Karusel (26-03-2015, 16:16)
Qeyrətli oğlanın bacısı...
Cavid Zeynallı yazır
Bəri başdan deyim, yüngüllük olsun: telekanallardan bir də heç vaxt yazmayacağam. Adam özü-özünü təkrar edəndə hər şey mənasızlaşır, eyni şeydən dəfələrlə yazmaq dözülməz dərəcədə zəhlətökənlikdir.
İndi arxivə baxmağa həvəs yoxdur, deyəsən, axırıncı yazım da televiziyada yayımlanan bir veriliş haqqında olmuşdu. Amma neyləyəsən, elə şeylər var, yazıb ürəyini boşaltmasan, olmur. Beş-altı il əvvəl kimsə deyəndə ki, Azərbaycan telekanallarına baxmıram, o adamların səmimiyyətinə ciddi şübhə edirdim. Çün, hələ o vaxtlar baxmağa nə isə vardı, adam ekran qarşısında bu qədər utanmırdı. İl ilin üstünə gəldikcə, vəziyyət pisliyə doğru dəyişir, dözülməz dərəcədə biabırçılıq ekran-efir yolu ilə bütün ölkəni başına götürür. Heç şübhəsiz: Azərbaycanın həm də o məsələdə analoqu yoxdur ki, televiziyasında Toni Morrisonun, Migel Asturiasın, Per Lagerkvistin kitablarından dekorasiya qayırıb verilişə aşpaz, manıs, kulturist, çömçəquyruqlar fəsiləsindən olan “birhüceyrəli” adamları dəvət edirlər.
Səni-məni yaradan Allah haqqı, əziz oxucu, bu parabeyinlər bizi bambılı yerinə qoyublar!
Yazının bu yerində özümü ələ alıb qalstuk taxır, yüksək mədəniyyətli ziyalı soyuqqanlılığı və kübar ədası ilə davam edirəm.
Redaksiya. Səhər planlaşması. Televiziyanın xəbər departamentinin baş redaktoru əməkdaşları ilə axşam buraxılışının xəbərlərini müzakirə edir, müxbirlər hazırlamaq istədikləri materialları sənətkar dostumuz redaktorla məsləhətləşirlər. Tutalım, növbə gəlib çatır öz peşəsinin vurğunu olan Fatmanisə xanıma. O, Fatmanisə xanıma ki, Amerika prezidentinin dəvətini qəbul edib Ağ Evə şam yeməyinə getmədiyinə görə Folkneri yekəbaşlıqda qınayıb onun əsərlərini baykot edən, acığa Sartrı özünün idealına çevirib, Dostoyevski polifoniyasını qəbul etməyən intellektual adamdır. Allah köməyi olsun!
Ay qızım, ay övlad, Fatmanisə, nə işlə məşğul olacaqsan?! Fatmanisə dərindən nəfəs alır ki, çox ciddi problem var, onu biz mütləq işləməliyik, yoxsa başqa kanallar qabağa düşəcək.
- Bilirsiniz, bizim adət-ənənəmiz var. Gərək ailədə övladlar evlənəndə növbə gözləsinlər, böyük qardaş evlənməyincə, kiçik evlənmək nədir, heç qıza baxmasın, bacı ərə getməyincə qardaş evə gəlin gətirə bilməz. İndi dağıdıcı və destruktiv qüvvələr bizim adətlərə xələl gətirmək istəyirlər, bu, yolverilməzdir.
- Hə, ay qızım, ay övlad, Fatmanisə, indi neyləmək fikrindəsən?
- Şəhərdə sorğu keçirəcəyəm, müəllim, ki, siz bu bəşəri problem haqqında nə düşünürsünüz? Belə də biabırçılıq olar?! Buna ictimaiyyət nümayəndələri münasibət bildirməlidir, ya yox?!
Mənim kimi işdən yorğun-arğın tamaşaçı gəlir evə, görür, uşaq bir qələt eləyib kanalı çevirib Bakıya: Fatmanisə balamız videoçəkəni də yanına salıb düşüb şəhərin canına, qədim Şumer mədəniyyətini xırd edən xalaları-bibiləri tutub danışdırır və hamı bir ağızdan deyir ki, əl-əlbət, Fatmanisə bala, böyük olan yerdə kiçik qardaş qələt edib evlənir. Qeyrətli oğlan əvvəl bacısını ərə verər, sonra özü evlənər. Ki, biz dədədən-babadan belə görmüşük...
Və saçı uzun suray xanım, donu uzun daray xanımın - Fatmanisə qızımızın axşam xəbərini bu dahiyanə cümlələrlə bitirir: “Deyirlər, dünya Makedoniyalı İsgəndərin səsini, görünüşünü bərpa etməyə çalışır, sintetik insan sümüklərinin istehsalına başlanılıb. Əlbəttə, biz elmin və Avropanın yaxşısını götürməliyik, amma unutmaq olmaz ki, qeyrətli oğlan əvvəl bacısını ərə verər, sonra özü evlənər!”
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024