Karusel (12-12-2015, 18:43)
Atasının evinə basqın etdirmiş qadın tutuldu - Göyçayda
Öz atasının evini yaran qadın tutulub. Qadın bir qrup şəxslə birləşərək, öz atasının evinə basqın edib, oradan pul və qızıl oğurlayıb.
Qaynar.info Region TV-yə istinadən xəbər verir ki, Göyçayda evdən oğurluq edən dəstə üzvləri saxlanılıb. Onlar evə basqın edərək ordan pul və qızıl-zinət əşyalarını aparmaqda şübhəli bilinirlər.
Bir müddət öncə Göyçay rayonunda soyğunçuluq məqsədilə mənzilə basqın etmiş 5 nəfər şəxsdən daha iki nəfəri yaxalanıb. Tərtər rayon sakini Emin Əliyev və Füzuli sakini Eltac Şəmiyev polis tərəfindən saxlanılıb. Onlar digər 3 nəfər şəxslə birlikdə Göyçay şəhəri, Molla Pənah Vaqif küçəsinin sakini Fərzalı Hacıyevin yaşadığı 45 saylı evə basqın etməkdə şübhəli bilinirlər.
Oğruların tutulması digər faktların da üstünü açıb. Məlum olub ki, hadisənin törədilməsinə Fərzalı Hacıyevin Bakı şəhərində yaşayan qızı Samirə Rəcəbova şərait yaradıb.
Samirə Rəcəbova özgəsinin əmlakını quldurluq yolu ilə ələ keçirmək məqsədi ilə Bakı şəhərində qeyri-rəsmi yaşadığı Azadov Ədalət Azad oğlu və bir qrup şəxs ilə birləşərək, atası Hacıyev Fərzalı Məhəmməd oğlunun evinə daxil olaraq, silah qismində istifadə etdikləri bıçaq və taxta parçası ilə ögey anası Rəxşəndə Hacıyeva, qardaşı Fərhad Hacıyevə zor tətbiq edərək evdən bir ədəd gümüş boyunbağı, bir ədəd qolbağ və 100 manat pulu talamaqla quldurluq etmişlər.
Aparılmış əməliyat tədbirləri nəticəsində Samirə Rəcəbova da polis əməkdaşları tərəfindən saxlanılıb. Saxlanılan digər şəxslər və Samirə Rəcəbova törətdikləri əməlləri etiraf ediblər.
Samirə Rəcəbova - saxlanılan şəxs: "Peşmanam, balalarım yazıq günə qaldı. Balalarıma görə peşmanam".
Bildirək ki, hadisəni törətməkdə şübhəli bilinən digər 3 nəfər isə bir neçə gün öncə saxlanılıblar. Faktla bağlı araşdırmalar aparılır.