Karusel (5-01-2016, 20:08)
“Oğlumun siyasi fikirlərinə müdaxilə etməyəcəyəm”
Yeni Azərbaycan Partiyasının (YAP) keçmiş funksionerlərindən biri, Müdafiə Nazirliyinin mətbuat xidmətinin sabiq rəisi Eldar Sabiroğlunun oğlu Rüfət Səfərov prokurorluq orqanlarındakı vəzifəsindən istefa verəndən sonra ata-oğul arasında ardıcıl müraciətlər yayılır.
Mediatv.az xəbər verir ki, Mətbuat vasitəsilə atanın oğula, oğulun ataya müraciət etməsi ictimaiyyətdə ata-oğul arasında soyuq münasibətlərin yaranması kimi qiymətləndirilib. Əksəriyyət belə düşünür ki, bu cür müraciətlərdənsə ata-oğulun bir araya gəlib məsələni həll etməsi daha məqsədəuyğundur.
Eldar Sabiroğlu özü ilə oğlu barədə yayılanlara münasibət bildirib: “Mətbuat vasitəsilə oğlumun mənə, mənim də oğluma müraciət ünvanlamağımız insanların haqlı marağına səbəb olub. Görünür, oğlumla aramızda olan məsələnin ya mahiyyətindən xəbərsizdirlər, ya da hansısa çaşdırıcı faktlar bu cür düşünməyə vadar edir. Nə mən Rüfətlə mətbuat dililə danışıram, nə də o mənə həmin davranışı nümayiş etdirir.
Oğlumla mətbuat vasitəsilə danışmağı qarşıma məqsəd qoymamışam. Mətbuat vasitəsilə oğluma müraciət etməyimin səbəbi o idi ki, o zaman Zərdabda idi. Mən ora getməmişdim. Getməməyimin səbəbi də başqa idi. Fikirləşdim ki, Zərdab rayonuna səfər etsəm başqa fikirlər ortaya atarlar”.
Eldar Sabiroğlu sonuncu dəfə dünən oğlu ilə bir yerdə olduğunu vurğulayıb: “Dünən doğum günüm idi. Rüfət də məni mətbuat vasitəsilə təbrik edib. Dünən oğlum da daxil olmaqla qohum-əqrəba, ailəm bir yerdə idik. Çox maraqlı və gözəl gün keçirdik. Axı bizim ayrılmağımız mümkün deyil. Bizi ayıran ancaq əqidədir. Sadəcə, oğlumun atdığı addımı yanlış hesab edirəm. Gərək, o yolla getməyəydi”.
Eldar Sabiroğlu oğlu Rüfətlə ailədə siyasi məsələlərdən danışmadığını da vurğulayıb: “Əvvəla, biz şərt kəsmişik, evdə bu söhbətləri etmirik. Doğum günümdə, ondan əvvəlki günlərdə bizim evdə bu məsələ ətrafında söhbətimiz olmayıb. Artıq yekun qərara gəlmişəm. Rüfətin siyasi fikirlərinə müdaxilə etmək niyyətim yoxdur. Mənim öz istiqamətim var. Bu istiqamət də Heydər Əliyev, İlham Əliyev yoludur. Bu məfkurədən, bu təfəkkürdən ayrılası deyiləm. Məni yanlış addım atmağa heç nə sövq edə bilməz. Nənəsinin müraciətindən sonra oğlum aclığı dayandırıb. Artıq ailəsinin yanındadır. Evin içində bir-birimizə bəyanat verəsi deyilik ki!”.