Karusel (25-11-2015, 18:12)
Dini mərasimlərə sanksiyalar tətbiq olunacaq - Komitə sədri
Siyavuş Novruzov: “Yas mərasimləri və qəbiristanlıqlarla bağlı addımlar atılacaq”
Mediatv.az xəbər verir ki, Yeni Azərbaycan Partiyası icra katibinin müavini, deputat Siyavuş Novruzov Milli Məclisə keçirilən növbəti seçkilərdən sonra yeni yaradılan İctimai birliklər və dini qurumlar komitəsinə sədr seçilib.
Modern.az saytı bu sahədə zamanla yaranan narazılıqları nəzərə alaraq komitə sədrindən bu sahədə baş verə biləcək yeniliklərlə bağlı münasibət öyrənib. Qeyd edək ki, yas mərasimlərində israfçılığa yol verilməsi, eyni zamanda qəbir daşlarının, qəbir yerlərinin bahalığı hər zaman müzakirə predmeti olub.
Siyavuş Novruzov deyib ki, bu, çox geniş sahədir və müxtəlif aspektləri əhatə edir:
“Bildiyiniz kimi, Azərbaycanda xeyli sayda ictimai birlik, qeyri-hökumət təşkilatı, siyasi partiya var. Bunlar müxtəlif sahələri əhatə edir. Hazırda sənədlərlə tanış olur, onların problemlərinin həlli və fəaliyyətinin daha yaxşı tənzimlənməsi üçün müvafiq qanunlara ehtiyac duyuruq, bunun üzərində işləyirik. Qanunlar hazır olandan sonra həm ictimaiyyət, həm də parlament səviyyəsində müzakirəyə çıxaracağıq”.
Deputat bildirib ki, dini mərasimlərlə bağlı müəyyən məsələlər artıq sanksiyalaşdırılmalıdır: “Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, eləcə də Qafqaz Müsəlmanları İdarəsi və dini təriqətlərlə məsləhətləşib bəzi sahələrin tövsiyələrlə deyil, qanunla tənzimlənməsinə çalışacağıq.
Çalışacağıq ki, vətəndaşlarımız bu sahədə əziyyət çəkməsinlər və hamının bərabər şəkildə bu proseslərin yerinə yetirilməsində qanuni təminatı olsun.
Hazırda qanun üzərində işləyirik. İlkin olaraq yas mərasimləri və qəbiristanlıqlarla bağlı addımlar atmağı planlaşdırırıq. Çünki bu, insanların həm maddi, həm mənəvi, həm yer, həm də sonradan abadlaşdırılması baxımından çox əziyyət çəkdiyi bir sahədir. Bu cəhətlər ölçülüb-biçilib, aidiyyəti strukturlarla razılaşdırılıb, bütün təminatları həll olunduqdan sonra qanuniləşdiriləcək”.