Ümumiyyətlə, Xətai rayonunda yaşıllıqların məhv edilməsi və yerinin obyektaltı istifadə üçün satılması çoxdandır ki davam edir. Xüsusilə də cənab Rafiq Quliyev 2019-cu ilin sonunda Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə irəli çəkiləndən sonra bu mənfi tendensiya daha da dərinləşdi. Məhv edilən yaşıllıqların yerində çay evləri, kafelər, avto-yuma məntəqələri yağışdan sonra çıxan göbələk kimi artmağa başladı. Əslində isə, Rafiq Quliyevin adı rayon ərazisində torpaq sahələrinin qanunsuz olaraq satılmasında hələ xeyli əvvəldən, RİH başçısının birinci müavini vəzifəsində işlədiyi 2013-cü ildən hallanmağa başlamışdı. Xatırladaq ki, Razim Məmmədovun Xətai rayonuna rəhbərliyi dönəmində səkiyə, qaz borularının üstünə, yüksək gərginlikli elektrik xətlərinin altına illərlə əziyyət çəkilərək əkilib becərilən ağacların olduğu əraziyə müxtəlif məqsədli kommersiya obyektlərinin tikintisi üçün çoxlu sayda sərəncamlar verilib. Bu tip məsələlər məhz başçının I müavini Rafiq Quliyevin nəzarətində olub. Yəni həmin Sərəncamlara təşkilatçılığı Rafiq Quliyev edib və bu sayaq işlər onu oliqarxa çevirib.
Məlumatlarda qeyd olunur ki, Xətai RİH-nin sabiq başçısı Razim Məmmədov axır-axırlarda Rafiq Quliyevin rayondakı öz obyektləri barədə ona çatmış informasiyanı dəqiqləşdirmək üçün ərazidə gəzintiyə çıxıbmış. Gördüklərindən heyrətə gəlib və birinci müavini ilə sözü çəpləşibmiş. Çünki aşkar etdikləri onun təxminlərini, məqbul saydığı kəmiyyətləri çox-çox üstələyib. Özü də Rafiq Quliyevin obyektlərində necə deyərlər, “kəsilən başa sorğu-sual yoxdur”. Doğru-dürüst vergi ödəmirlər, əmək qanunvericiliyinin tələblərini pozurlar, qonşuluqda yaşayan sakinləri səs-küylə narahat edirlər. Şikayətlər, narazılıqlar ortaya çıxanda da Rafiq Quliyevin pulyığanı – Xətai MKTB-nin rəis müavini İntiqam Cümşüdov və digər qoçular qabaqlayıcı tədbir görərək, şikayətlərin ünvanlandığı hüquq-mühafizə və cinayət təqibi orqanlarına zəng vurub işləri “qaydasına” qoyurlar. Onu da deyirlər ki, Rafiq Quliyevin təbii ki, öz adına rəsmiləşdirmədiyi kommersiya obyektlərinin çoxu qohumlarının adınadırsa, ən səs-küylüləri İntiqamın bacısı Afət xanımın adınadır.
Lakin, sabiq başçı hər şeyin fərqinə varanda artıq gec idi – Rafiq Quliyev onun kreslosuna yiyələnmək üçün qabaqcadan tədarük görmüşdü. Həmin ərəfələrdə mübahisələrinin şahidi olan digər aşağı vəzifəli şəxslər məhrəm məclislərdə bu mövzuda lətifəyə bənzər əhvalatlara danışır, onların qovğalarını Kərbəlayi İsmayılla Qəmlonun danışığı ilə müqayisə edirlər. Hərçənd, Qəmlo boynundan zəncirlə asdığı miniatür Qurana and içirdisə, deyilənə görə Rafiq Quliyev üstündə gəzdirdiyi “erməni gülləsinə” and içir. Dolaşan söhbətlərə görə, zəncirdən asdığı həmin güllə saxtadır, daha doğrusu, heç də onu yaralayan erməni gülləsi deyil, sonradan əldə edilib. Yeri gəlmişkən, Rafiq Quliyev yalan-gerçək I Qarabağ müharibəsi veteranı olmasından, güllə yarası almasından indiyədək çox istifadə eləyib. Elə indi də II Qarabağ müharibəsinin gənc qazilərini qabağa verir, bir çox obyekt yerlərini onların adı ilə satdırır. Bilir ki, cəmiyyət qazilərə müəyyən mənada güzəşt edəcək. O ki qaldı Bakı şəhər rəhbərliyinə, ŞİH ondan bu məsələlərlə bağlı hesabat tələb edəndə kabinet söhbətlərində deyir ki, “neyləyim, irad tuturlar ki, sən özün qocaman veteran ola-ola, gənc veteranlara güzəşt eləmirsən, qeyrətimə boğuluram”.
Göründüyü kimi, adamın bu sahədə on ildən artıq təcrübəsi var, tam ixtisaslaşıb. Ona görə də bəzən hətta iri-iri torpaq sahələrini satanda heç Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovla da hesablaşmağın vacibliyini də nəzərə almır.
Rafiq Quliyev “xeyir-dua” verəndən sonra ortada umulan təmənnadan Bakı şəhərində yaşıllıqların, bitkilərin mühafizəsinə cavabdeh olan Bakı şəhəri Yaşıllaşdırma Təsərrüfatı Birliyi Bitki mühafizəsi şöbəsinin rəisi Şaiq Vəliyevə də pay çatır. Birliyin əməkdaşlarının tələm-tələsik üzərində budama əməliyyatı apardıqları ağaclar çox keçmədən kəsilir və kəsilən ağacların hesabına boşalan ərazidə ayrı-ayrı şəxslər tərəfindən yeni obyektlər tikilir. Məlum olur ki, “budama” əməliyyatı elə ağacların kəsilməsi və yerinin qabaqcadan sövdələşmə aparılan adamlara, əsasən tikinti şirkətlərinə satılması üçün zəmin hazırlamaq məqsədi daşıyırmış.
Başçı ilə anlaşıb rayon ərazisində qanunsuz iş görənlər hətta qəfil iş başında yaxalansalar belə arxayındırlar ki, uzaqbaşı inzibati xətaya görə cərimələnəcəklər. Çünki Rafiq Quliyevin nüfuz etdiyi bütün əlaqədar qurumlar hər vəchlə çalışacaqlar ki, qanunsuz götürülən ağacların, yaşıllıqların həcmini cinayət tərkibi yaradacaq qədər, yəni yaşıllığa vurulan ziyanı külli miqdarda göstərməsinlər, Cinayət Məcəlləsinin 259-cu maddəsində nəzərdə tutulan cinayətin əlamətləri müəyyən edilməsin.
Mövzuya qayıdacağıq.
Nyus.Az