Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel (22-08-2020, 23:33)
Ərdoğanın azərbaycanlı ustadı: Türkiyəni dəyişən şeyx

 Türkiyə Cümhuriyyət quruculuğuna böyük dövlət adamları bəxş etmiş Azərbaycan türklərinin bu nümayəndəsi XX əsrin böyük islam alimlərindən hesab olunur. Onu “Türkiyənin ən böyük universiteti” adlandırırlar. Hazırkı Türkiyə Cümhuriyyətinin siyasi elitasının, o cümlədən Türkiyə Prezidenti Ərdoğanın da ustadı sayılan Azərbaycan əsilli Nəqşibəndi şeyxi Məhəmməd Zahid Kotku kimdir?
Türkiyə mənbələrində əsasən “Qafqaz köçməni” kimi yaddaşlara həkk olunan Nəqşibəndi şeyxi Məhəmməd Zahid əfəndi Azərbaycanın qədim mədəniyyət və ticarət mərkəzlərindən olan Şəki şəhərindən (1877-1878 Osmanlı-rus savaşından sonra) Türkiyəyə köç etmiş İbrahim Əfəndinin oğludur. Atası İbrahim Əfəndinin Türkiyəyə köç edərkən 16 yaşı var idi. İbrahim Əfəndi Bursada, Həmzəbəy mədrəsəsində təhsil aldıqdan sonra müxtəlif məscidlərdə imamlıq edib. Məhəmməd Zahid 3 yaşında olarkən (1900-cu ildə) anası Sabirə xanım vəfat edib. Bu səbəbdən atası İbrahim Əfəndi Dağıstandan Anadoluya köçmüş Fatma xanımla evlənib. Atası İbrahim Əfəndi 1929-cu ildə 76 yaşında dünyasını dəyişib. Məhəmməd Zahidin böyük qardaşı Əhməd Şakir Qüdsdə və Çanaqqalada döyüşlərə qatılıb və 28 yaşında vəfat edib. Özündən balaca qardaşı isə bir neçə aylıq uşaq ikən dünyasını dəyişib.
Savaş mücahidi
Məhəmməd Zahid 1897-ci ildə Bursada dünyaya gəlib. İlk təhsilini Bursada Orucbəy adına məktəbdə alan Məhəmməd Zahid daha sonra Maksəmdə məktəbi bitirib. Ardından Bursa İncəsənət Məktəbinə qəbul olunsa da, I Dünya müharibəsinin başlanması ilə 18 yaşında cəbhəyə yollanıb, təhlükəli döyüşlərdə iştirak edib. Osmanlı ordusunun Suriyadan çəkilməsindən sonra böyük bir əziyyətlə İstanbula gələrək 1914-cü ilin iyul ayından etibarən 25-ci hərbi hissədə katib vəzifəsində işləyərək əsgərliyinə davam edib. İstanbulda qaldığı müddətdə müxtəlif dini məclislərdə, xüsusi dərslərdə və məscidlərdəki xütbələrdə iştirak edib. 1915-ci ildə İstanbulda, Gümüşxanəevi dərgahına gedərək dağıstanlı Şeyx Ömər Ziyaəddindən dərs alıb.
Gümüşxanəevi təkkəsinin şeyxi Ömər Ziyaəddin Dağıstanlı kimdir?
Ziyaəddin Dağıstanlı son dövr Osmanlı alim və valilərindəndir. 1849-cu ildə Dağıstanda, Çerkaya bölgəsinin Miatlı kəndində doğulub. Gəncliyində Şeyx Şamil və onun oğlu Qazi Məhəmmədin dəstəsində ruslara qarşı illərcə cihadda iştirak edib. Sonra İstanbula gəlib, təhsilini tamamlayıb. Bundan sonra Gümüşxanəli Əhməd Ziyaəddin Əfəndinin dərgahının üçüncü xəlifəsi olaraq irşad vəzifəsinə gətirilib. Həyatının sonuna qədər bu vəzifədə qalıb. Şeyxülislamlıq təklif edilsə də, qəbul etməyib. Ərəb, fars, rus, ləzgi dillərini, Orta Asiya türk xalqlarının şivələrini bilirdi. 1921-ci ildə İstanbulda vəfat edib. Qəbri Süleymaniyyə Camisinin hazirəsindədir.
Məhəmməd Zahid Əfəndi Şeyxin vəfatından sonra onun yerinə keçən Təkirdağlı Mustafa Feyzinin dini məclislərinə davam edib və təsəvvüf yolunda təhsilini tamamlayıb icazət alıb. Daha sonra Bəyazid, Fateh və Aya Sofya məscidlərində oxuyub, Quranı əzbərləyib. Bir müddət sonra şeyxin razılığı ilə müxtəlif qəsəbə və kəndlərdə din müəllimi kimi işləməyə başlayıb.
Məhəmməd Zahid Əfəndi Kotku oldu
Türkiyə Cümhuriyyətinin Prezidenti Qazi Mustafa Kamal Atatürkün 21 iyun 1934-cü il tarixdə qəbul etdiyi “Soyad” Qanununa əsasən, şəkili İbrahim Əfəndinin oğlu Məhəmməd Zahid Kotku soyadını götürüb. Kotkunun mənası “təvazökar” anlamına gəlir.
1929-cu ildə anadan olduğu Bursa şəhərinə qayıdan Məhəmməd Zahid Kotku 15 il boyunca atasının imam olduğu İzvat kəndinin məscidində imamlıq edib. Ardından Bursa şəhər mərkəzindəki Uftadə Məscidinə imam seçilib və 1945-1952-ci illərdə həmin vəzifədə çalışıb. 1952-ci ilin dekabr ayında İstanbula gələn Məhəmməd Zahid Kotku Fateh qəsəbəsindəki Çivizadə məscidinə imam təyin olunub. 1958-ci ilin oktyabr ayından ömrünün sonunadək Fateh qəsəbəsindəki İsgəndər Paşa məscidinin imamı vəzifəsini icra edib.
Ömrünün son illərini xəstəlikdən əziyyət çəkən Məhəmməd Zahid Kotku 1979-cu ildə uzun müddət yaşamaq üçün Hicaza (Ərəb yarımadası) getsə də, 1980-ci ilin fevralında səhhətində yaranmış ağırlaşma ilə əlaqədar qayıtmaq məcburiyyətində qalıb. 7 mart 1980-ci ildə mədəsindən ağır bir əməliyyat keçirib, tədricən yaxşılaşıb və həmin ilin Ramazan oruclarını bütün ay boyunca tutub. Həcc mövsümündə isə yenidən Hicaza qayıdıb. Həccdən döndükdən sonra yenə xəstələnib, 1980-ci il noyabrın 6-da böyük çətinliklə İstanbula qayıdıb, bir həftə sonra, noyabrın 13-də vəfat edib. İstanbulda, Süleymaniyyə məscidinin qəbiristanlığında, müəllimlərinin yanında dəfn olunub.
Elmi irsi, şəxsi keyfiyyətləri
Məhəmməd Zahid Kotkunun xütbələri onun elmi irsinin ən vacib komponentlərindən hesab olunur. Beş cildlik “Təsəvvüfi Əxlaq” adlı əsəri ilə bərabər “Dua Məcmuəsi”, “Cənnət Yolları” və “Möminlərə Moizələr” adlı əsərləri var.
Şəxsi keyfiyyətlərinə gəlincə, Məhəmməd Zahid Kotku gülərüzlü, şəfqətli, təvazökar bir şəxs kimi xarakterizə edilir. Heç kimin qəlbini qırmaz, dəqiq bildiyi bir məlumatı belə ilk dəfə eşidirmiş kimi böyük həvəslə dinləyərmiş. Söhbətləri xoş, xütbələri çox həyəcanlı keçərmiş. Tanıyıb-tanımadığı adamlara salam verərmiş. Heç kimdən birbaşa bir şey istəməz, üstüörtülü ifadə edərmiş. Gecə və gündüz ibadətlərini diqqətlə yerinə yetirər, tələbələrinə də məsləhət görərmiş.
Məhəmməd Zahid Kotku ömrünün sonuna qədər türk siyasətinə yön verən şəxsiyyətlərdən biri olmuşdu. O, heç vaxt Türkiyənin mədəni, iqtisadi və siyasi problemlərinə biganə qalmayıb. Müsəlmanların güclü ola bilmələri üçün mütləq sənayeləşməyə ehtiyac olduğunu hər söhbətində söyləyirdi. “Bu qapının önündəki əcnəbi istehsalı olan avtomobillər məni narahat edir. O avtomobillərin yerinə fabriklər, zavodlar inşa olunsa və vətəndaşlarımıza iş imkanları yaradılsaydı, əcnəbilərin köləsi olmazdıq” deyirdi.
Məhəmməd Zahid Kotkunun söhbətlərində iştirak edən və onun məclislərində feyziyab olan türk siyasətçiləri, bürokratları, millət vəkilləri vardı. Bunlar içində Türkiyənin 8-ci prezidenti Turqut Özal, 9-cu prezidenti Süleyman Dəmirəl, keşmiş baş nazir Nəcməddin Ərbakan, keçmiş nazirlərdən Qorqud Özal, Hüsnü Doğan, Həsən Aksay kimi siyasətçilərin adlarını çəkmək olar. Məhəmməd Zahid Kotkunun onlar üzərində böyük təsir gücü olub. O, Turqut Özalın da olduğu bir məclisdə yanındakılara belə demişdi: “Bu mühəndislərə kömək edin. Bunlar irəlidə Türkiyəni dəyişdirəcək, inkişaf etdirəcəklər”.
Turqut Özalın ustadı və sənayeləşmənin təbliğatçısı
Türkiyənin prezidenti olmuş Turqut Ozalın qardaşı Qorqud Özal qeyd edirdi: “Turqut bəy Məhməd Zahid Kotkunun tələbəsi olmuşdu. Tanışlıqları 1960-cı illərdən başlayırdı. Çox yaxın münasibətləri vardı”.
Türkiyənin yerli mühərrik fabrikinin qurulmasının təbliğ edən bir şeyx düşünəndə cəmiyyətdə yaradılmış “din adamı” obrazını dağıdan Məhəmməd Zahid Kotku gəlir gözlər önünə.
1956-cı ildə xütbədəykən “evdə əlimə iynə qutusu aldım, yad adam kimi baxdım… Daha iynə düzəldə bilməyəcəyikmi?” deməsindən sonra cammat hərəkətə keçmiş və Nəcməddin Ərbakanın liderliyində sonradan adı “Pancar Motora” olacaq Gümüş Motor Fabriki qurulmuşdu. Gümüş adı M.Z.Kotkunun dərs aldığı Gümüşxanevi Təkkəsindən götürülmüşdü.
Türkiyənin iqtisadi asılılığının mədəni asılılığa səbəb olacağını vurğulayan M.Z.Kotku mədəni asılılığın ağlagəlməz deqredasiyaya səbəb olacağını söyləyirdi. Qərbin əsarətindən qurtarmaq üçün müsəlmanların birləşməsini söyləyirdi. “Təşəbbüslər şirkətləşərək həyata keçirilərsə, daha uzunmüddətli, daha güclü və daha gözəl olar”, - deyirdi.
Professor Nazif Gürdoğan “Görünməyən Universitet” adlı kitabında aşağıdakıları qeyd edir:
“Dəyərli ustad ölkənin Osmanlıdan Türkiyə Cümhuriyyətinə keçməsinin canlı şahidi idi. Bir çox problemləri açıqca görürdü. Türkiyənin istehsalatda geri olduğunu söyləyirdi. Türkiyənin sənaye ölkəsinə çevrilməsinin labüdlüyünü anladırdı. Anadolu insanına böyük düşünməyi o öyrətmişdi”.
Türk siyasətinin mühüm simalarından Nəcməddin Ərbakanın da Məhəmməd Zahid Kotku ilə yaxın dostluq əlaqələri vardı. Ərbakan onu çox sevir, dərin hörmət göstərirmiş.
1980-ci ildə Türkiyədə hərbi çevrilişdən sonra Nəcməddin Ərbakan həbsə atılmışdı. O günlərdə Məhəmməd Zahid ağır xəstə idi. Hocanın vəfat etdiyini duyan Ərbakan səssiz gözyaşlarına qərq olmuşdu. Hocanın cənazə mərasimində iştirak etməsi üçün həbsxana müdiriyyətindən icazə istəmiş, fəqət qəbul olunmamışdı. Bu, Ərbakanı daha da üzmüş və hönkürtü ilə ağlamışdı.
Türkiyənin ictimai-siyasi həyatında dərin izləri olan böyük İslam alimi Məhəmməd Zahid Kotkunun xatirəsi bu gün də ehtiramla yad olunur. Hər il onu anma mərasimləri, xatirə gecələri keçirilir. Ümumiyyətlə baxdıqda bir sıra dini təriqətlərin mövcud olduğu Türkiyədə Məhəmməd Zahid Kotku yolu bu gün də türk siyasətində özünü açıq şəkildə hiss etdirməkdədir.
Məhəmməd Zahid Kotkunun vəfatında bir həftə öncə, Həccdən dönərkən Mədinədə söylədiyi bu sözlər - “Dünyada hər şey boş, pul da boş, kitab da boş, dərvişlik də boş, şöhrət də boş. Mühüm olan yaxşı bir qul ola bilməkdir. İnsan bunu səksən yaşından sonra anlayır. Nə dərvişlik, nə şeyxlikdə iş var. İş - Allahın rızasını qazana bilməkdədir. İş - Allaha sevgili qul ola bilməkdədir” - hər kəsi həyəcanlandırmış və düşünməyə sövq etmişdi.
“Sevda Quşun Qanadında” kinosunda 1968-1970-ci illərdə Türkiyədə baş verən ictimai-sosial-mədəni hadisələri sevgi hekayələri fonunda verən ssenari müəllifi o dövrün epoxasını canlandırmağa çalışır. Filmdə eyni zamanda bugünkü iqtidarın fikir ataları - Məhəmməd Zahid Kotku, Sami Əfəndi, Nəcib Fazil Qısakürək, Sezai Karakoç, Cəmil Meriç, Şule Yüksel Şenler və Nəcməddin Ərbakan kimi böyük siyasət və fikir adamları ilə bərabər cammaat liderlərinin də fəaliyyəti öz əksini tapıb.
Ərdoğan 2013-cü ildə Zahid Kotkunun məzarı üstündə Quran oxuyub.шаблоны для dle 11.2

Xəbər lenti
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024