Onlar küçə və bazar adamlarının dilini öyrənərək, şahənşah sarayına vulqar ifadələr gətirmişdilər. Məsələn, onların dilindən belə ifadələr cari olurdu: Ze ki..! Ze kise... və s.! Onlar olduqca vulqar səslənən çarvadarlıq kəlmələrini də əzbərləmişdilər. Qeyd etmək lazımdır ki, Rza həvəsbaz və qadınlarla işrətə meyl edən kişilərdən deyildi. Mənə dəfələrlə demişdi ki, əgər daha çox övlad istəməsəydim, səndən sonra heç vaxt evlənməzdim. Turanla və daha sonra İsmətlə nikahdan sonra bizim münasibətlərimiz sadəcə dostluq münasibətinə çevrilmişdi. O, Turanla evli olanda məni “Məhəmmədrzanın anası” deyə çağırır, əvvəlki kimi daha “Tad” və ya “Tacmah” demirdi. Hər gün bir dəfə, bəzən isə iki dəfə (bir dəfə səhər saat 9 radələrində, bir dəfə də axşam saat 6-ya yaxın) mənim ardımca gəlir, bir qədər salonda var-gəl edir, hal-əhval tutur, mənim vəziyyətimdən arxayın olandan sonra oranı tərk edirdi. Elə xəyal etməyin ki, bundan sonra İsmətin yanına gedirdi! Xeyr! Rza hətta təzəcə izdivaca daxil olduğumuz vaxtlarda belə yerini özü salıb tək yatmağa adət eləmişdi.
İsmət vəfasız qadın oldu. Rza Moris adasına sürgün ediləndə İsməti də özü ilə apardı. Amma İsmət vəfasızlıq etdi, bir-iki aydan sonra onu atıb İrana qayıtdı.
Əlbəttə, hər bir kişi həyat yoldaşı seçməli, hər bir qız da ərə getməlidir. Bu təbii və məcburi qaydadan çox az adam yan keçə bilər. Bəzi məsələlərdə hakim ailədən olan bir şəxslə cəmiyyətin aşağı təbəqəsindən olan insan arasında fərq olmur. Bu, izdivac və ölüm məsələsidir, insanların zadəganlıq və sultanlıq mövqeyi də onların ailə xoşbəxtliyinə zəmanət vermir və ya onların ölümünü gecikdirə bilmir.
Mən şəxsən bəzi məsələlərdə taleyə inanıram. Siz özünüz fikirləşin, necə olur ki, Rza adlı sadə bir əsgər atamın komandanlığı altına düşür, ruzigarın oyunu nəticəsində mənim yoluma çıxır və biz nikah bağlayırıq. Rza da mənim kimi taleyin əcaib oyunundan və qəzavü qədərdən keçmişdi. Südəmər vaxtı anası onun soyuqdəymədən öldüyünü güman edib torpağa tapşırmaq üçün Haşim İmamzadəsinin xidmətçisinə vermişdi. Əgər ana geri qayıtmaq və körpəni götürmək fikrinə düşməsəydi, nə baş verəcəkdi?!
Yaxud İsmayıl xanla bağlı əhvalat... Rza ordunun baş komandanı olan vaxt sərhəd qüvvələrini yoxlamaq üçün Azərbaycana və Türkiyə sərhədlərinə gedir. O, mühafizəsiz qalanda qatı düşməni İsmayıl xan Səmitqu və onun tüfəngçiləri ilə qarşılaşır. İsmayıl xan bir anda Rzanın başını üzə və canını ala bilərdi, amma o, bu işi görmədi, sonradan Rza onun canını aldı. Özü dəfələrlə mənə demişdi ki, hər insanın bir taleyi olur, onu dəyişmək mümkün deyil. Hətta taxt-taca yiyələnəndə də bunun taleyin oyunu olduğunu demişdi.
(Şərh - Əlbəttə, əgər mirpənc Rza xanı iş başına gətirən ingilis istismarının xəyanət və sui-qəsdlərini təqdir hesab etsək!)
(Davamı var)
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
28 11 2024
28 11 2024
28 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024