Karusel (11-11-2016, 11:15)
Respublika Veteranlar Təşkilatında Cəlil Xəliov müəmması: bir “təkzib”in izi ilə…
Son günlər Azərbaycan Respublikasının Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq-mühafizə Orqanları Veteranları Şurası ilə bağlı saytımızda yazılar dərc olunur.
Mediatv.az: Bu qurumda baş verənlərlə bağlı cumhuriyyet.az olaraq bizə daxil olan məlumatları oxuculara təqdim etmişik. Son olaraq “Polkovnik generala qarşı: Qarabağ veteranları etiraz edir” başlıqlı yazımız ciddi rezonans doğurmuş və həm adı çəkilən qurum, həm də veteranlar tərəfindən məsələyə reaksiya bildirilmişdir.
Oxuculara məlum olsun deyə bir daha xatırladaq ki, sözügedən yazılarımızda Azərbaycan Respublikasının Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq-mühafizə Orqanları Veteranları Şurasında rəhbər dəyişikliyinə hazırlıq getdiyini, Şuranın hazırki sədri sabiq müdafiə naziri, general-mayor Dadaş Rzayevin səhhətində problemlər yarandığından sədr müavini ehtiyyatda olan polkovnik Cəlil Xəlilovun bu post uğrunda təbliğat apardığını bildirmişdik. Məsələ ilə bağlı cumhuriyyet.az olaraq qarşı tərəfin mövqeyini də verməyə hazır olduğumuzu açıqlamışdıq. eləliklə KİV haqqında Qanuna uyğun olaraq yazılan məlumatlarla bağlı
Qarşı tərəf
olaraq redaksiyamızın elektron poçtuna göndərilən məktubu olduğu kimi diqqətinizə çatdırırıq:
“Respublika Veteranlar Təşkilatının İctimaiyyətlə əlaqələr şöbəsinin məlumatı
Bir neçə gündür ki, ölkənin bəzi saytları və xəbər portalları, əsasən cumhuriyyet.az, anaxeber.az, aztoday.az, xalqxeber.az və digərləri Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında bəzi qüvvələrin, sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilovun təhriki ilə bu təşkilatın rəhbərliyinin dəyişdirilməsinə çalışdığı, Qarabağ, Böyük Vətən və Əfqanıstan müharibələri veteranlarının buna kəskin etiraz etdikləri barədə hansısa naməlum mənbəyə istinadən yalan məlumatlar yayırlar.
Respublika Veteranlar Təşkilatı bu məlumatların yalan və böhtan xarakteri daşıdığını, Dadaş Rzayevin səhətinin hazırda normal olduğunu və sədrin yaxın günlərdə işə çıxacağını bəyan etməklə, elektron KİV nümayəndələrini dəqiqləşdirilməmiş informasiyaları tirajlamaqdan uzaq olmağa çağırır.
Əsassız xəbərləri yayanların qeyri-peşəkarlığını, hərbi sahə barədə məlumatsızlıqlarını göstərən faktları (Sərhəd Qoşunları və Milli Təhlükəsizlik Nazirliyinin hərbi hissələri Azərbaycan Respublikası Silahlı Qüvvələrinin tərkibinə daxildir) bir kənara qoysaq, C.Xəlilovun Qarabağ və Əfqanıstan müharibələri veteranı olması faktının bilərəkdən gizlədilməsinin yalnız qərəzdən qaynaqlandığını demək olar. Nə əcəb istinad edilən “daxili mənbə” Respublika Veteranlar Təşkilatının veteran.az saytında neçə aylardan bəri yerləşdirilmiş həmin məlumatdan xəbərsizdir? Sərhəd Qoşunları və Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları, yaxud veteranları barədə məlumatların açıqlaması praktikasına və onların digər hərbi qurumlardan fərqinə gəlincə, bunun da xüsusi bilik tələb etdiyini düşünmürük.
Digər tərəfdən, Azərbaycan Respublikası Sərhəd Qoşunları Komandanının şəxsi heyətlə iş üzrə müavini vəzifəsində xidmət etmiş bir şəxsin barəsində “Milli Ordu sıralarında olmamış” ifadəsi işlədilməsi özünü jurnalist adlandıran şəxslərin nəinki məlumatlılıq və peşəkarlıq, hətta ümumi “səviyyə”sindən xəbər verir. C.Xəlilovun Əfqanıstan müharibəsi veteranı olması faktının dəqiqləşdirilməsi üçünsə, müəlliflərə keçmiş SSRİ, hazırkı Rusiya Federasiyası Uzaq Şərq Dairəsi Sərhəd Qoşunlarının komanlanlığına müraciət ünvanlamalarını tövsiyə edərdik.
Böhtan və yalanları tirajlayanlar vaxtında Təşkilata müraciət etsəydilər, nəinki həmin məlumatların əsassız olduğunu, hətta sədr müavininin qeyd edilən fəaliyyətlərə qarşı barışmaz mövqe tutduğunu yəqinləşdirərdilər. Biz bu barədə təfərrüata varmadan yalnız onu qeyd etməyi vacib bilirik ki, Respublika Veteranlar Təşkilatı ətrafında əsassız şayiələr yayanlar hansı məqsəd daşımaqlarından asılı olmayaraq, gələcəkdə də ifşa olunacaq və Təşkilatın son vaxtlar ictimaiyyət tərəfindən yüksək qiymətləndirilən fəaliyyətinə kölgə sala bilməyəcəklər.
Biz məhkəmə perspektivi olan bu qarayaxmalara veteran dözümü ilə yanaşmaqla, həmin sayt və xəbər portallarının həm Təşkilat, həm də onun rəhbərlərindən biri barəsində yaydıqları yalan məlumatlarla əlaqədar təkzib verəcəklərinə inanırıq.
Həmçinin bildiririk ki, Respublika Veteranlar Təşkilatı öz fəaliyyəti, yaxud ona aidiyyatı olan istənilən məsələ ilə bağlı mediaya daim açıqdır və biz ölkə KİV-ni və onun nümayəndələrini özümüzə ən yaxın həmkarlar hesab edirik”.
Beləliklə Respublika Veteranlar Təşkilatı tərəfindən göndərilən mövqe bundan ibarətdir. Amma yenədə bizə aydın olmadı ki, bu yazıanları
Məlumat, təkzib, ya təbliğ
mətni hesab edək. Çünki yuxarıdakı məktubda hörmətli generalımızın səhhətindəki problem təkzib olunmur, əksinə ” sədrin yaxın günlərdə işə çıxacağı” ifadəsi ilə D.Rzayevin hazırda öz vəzifəsini icra etməməsi təsdiqlənir. Digər tərəfdən bu mətndə bizim anons etdiyimiz və yeni sədr seçkisi gözlənilən toplantı ilə bağlı heç bir fikir yoxdur. Qurum ya bu faktı ört-basdır edir, ya da artıq planlaşdırılmış ssenarinin bir neçə gün sonra reallaşacağından ehtiyyatlanaraq təkzib etməkdən çəkinib. Mətndə media xəbərinə qarşı “veteran dözümü”nə rəğmən haqqımızda işlədilən “özünü jurnalist adlandıran”, “qeyriöpeşəkar”, “səviyyəsiz” və bu kimi ifadələr haqda heç bir şərh vermədən Azərbaycan Respublikasının Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq-mühafizə Orqanları Veteranları Şurasınınıın sədri olmaq istəyini iddia etdiyimiz Cəlil Xəlilovun açıq təbliği(?) ilə bağlı nəticəni də oxucuların öhdəsinə buraxırıq.
Amma yazdıqlarımızın yalan, ya doğru olması haqda tam təəssürat olsun deyə cumhuriyyet.az olaraq apardığımız araşdırmalardan, bilgili şəxslərin bəzilərinin mövqeyindən kiçik ştrixləri diqqətinizə çatdırmağı da vacib bildik. Beləliklə,
Veteranlar nə düşünür?
Bizə göndərilən mətndə C.Xəlilovun Əfqanıstan müharibəsində iştirak edib etməməsi ilə bağlı məlumat üçün “keçmiş SSRİ, hazırkı Rusiya Federasiyası Uzaq Şərq Dairəsi Sərhəd Qoşunlarının komanlanlığına müraciət etməyimiz” tövsiyyə olunur. Biz xarici ölkənin, yad dildə danışan zabitlərindənsə öz vətəndaşlarımızın mözqeyinə, məlumatına üstünlük verdik. Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinin sədri Məhəmməd Vəliyev cumhuriyyet.az-a açıqlamasında C.Xəlilovun Əfqanıstan döyüşlərində iştirakı ilə bağlı hər hansı bir məlumata malik olmadığını, belə bir fakta rast gəlmədiyini və Əfqanıstan müharibəsi veteranı olan soydaşlarımızdan kimsənin də onun bu müharibədə iştirakının şahidi olmadığını bildirdi. Yeri gəlmişkən, digər bir mənbədən aldığımız məlumata görə C.Xəlilov Əfqanıstan müharibəsi dövründə Sovet-Əfqan sərhəddinin Tacikistan hissəsində sərhədçi kimi xidmət keçmiş və açıq döyüşlərdə iştirak etməmişdir.
Qarabağ müharibəsində iştiraka gəldikdə isə, bildirək ki, göndərilən mətndə əlslində bizim mənbəmizin məlumatı təsdiq edilmişdir. Biz də yazımızda göstərmişdik ki, C.Xəlilov 1987-2012-ci illərdə Sərhəd Qoşunları və Milli Təhlükəsizlik Nazirliyində müxtəlif rəhbər vəzifələrdə, o cümlədən Azərbaycan Respublikası Sərhəd Qoşunları Komandanının şəxsi heyətlə iş üzrə müavini vəzifəsində xidmət etmişdir. Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin sədri Füzuli Rzaquliyev cumhuriyyet.az-a açıqlamasında C.Xəlilovun Qarabağ savaşında iştirakından məlumatsız olduğunu bildirdi: “Döyüşdə iştirak edənin döyüş yoldaşı olar, hansı döyüşlərdə iştirak etdiyi bilinər. Mən bu vaxta qədər belə bir fakta rast gəlməmişəm. Nə də tanıdığım qarabağ veteranlarından kimsə bunu bildirməyib”.
Yeri gəlmişkən, məsələ ilə bağlı araşdırmalarımız zamanı həmsöhbət olduğumuz Veteranlarla bağlı təşkilat rəhbərlərinin əksərinin mövqeyi yekdil oldu: “General Dadaş Rzayevə şəfa diləyirik. Onun bu vəzifəni davam etdirməsini hər birimiz istərdik. Yox əgər Şurada sədr dəyişikliyi zəruridirsə bu posta layiq generallarımız var. Bəyəm ehtiyyatda olan generallarımız tükənib ki, polkovnikin namizədliyi verilir?”
Mövzunu davam etdirəcəyik…