Karusel (2-11-2016, 17:31)
Daha bir orta məktəbdə rüşvət qalmaqalı
Bakı şəhər sakini Ramilə Məmmədova Xətai rayonunda yerləşən 116 saylı orta məktəbdə valideynlərdən müxtəlif adlar altında pul tələb olunduğundan şikayətçidir.
Mediatv.az xəbər verir ki, R.Məmmədova “Qafqazinfo”ya müraciət edərək bildirib ki, iki qızının təhsil aldığı həmin məktəbdə tələb olunan pulu vermədiyi üçün övladları müəllim tərəfindən alçaldılıb: “Qızlarım həmin məktəbdə 1-ci və 3-cü sinifdə oxuyur. Xırda müəllimə və Kunzala müəllimə direktor Aidə Seyidovanın tapşırığı ilə bizdən müxtəlif bəhanələrlə pul tələb edir. Summativ testlərin aparılması üçün ötən il 1 uşaq üçün 27 manat alınırdısa, bu il hər uşaq üçün 36 manat istəyirlər.
Bundan başqa sinif üzrə 20 manat qəzet pulu, hər ay 10 manat süpürgəçi pulu toplanılır. Həmçinin, məktəbin psixoloqu Gülnarə xanım da bizdən 500 ədəd “A4” kağız tələb edir. Deyir ki, həmin vərəqlərə uşaqlarımızın psixoloji durumunu yazır və hətta o vərəqlər buna kifayət etmir”.
R.Məmmədova qeyd edib ki, bu məbləğlər onlardan valideyn iclaslarında tələb olunur: “O iclaslar ancaq pul yığmaq üçündür. Bu günə kimi bir dəfə də olsun, valideyn iclaslarında bizim uşaqlarımızın davranışları, təhsili haqda heç nə danışılmayıb. Aidə Seyidova ibtidai sinifi bitirib 5-ci sinifə keçən uşaqların valideynlərinin hər birindən 30-50 manat alaraq, onlara yaxşı müəllimlər təyin edir.
O, valideyn iclasında çıxış edib dedi ki, dövlət bu işlər üçün bizə pul ayırmır, ona görə də valideynlərdən yığırıq. Bunlar hamısı səs yazısında var. Mən də ona dəfələrlə demişəm ki, artıq bu pulları vermək imkanım yoxdur. Buna görə də summativ imtahan üçün pul vermədim, xahiş etdim ki, istifadə olunan kağızın dəyəri qədərini verim.
Razılaşmadılar, əvəzində mənim qızımı cəzalandırdılar, sinif yoldaşları içində alçatdılar. Bütün uşaqlara “A4” kağızında hazır test verilsə də, mən qızımın qabağına dəftər vərəqi qoyublar və deyiblər ki, 20 test tapşırığını özün köçürt, sonra həll elə. Qızım evə ağlaya-ağlaya gəldi”.
Valideyn deyib ki, bu məsələlərlə bağlı Təhsil Nazirliyinə dəfələrlə zəng etsə də, heç bir tədbir görülməyib: “Sentyabrın 29-da rəsmi olaraq ərizə ilə müraciət etdim. Mənə dedilər ki, müraciətim Bakı şəhər Təhsil İdarəsinin məsləhətçisi Nazim müəllim tərəfindən araşdırılır. Amma 1 aydan çox vaxt keçməsinə baxmayaraq, heç bir reaksiya verilməyib. Həmçinin, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə də şikayət etdim, onlar da heç bir araşdırma aparmadı, maraqlanmadılar. Əvəzində Aidə xanım məni otağına çağırıb məcbur etdi ki, ərizəmi geri götürüm”.
R.Məmmədova qeyd edib ki, valideyn iclasında onlardan pulun tələb olunması və rəsmi ərizə ilə müraciət etdikdən sonra A.Seyidovanın onu çağırıb “danlaması” barədə danışıqların səs yazısını hər iki dövlət qurumuna təqdim edib. R.Məmmədova həmin səs yazılarını sübut üçün redaksiyamıza da göndərib.
“Qafqazinfo” məsələ ilə bağlı Bakı Şəhər Təhsil İdarəsinə müraciət edib. İdarədən bildirilib ki, qeyd olunan məsələ ilə bağlı hazırda şikayət üzrə araşdırma aparılır: “Araşdırmanın nəticələrinə uyğun olaraq, müvafiq tədbirlər görüləcək”.
Qeyd edək ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil məktəblərinin direktorlarına təsərrüfat məqsədləri üçün 2013–cü ilin dekabr ayından etibarən avans şəklində müvafiq aylıq vəsaitlərin ödənilməsinə başlanılıb. Aylıq vəsaitlər direktorlar tərəfindən məktəblərin təcili həlli tələb olunan mal, iş və xidmətlərin alınmasına sərf edilir və bu barədə hər ay Bakı Şəhəri üzrə Təhsil İdarəsinə hesabat verilir. Ödəniş Təhsil Nazirliyinin “Təsərrüfat məqsədləri üçün plastik kartların tətbiqi barədə” müvafiq əmrinə əsasən məktəb direktorlarının bu məqsəd üçün açılmış plastik kart hesablarına köçürülür.