Karusel (7-12-2023, 13:09)
YENİ İLDƏ FANTASTİK OTEL QİYMƏTLƏRİ
Quru sərhədlərinin bağlı, hava nəqliyyatının isə kifayət qədər baha olduğu bir zamanda insanlar həm büdcələrinə qənaət etməyin, həm də bayram günlərində səmərəli vaxt keçirməyin yollarını axtarırlar. Bayram günlərində paytaxtdakı sıxlıqdan bezərək, bölgələrimizdə yerləşən turizm məkanlarına üz tutan insanların da sayı kifayət qədər çoxdur.
Bəs maraqlıdır Yeni il ərəfəsində regionlarda yerləşən otellərdə vəziyyət necədir?
“AzPolitika.info” mövzunun aktuallığını nəzərə alaraq bayram ərəfəsində bölgələrdə yerləşən məşhur otellərin tarifləri ilə bağlı kiçik bir araşdırma aparıb.
Qeyd edək ki, bu il də əvvəlki illə müqayisədə otel qiymətləri kifayət qədər yüksəkdir. Lakin araşdırma zamanı məlum oldu ki, tanınmış otellərdə 31 dekabr-1 yanvar tarixləri üzrə əksər otaqlar əvvəlcədən bron edilib. Hətta bu otellərin yaxınlığında yerləşən, günlük qiyməti 5-8 min manat olan villa tipli evlərin də bir çoxu əvvəlcədən bron edilib.
Bölgə otellərində təklif olunan qiymətləri təqdim edirik:
“Quba Vadi Chalet Hotel”
“Quba Vadi Chalet Hotel” paytaxt Bakıya ən yaxın məsafədə, Qubanın Küsnətqazma kəndində yerləşən dördulduzlu oteldir. Meşələrin əhatəsində ve çayın kənarında yerləşən bu oteldə bayram ərəfəsində 2 nəfərin 2 gecəlik gecələmə xərci 500 manata başa gəlir.
“Quba Palace Hotel & Golf Resort”
Göl və dağ mənzərəli “Quba Palace Hotel & Golf Resort”da artıq otaqların bir çoxu əvvəlcədən bron edilib. 30-31 dekabr tarixlərində iki nəfərin 1 gecəlik qonaqlama xərci 345 manat təşkil edir. Bu standart paketə sadəcə iki dəfə qidalanma daxildir.
“Shahdag Quba & Truskavets”
Qubada yerləşən beş ulduzlu bu oteldə 30-31 dekabr tarixlərində iki nəfərin bir gecəlik qonaqlama xərci 530 manat təşkil edir.
“LakeSide Hotel & Spa”
Qəbələdə yerləşən oteldə 31 dekabr-1 yanvar tarixləri üzrə bütün yerlər əvvəlcədən bron edilib. 29-30 dekabr tarixlərində isə 1 gecəlik otaq qiyməti iki nəfər üçün 178 manat təşkil edir.
“İsmayıllı Rosert & Hotel”
İsmayıllı rayonunda yerləşən “İsmayıllı Rosert & Hotel”də 2 nəfərin 2 gecəlik qonaqlama xərci 500 manat təşkil edir. Səhər yeməyi və əyləncə də qiymətə daxildir. Həmçinin burada İsmayıllının yerli müğənnilərinin çıxışlarını dinəmək də mümkündür...
“Qafqaz Hotels & Resorts”
Riverside otel – 1426 manat, Tufandağ otel – 1596 manat
Qeyd edək ki, Qəbələdə yerləşən bu oteldəki qiymətlər 2 gecəlik, 2 nəfər üçün nəzərdə tutulub.“Marxal Resort & Spa”
Şəkinin məşhur Marxal otelində 31 dekabr-2 yanvar tarixlərində 2 gecəlik, 2 nəfərlik otaq qiymətləri kifayət qədər yüksəkdir. Sözügedən tarixdə standart otaqlar 1450 manat, 3 nəfərlik otaqlar isə 1915 manatdır. Burada 9 nəfərlik orta ölçülü villa isə 2 gecə üçün 3890 manata təklif olunur.
“Qalaalti Hotel & Spa”
Şabranada yerləşən “Qalaalti Hotel & Spa” otelində 31 dekabr-2 yanvar tarixlərində 2 gecəlik, 2 nəfər üçün ən ucuz otaq 1450 manata təklif olunur. Paketə daxildir - səhər, nahar və şam yeməyi, qapalı və açıq hovuz, fitness mərkəzi, sauna, hamam, buxar otağı və əyləncə.
“Lankaran Spring Wellness Resort”
Lənkəranda yerləşən “Lankaran Spring Wellness Resort” otelində 31 dekabr-2 yanvar tarixlərində 2 nəfərin, 2 gecəlik qonaqlama xərci 1400 manat təşkil edir. Standart otaq üçün təklif olunan xidmətlər bunlardır - yerləşdirmə, səhər,nahar və şam yeməyi, qapalı və açıq hovuz, fitness mərkəzi, sauna, hamam, buxar otağı və əyləncə
“Basqal Resort & Spa”
İsmayıllıda yerləşən bu oteldə 31 dekabr-2 yanvar tarixlərində 2 nəfərin, 2 gecəlik qonaqlama xərci 1640 manat təşkil edir.
“Şahdağ Turizm Mərkəzi”
Şahdağda 30 dekabr -3 yanvar tarixləri üzrə bütün yerlər əvvəlcədən bron edilib.
Ümumiyyətlə isə burada bayramla əlaqədar minimum gecələmə 3 gecədir və iki nəfər üçün 1860 manat təşkil edir.
Həmçinin burada 27-29 dekabr tarixləri üzrə prezident otağında 2 gecəlik qonaqlama qiyməti 5 min manatdır.
Bu mövzuyla bağlı iqtisadçı ekspert Xalid Kərimli “AzPolitika.info”-ya şərhində bildirib ki, otel turizmində qiymətlər dövlət tərəfindən tənzimləndmədiyi üçün sahibkar burada istənilən qiymət siyasətini həyata keçirə bilər: “Bu gün əksər otellərin bayram günlərində doluluq göstəricisinin yüksək olması ondan xəbər verir ki, təqdim olunan tariflər insanların büdcəsinə uyğundur. Əgər hesab ediriksə, qiymətlər bizim üçün yüksəkdir, o zaman getməyək. Yəni Yeni ili oteldə qarşılamaq kimi bir məcburiyyət yoxdur. Bayramı evdə də keçirə bilərik. Burada qiymət siyasəti otelin müstəqil şəkildə verəcəyi bir qərardır. Eyni zamanda otellər pik vaxtlarda daha çox pul qazanmalıdırlar ki, qeyri-pik saatlarda yaranan ziyanı qarşılaya bilsinlər”.
Ekspert qeyd edir ki, quru sərhədlərinin bağlı olması insanların xarici ölkələrdə istirahət imkanlarını məhdudlaşdırır:“Turizm Agentliyinin rəhbər şəxsləri də bəyan edirlər ki, quru sərhədlərinin bağlı qalması insanları daxili turizmə meylləndirir. Təbii ki, quru sərhədlərinin bağlı olması insanların qonşu ölkələrdə, əsasən də Türkiyə və Gürcüstanda istirahət imkanlarını məhdudlaşdırır. Bu zaman alıcların daxili bazara yönəlməsi otel qiymətlərini artıra bilər. Amma bu nüansın otel turizminə nə qədər təsir etdiyini bilmək üçün ciddi araşdırma aparmaq lazımdır”.
Elvin Bəyməmmədli
“AzPolitika.info”