Karusel (28-10-2016, 10:34)
Ziya Məmmədovun yeznəsindən şikayət
Mediatv.az: Oktyabrın 12-də Qafqaznews.az-da “Ziya Məmmədovun yeznəsi evini təmir edən ustalara 40 min manat “atıb”?” başlıqlı yazı dərc olunmuşdu.
Həmin yazıda bildirilirdi ki, Bu günlərdə Qafqaz Xəbər Agentliyinə Azərbaycanda təmir-tikinti sahəsində fəaliyyət göstərən türkiyəli iş adamı Gökhan Yazıcı müraciət edib. O, nəqliyyat naziri Ziya Məmmədovun yeznəsi, Yanacaq və Sürtkü Materialları Təchizatı İdarəsinin sabiq rəisi Adil Məhərrəmov tərəfindən aldadıldığını bildirib.
Gökhan Yazıcı həm Türkiyənin Azərbaycandakı səfiri Erkan Özorala, həm də nəqliyyat naziri Ziya Məmmədova məktubla müraciət edib.
Müraciətin mətnini oxuculara təqdim edirik.
Cənab Nazir, Cənab Səfir!
Mən bu müraciətimi Sizin hər ikinizə eyni zamanda yazaraq göndərməyə gərək duydum. İnanıram ki, bu məsələnin həllində mənə köməkçi olacaqsınız.
Mən uzun müddətdir Azərbaycanda təmir-tikinti işlərində öz briqadamla çalışıram və vaxtlı-vaxtında vergi ödəyirəm. 2014-cü ildə mənim dostum Abbas Kişiyev bildirdi ki, onun tanışı Əlifağa İsmayıllının Adil Məhərrəmov adlı hörmətli bir dostu var, onun evində təmir işləri görmək lazımdır. Adil Məhərrəmov o vaxt “Azərbaycan Dəmir Yolları” QSC-də yanacaq xidmətinin rəisi işləyirdi. Həmçinin, onun nəqliyyat naziri Ziya Məmmədovun yeznəsi olduğunu öyrəndim. Onun “Milyonçular məhəlləsi” deyilən yerdə, M.Əlizadə 67 ünvanında villasında təmir işlərinə dair şifahi razılaşma əldə etdik.
Adil Məhərrəmovun dediyinə görə, iş getdiyi zaman ortaya çıxan xərclərə dair, bizə hissə-hissə pulu verib bitirəcəkdi. Bir ay ərzində onun evində 25 fəhlə ilə suvaq, alçipan və digər təmir işləri apardıq, lakin Adil Məhərrəmov mənə bir dəfə 5 min manat, bir dəfə də 2 min manat verdi. Ümumilikdə 9 ay işlədik, A.Məhərrəmovun bizə verdiyi 7 min manatdan savayı, 40 min 500 manat xərcimiz çıxdı. Qeyd edim ki, Adil Məhərrəmov işçilərlə çox pis davranır və onların şəxsiyyətinə toxunan ifadələr işlədirdi.Ona görə, ən yaxşı işçilərim işin yarısında acıq edib getmişdilər ki, biz onunla işləyə bilmərik. A.Məhərrəmov hər gün gəlib ona-buna kobudluq edir, fəhlələrin üstünə qışqırırdı.
İşlədiyimiz 8-9 ay ərzində dəfələrlə yeni ustalar gətirməyə, yenidən briqada toplamağa məcbur olmuşdum. 2014-ci ilin sonlarında villanın təmir işi tamamilə yekunlaşdı. İş bitəndən sonra isə Adil Məhərrəmov vaxtı uzatdı və hər dəfə müxtəlif bəhanələrlə pulumuzu verməkdən boyun qaçırdı. Mən ondan-bundan borc alaraq, fəhlələrin pulunu verdim. O vaxt dolların məzənnəsi 0,78 manat idi. Ona görə də, Adil Məhərrəmovun ucbatından 50 min dollardan çox borca düşmüşəm ki, hazırda bu rəqəm 80 min manat edir. İnsanların borcunu ödəyə bilmirəm, pis vəziyyətdə qalmışam.
Az qala hər həftə gedib Adil Məhərrəmovun evinin qarşısında dururam, evdən maşınla çıxır, məni görürsə də, dayanıb danışmaq istəmir. Mən Azərbaycanı sevirəm və bu ölkəyə ancaq xeyir vermək niyyətindəyəm. Amma təəssüflər olsun ki, Adil Məhərrəmov kimi insanlar öz nüfuzundan və əlaqələrindən istifadə edib, həm zəhmətkeş insanların haqqını yeyir, həm də Azərbaycan və Türkiyə xalqları arasındakı qardaşlığa kölgə salırlar.
Cənab nazir Ziya Məmmədov və cənab səfir Erkan Özoral!
Sizdən xahiş edirəm, mənim problemimin həll olunmasında, Adil Məhərrəmovun mənə olan borcunu ödəməsində öz yardımınızı əsirgəməyəsiniz!
Hörmətlə, Gökhan Yaşar oğlu Yazıcı