Karusel (18-11-2015, 18:52)
MTN zabiti: “Azərbaycana inqilab üçün 18 milyard dollar gətirilmişdi”
Polkovnik Tofiq Rəcəbov “Yeni Müsavat”a qan donduran açıqlamasında Mahmudov çetesinin siyasi hakimiyyəti ələ keçirmək niyyətində olduğuna dair müdhiş bilgilər verdi; “2013-cü ildə Bakı aeroportunda tutulan 18 milyardı “Beynəlxalq Bank”a mədaxil etmək tapşırılıb, həmin vəsait sonradan oğurlanıb”
Müsahibimiz təqaüddə olan xüsusi xidmət polkovniki Tofiq Zəbulla oğlu Rəcəbovdur. 2000-ci ilə qədər Xüsusi İdarədə çalışıb və oradan ayrılaraq biznes fəaliyyəti ilə məşğul olmağa başlayıb. Onun açıqladığı məqamlar bu gün ölkədə baş verən proseslərin hansı olaylardan qaynaqlandığını ortaya qoymaqla siyasi səhnədə baş verənlərin üzərindəki sirr pərdəsini qaldırır.
- İşlədiyim dövrdə xalqıma, prezidentimə sadiq olmuşam. Heydər Əliyevin dövründə Xüsusi İdarədə işləmişəm, ona sadiq olmuşam. O dövrdə bəzi qüvvələr ezamiyyətdə olduğum vaxtda Elman Qəmbərovun rəisliyi dövründə işdən çıxardılar. Mən o vaxt Heydər Əliyevə arayış yazmışdım ki, bizim bəzi varlı nazirlərimiz hökumət və xalq üçün böyük təhlükədir. Bunu yazandan sonra məni işdən çıxardılar. Bu sənədlər arxivdə var, qaldırıb baxsınlar. Bu yaxınlarda mən biznesimlə əlaqədar İsveçrədə idim. Orada bir neçə adamla görüşdüm. Onlar təklif etdilər ki, bəzi məsələləri prezidentə çatdırmaq lazımdır, ölkəyə təhlükə var. Yəni bəzi nazirlər qrup halında birləşiblər. Xarici ölkələrin, xüsusən Avropanın və böyük dövlətlərin siyasi rəhbərliklərinə çıxış axtarırlar. Özlərinə dayaq axtarırlar ki, gələcəkdə hakimiyyətə yiyələnsinlər, öz əmlaklarını qorusunlar. Bakıya qayıdan kimi dərhal yazıb çox yüksək səviyyəli bir vəzifə daşıyıcısına verdim. O da aparıb bunu verib Eldar Mahmudova. O da mənə çatdırdı ki, istəyirsən bu həyatda yaşayasan, bir də ağzına belə şey gətirmə.
Akif Çovdarov qapımızı pusdururdu, oğlumu güdürdülər. Demişdilər ki, danışsan, oğlunu tutub yox edəcəyik.
Bunlar 2 il əvvəl olub. 2013-cü ildə prezident seçkisindən əvvəl. Həmin pullar çevriliş etməyə xərclənməli idi. Həmin pullardan mən də təklif etmişdilər. Demişdilər ki, zavodların var, o pulları zavodlarına ayıraq. Pulu seçkidən 2-3 ay əvvəl verməli idilər. Başa düşdüm ki, çevrilişə hazırlıq gedir.
- Niyə belə qənaətə gəldiniz?
- Çünki çox böyük məbləğlərdən söhbət gedirdi.
- Söhbət nə qədər məbləğdən gedirdi?
- 18-20 milyard pul gətirilməli idi. Bunu mənə deyəndən sonra MTN-də çalışan yaxın dostum vasitəsi ilə yazıb ötürdüm. Həmin pul ölkəyə gətirilən kimi burada tutdular. Əməliyyat mənim informasiyama əsasən keçirilmişdi.
- Əməliyyat harada keçirilmişdi?
- Bakı hava limanında.
- Nə qədər pul tutuldu?
- 18 milyard dollar. O pulun rəsmi qəbzlərinin kopyaları da məndə var.
- O pul necə oldu?
- Pulu Cahangir Hacıyev qol çəkib “Beynəlxalq Bank”a götürdü.
- Pulu göndərən kim olub?
- Pul Rusiya tərəfdən gəlib. Bu işdə adı olan adamların adlarını, telefon nömrələrini mən vermişdim. O adamlar Naxçıvandan idilər. Birinin qardaşı MTN-də işləyirdi, biri başqa böyük vəzifədə işləyirdi.
- Ad, familiyalarını açıqlaya bilərsiz?
- Hələlik çəkmirəm, o adamlardan vəzifədə olanı var. Mən bu haqda nə bilirəmsə, bir neçə gün əvvəl yazıb Mədət Quliyevə də ötürmüşəm.
- Həmin pul hazırda haradadır?
- Mənə elə gəlir ki, həmin adamlara deyiblər ki, pulu “Beynəlxalq Bank”a mədaxil ediblər. Faktiki isə həmin pul mədaxil olunmayıb. Pulu sadəcə oğurlayıb xaricə göndəriblər. Pulun xaricə göndərilməsində Çingiz Əsədullayevin vasitəsi ilə “Azəriqazbank”dan istifadə olunub.
- Bu fikirləri nəyə əsasən söyləyirsiniz?
- Danışdıqlarım real informasiyalara söykənir. Əlimdə sənədlərin surəti var ki, həmin pullar banka mədaxil olub. Faktiki isə pulu mədaxil etməyiblər. Ehtimal edirəm ki, prezidentə də səhv məruzə ediblər ki, pul bizdədir, mədaxil olundu. Faktiki isə pulu oğurlayıblar.
- O pulu niyə görə verirdilər?
- Pulsuz çevriliş etmək olar? Pulu öz adamlarının zavod və fabriklərinə, öz adamları vasitəsi ilə camaata paylayıb küçəyə çıxaracaqdılar. Pulun qəbzi məndə var, istintaqa da təqdim etməyə hazıram.
- Bütün bu işlərin arxasında dayanan kimdir?
- Bu gün Suriyada Bəşər Əsədə qarşı döyüşənlər buradan göndərənlər Eldar Mahmudovun adamlarıdır. Orada oturan vəhhabi rəhbərlərdən hər göndərilən bədbəxt azərbaycanlıya görə 10 min dollar pul alırlar.
- Adamlar ora necə göndərilir?
- Buradan Türkiyəyə göndərirlər, Türkiyənin Xətai bölgəsindən keçirirlər o tərəfə. Bu haqda MTN-ə məlumat yazmışam. Adamları buradan ora göndərənlər barəsində ətraflı məlumat vermişəm. Əllərində Suriyanın hansı bölgəsinə kimi göndəriblərsə siyahılar var. Yazdığım müraciətlərə baxmayıblar.
- Sizcə bunun səbəbi nə olub?
- Eldar Mahmudovun əmisi oğlu Sumqayıtda vəhhabilərin başçısıdır. Onlar hər tərəflə işləyirlər. Elə pul axınları haqda məlumatlıyam ki, desəm, ölkədən qaçarlar. Bu gün vəhhabilərin ağsaqqalı Eldar Mahmudovdur və fəaliyyətlərini davam etdirirlər. Zaqatala, Balakən, Xaçmaz və Quba zonalarında aktiv işləyirlər.
- Banklardakı fəaliyyətlərinə qayıdaq. Nə baş verir?
- Eldar Mahmudovun Gəncədə moteli var. Oranın müdiri Çingiz Əsədullayev və Cahangir Hacıyevlə birgə İsveçrədə “JBS” bankın idarə heyətinin sədri, erməni əsilli bir şəxslə danışıblar, orada hesab açdırıblar. Həmin erməni Türkiyə ermənisidir, türkcə danışa bilir. Çingiz Əsədullayevin vasitəsi ilə milyardlarla pul “JBS” banka köçürülüb. Hər gün “Beynəlxalq Bank” və “Azəriqazbank” vasitəsi ilə “JBS” banka 50 milyon pul ötürüblər. Yazıb vermişəm. Yoxlamırlar.
- Söhbət 18 milyarddan gedir?
- Bu pulları onlara ötürən Rusiyada yaşayan azərbaycanlılar, Amerikada yaşayan iranlı var, Rəsul Quliyevin qohumu və başqaları olub. İstədikləri ölkədə çevriliş etmək olub. Eldar Mahmudovgil həmin pulları ölkəyə qeyri-rəsmi gətrirmişdilər. Səs-küyü çıxdı deyə, başqa orqanlar da bundan xəbər tutub ölkə rəhbərliyinə məlumat çatdırdılar. Bundan sonra məcbur qalıb pulu götürüb “Beynəlxalq Bank”a mədaxil etdikləri görüntüsünü yaratdılar. Ortada Cahangir Hacıyevin həmin pulu götürməsi haqda sənəd də var. Bunlar gördülər ki, pul məsələsini hamı bildi, oynamaq istədikləri oyun da hamıya məlum oldu, pulları göndərənlərə də atdılar.
Hələdə o pulun ardınca gələnlər var. Deyirlər ki, bir neçə milyard götürün, qalan məbləği qaytarın. Pulun dalınca gələn adamları MTN-ə aparıb döyüblər, yola salıblar. Yalandan deyirlər ki, guya pullar İran neftinin puludur, embarqodan dolayı bura göndərilib. Əslində isə 18 milyardı bunlar “Azəriqazbank” və “Beynəlxalq Bank” vasitəsi ilə kredit kimi camaata paylayıb ayağa qaldırmaq istəyirdilər. Azərbaycanı Suriyaya döndərəcəkdilər. Eldar Mahmudov və onun ətrafına daxil olanlar Sistani kimi şiə müsəlmanlarının din rəhbərinin yanına öz adamlarını yerləşdirib ona Azərbaycanla bağlı fitva verməsinə nail olmaq istəyirdilər. Özlərinin camaata qarşı etdiklərini prezidentin etdiyi kimi qələmə verib ölkədəki durumla bağlı xof yaratmağa çalışırdılar.
- “Azəriqazbank” üzərindən həyata keçirilən əməliyyatlar haqda da hüquq mühafizə orqanlarına məlumat vermisiz?
- Vermişəm. Bir fakt deyim. “Azəriqazbank”da Eldar Mahmudovun əmisi oğlu Emin Mahmudov və qaynı otururdu. Çingiz Əsədullayev Eldar Mahmudovla orada şərikdirlər. Banklara yerləşdirilən pullar bu adamların əllərində böyük pul kimi fırlanıb. “Azəriqazbank”da girovda olan əmlakların böyük hissəsini tutub sahiblərindən alıblar. Vəzifə səlahiyyətlərindən sui-istifadə ediblər. Əllərinin altında məhkəmələrin hakimləri olub. Kimin əmlakını istəyiblər, həmin hakimlər vasitəsi ilə ələ keçiriblər. Mən “Azəriqazbank”a Teymur Əliyev küçəsində 120 kvadratlıq qiyməti 1 milyon olan obyektimi, Yusif Çəmənzəminli küçəsində 38 kvadrat metr olan 200 min qiyməti olan mağazamı, Masazır və Qubada torpaq sahələrimi girov qoymuşdum. Ümumilikdə 1 milyona yaxın kredit götürmüşdüm. Sonradan isə başıma oyun açdılar. Qəbələdəki şərab zavodumu bağladılar və başladılar pulu geri tələb etməyə. Kreditin təminatı kimi girov qoyduğum əmlaklara müştəri tapdım, apardım. Amma əmlakları müştərilərə satmadılar. Dedilər ki, əmlakları özümüz alacağıq. “Külək” MMC adlı hərəcxanaları var. Ora vasitəsi ilə heç bir hərracsız 1 milyon qiyməti olan obyektimi 90 min qiymətləndirib keçirdilər adlarına. Mən bunu biləndən sonra şikayət etmişdim. Növbəti gün üstümə MTN-dən Sübahir adlı generalı göndərmişdilər. Sübahir Teymur Əliyev küçəsindəki mağazama gəlib dedi ki, şefin göstərişidir, şikayət etsən özünü də, oğlunu da tutacağıq.
- Şef kimdir?
- Eldar Mahmudov. Yusif Çəmənzəminli küçəsindəki obyektimi də 30 min manata “oformit” edib götürüblər. Buna baxmayaraq faizləri bu gün də dayandırmırlar. Borcun təminatı olan əmlaklarımı götürüblər, amma faizləri hesablamaqda davam edirlər. Bunlar oğru qanunları ilə işləyirdilər. Sən faizdəsən, əlində nə varsa, hamısı bizimdir. Bütün əmlaklarımı əlimdən alıblar, deyirlər ki, 600 min də ödəyəcəksən. Deyirlər ki, Qubada konserv zavodunu da verməlisən. Deyirəm ki, müştəri tapım, sataq. “Xeyr, özümüz satacağıq” söyləyirlər. Bu adamlar heç bir qanuna baxmadan sahibkarların başına oyun açırlar. Mənim Masazırdakı torpağımın 30 sotuna 900 min manat verən müştəri var. Amma satmağa qoymurlar. Məhkəmələr də bunların tərəfindədir. Çingiz Əsədullayevə 100 dəfədən artıq məktub yazmışam ki, imkan ver, torpağımı satım, sənin borcunu ödəyim. Cavab vermir. Bunların adı bankdır, əslində əmlakları yağmalayan kontoradırlar. “Krışa”ları Eldar Mahmudov idi. Təsəvvür edin, MTN-in Yasamal şöbəsinin yerini Eldar Mahmudov satdı. Bu gün orada Əbülfəz adlı şəxs çoxmərtəbə bina tikib. Orada “Odessa” restoranı vardı. Sahibindən aldılar, o restoranın əvəzinə mənim Nərimanovdakı “Ayişə” adlı şadlıq evimi əlimdən alıb verdilər ona.
- Bu məsələlərlə bağlı şikayət etmisiniz?
- 1000-dən artıq şikayət yazmışam. Prezidentə yazmışam ki, bu adamlar Azərbaycanda sabotajla məşğuldur. Sahibkarlara ilişirlər, yalandan cərimələr yazırlar, cinayət işi başlayırlar ki, böyük narazılıq yaratsınlar. Bu gün də başda vergilər naziri olmaqla nazirlər belə işlərlə məşğuldurlar. Vergilər nazirinin müavini Natiq Əmirovun etdiyi qanunsuzluqların sayı-hesabı yoxdur. Bir dəstə naziri var ki, Eldar Mahmudovdan geri qalmırlar. Bu adamların əmək haqqı 2 min manatdan artıq deyil. Necə olur ki, bunlar 2 mindən artıq obyektin sahibi olurlar?
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024