Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İqtisadiyyat (22-06-2022, 09:26)
Azərbaycanda turistlərin cibini belə “soyurlar” - TƏFƏRRÜAT

 2022-ci ildə Azərbaycana gələn hər 7 turistdən biri ölkədən narazı gedib. Ən çox narazılar arasında ərəb turistləri, avropalılar, hətta Rusiya və britaniyalılar da var. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Komitənin açıqladığı hesabata görə, 2022-ci ilin ilk 4 ayında xaricdən Azərbaycana 220 min turist gəlib. Turistlərin 187 min nəfəri onlara göstərilən xidmətlərdən razı qalıb, 32,5 min nəfəri isə göstərilmiş xidmətləri qənaətbəxş hesab etməyib. Ümumilikdə narazı turistlərin sayı ümumi turist axınında orta hesabla 14,8% təşkil edir. Narazı qaldıqları sahələr isə nəqliyyat (sərnişin daşıma: metro, taksi, avtobus), yerləşmə, restoranlardakı xidmət və bələdçi xidməti olub.

Araşdırmalara görə, avtobus xidmətindən ümumilikdə 4 800 nəfər narazı qalıb. Bunların arasında ən çox narazılar Rusiyadan gələn turistlərdir (1 467 nəfər). Avtobuslardan narazı qalanların 954-ü Türkiyə, 491 nəfəri isə İran vətəndaşları olub. Səudiyyə Ərəbistanı (188 nəfər), Gürcüstan (124) və Ukrayna (126 nəfər) turistləri də avtobusların işindən narazılar siyahısındadır. Taksi xidmətindən ən çox Türkiyə turistləri narazı qalıb. Belə ki, 7400 narazı turistin 914 nəfəri taksi xidmətini qənaətbəxş hesab etmir. Bu xidmət üzrə ikinci sırada Rusiya (8 min narazı turistdən 882 nəfəri taksi xidmətindən narazıdır), üçüncü sırada isə İran turistləri (423 nəfər) gəlir.

Qeyd edək ki, turistlərin ən çox narazı qaldığı sahələr restoran biznesi olub - ölkədən narazı gedən 32,5 min turistin 8,4 mininin kefini restoranlar korlayıb. Bu sahədə sayca ən çox narazı olan Rusiya (2000), Türkiyə (1800) və İran (1 142) turistləridir. Restoranlar ukraynalı turistlərə də rəhm etməyiblər (239 narazı turist), Səudiyyə Ərəbistanı, Gürcüstan, BƏƏ, Küveyt turistləri də restoranlardan ən çox narazı qalanlar sırasındadır.

Nəzərə alınsa ki, turizm sektoru ölkəyə daha çox gəlir gətirən sahədir, bu sahənin inkişaf etməsi dövlət üçün prioritet sayılır. Bəs görəsən, bu sahədə olan nöqsanları aradan qaldırmaq üçün hansı zəruri addımlar atılmalıdır?

Yeri gəlmişkən, istər yerli, istərsə də xarici turistlər bir çox hallarda Azərbaycan hotellərində qiymətlərin olduqca bahalığından və xidmətin aşağı olmasından şikayətlənirlər. Bəzi ekspertlər bunun səbəbini hotel ləvazimatlarının (hotel sabunu, şampun, diş fırçası və pastası, balzam, daraq və digər hamam ləvazimatları) istehsalı ilə məşğul olan yerli müəssisənin olmaması ilə əlaqələndirirlər. Buna görə də ölkəmizdə beşulduzlu hotel qiymətlərinin baha olmasınin ilk səbəbi rəqabət qabiliyyətinin aşağı olmasıdırsa, digər səbəblər kimi gündəlik istifadə olunan hotel ləvazimatlarının xaricdən idxal edilməsi ola bilər. Sadalanan hotel ləvazimatlarının ümumi qiyməti hotellərdən asılı olaraq fərqli olur. Dia.az xəbər verir ki, “Skal” Turizm Peşəkarları Təşkilatının sədri, turizm eksperti Ceyhun Aşurov mövzu ilə bağlı “Yeni Müsavat”a bunları şərh etdi: “Komitənin statistik açıqlamasını oxumuşam, yaxşı olardı ki, daha detallı məlumat verərdilər. Monitorinq hansı şəraitdə aparılıb, bunu necə soruşublar? Təbii ki, bu rəqəmlər hansısa sorğunun cavablarına əsaslanır. Yaxşı olardı ki, deyilsin ki, nəqliyyatın hansı fəaliyyətindən narazılıq var, gec gəlməyindənmi, şəraitindənmi? Əslində bu, araşdırma mövzusudur. Bu zaman ictimaiyyətə də, turizm sektoruna da daha aydın olardı. Turizm sektoru olaraq orada çalışan subyektlər hər zaman çalışırlar ki, daha keyfiyyətli xidmət göstərsinlər. Təəssüflər olsun ki, keyfiyyət yox, daha çox qiymət üzərində çalışan turizm subyektləri də olur. Hansısa bələdçi, turizm şirkəti tur təşkil edirsə, keyfiyyəti kənara qoyur, daha çox qiymətin artıq olmasına çalışırsa, bəzi risklər ola bilər, göstərilən xidmətin keyfiyyəti aşağı ola bilər. Lakin ölkəmizə gələn turistlərin razı qaldığı daha çox taksi xidmətləri ilə bağlıdır, çünki qiymətlər uyğundur. Taksi şirkətlərinin sayı çox olduğu üçün rəqabət də güclüdür, həm də qiymət münasibdir. Restoranlara gəldikdə isə bəzən turistlər burada özləri hansısa bir restorana gedir, öz səfərlərini özləri qururlar. Təəssüflər olsun ki, bəzən aldanma faktorları olur. Rayonlarda hələ də menyu təqdim etməyən restoranlar olur ki, bu da göstərilən qiymətlə verilən yeməklərin arasında uyğunsuzluqla nəticələnir. Bu da haqlı olaraq turistlərin narazılığına səbəb ola bilər”.

Ekspert əlavə edib ki, turizm şirkətlərinin xətti ilə turlar edən turistlər hər zaman bu şirkətlərin nəzarətində olur: “Onlar çalışır ki, turistlərini aldatmasınlar. Turistlər məmnun şəkildə öz vətənlərinə dönsünlər. Çünki burada qiymətləndirmə, reytinq əsas götürülür. Heç bir turizm şirkəti istəməz ki, onun adı ilə bağlı hər hansı bir neqativ hala rast gəlinsin. Ona görə də bütün xidmətlərin ən yüksək səviyyədə olmasına çalışırlar. Bizdə əsasən rayonlarda yolüstü fəaliyyət göstərən bəzi restoranlarda sanitar-gigiyenik normalar heç də ürəkaçan deyil. Yaxud da maraqlı, görməli yerlərə gedərkən işarələr bütün rayonlarda tam təmin olunmayıb. Hansısa tarixi obyektlər üzərində məlumatlar yoxdur, onları göstərən yol nişanları yoxdur. Turistlər bundan narazılıq edirlər. Bəzi restoranlarda aldanma halları yaşanır. Amma turistlər peşəkar bələdçilərlə olarsa, bunlara yol verilmir. Turistlər həm də daha çox ölkəyə gəlmənin baha olduğundan gileylənirlər”.

Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərovun da mövzu ilə bağlı “Yeni Müsavat”a dedikləri diqqət çəkdi: “Turistlərin nəqliyyat sektorundan narazı qalması məndə heç bir təəccüb doğurmur. Biz özümüz Bakıda ictimai nəqliyyatdan normal istifadə edə bilmirik. Nə piyada, nə avtobus sərnişini kimi, nə də fərdi avtomobildə bir sürücü kimi paytaxtda hərəkət etmək çox qəlizləşib. Bu gün ictimai nəqliyyatdan istifadə edə bilməyən, saatlarla dayanacaqda qalan, ”Bakı kart"a vəsait yükləyə bilməyən, avtobusların intervalı, qrafikindən məlumatsız olan vətəndaşlarımız məcbur olub 5-10 min manat kredit götürüb həmin pula sınıq-salxaq, yararsız avtomobil alsınlar. Yaxud da elə həmin yararsız avtomobillər taksi fəaliyyəti üçün istifadə olunur. Bu səbəbdən də bizim kimi turistlər də əziyyət çəkirlər. Təbii ki, bu cür mənfi rəylərin statistikada yer alması labüddür".

E.Cəfərov qeyd edib ki, ictimai nəqliyyatda vəziyyətin yaxşılaşması, avtobusların hərəkətini təşkil etmək mümkündür: “İctimai nəqliyyata insanların marağını artırmaq da olar. Mərhələ ilə bunu etmək olar, kompleks yanaşmağa ehtiyac yoxdur. Daha sonra taksi fəaliyyətində keyfiyyəti yüksəltmək olar. Bunun üçün dövlət lazımi qərarlarını verib. Prezidentin imzaladığı müxtəlif dövlət proqramları var, Nazirlər Kabinetinin qərarları var. Sadəcə, yol xəritəsi üzərində çalışmaq kifayət edir. Təəssüf ki, bu işlər ləngidilir.

Dövlət hansı zəruri addımları atmalıdır? İlk növbədə marşruta buraxılan avtobusların sayını artırmaq lazımdır. Marşrutda hərəkət edən avtobusların intervalı, hərəkəti, sayı haqqında interaktiv xəritə yenidən fəaliyyətdə olmalıdır. Hər bir sərnişin bilməlidir ki, hansı avtobus hansı saatda hansı dayanacağa gəlməlidir və ümumi marşrutda neçə avtobus var.

Daha sonra “Bakı kart”dan əlavə hər bir vətəndaşda olan maaş, təqaüd kartı, istənilən kredit kartı vasitəsilə avtobusda ödəmənin həyata keçirilməsi olmalıdır. Belə olan halda turist də öz kartı ilə ödəməni həyata keçirə biləcək. Daha sonra taksi fəaliyyəti reqlamentə uyğun aparılmalıdır. Maşınların üzərində mütləq sarı rəngdə olan taksi fənəri qoyulmalıdır, bu yoxdursa, taksi fəaliyyətinə yasaq qoyulmalıdır. Yaşı 22-dən az olan vətəndaşların taksi fəaliyyəti ilə məşğul olması qadağan olunmalıdır. Əslində bunlar hamısı dövlətin reqlamentində var, sadəcə riayət etmək lazımdır. Eləcə də piyada səkilərinə insanların piyada hərəkət etməsi təmin edilməlidir, piyada keçidləri təmir edilməlidir, velosiped yolları standartlara uyğunlaşdırılmalıdır".

Qeyd edək ki, Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2022-ci ilin yanvar ayında Azərbaycan Respublikasına dünyanın 128 ölkəsindən 74,0 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,1 dəfə çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 42,4 faizi dəmir yolu və avtomobil, 55,5 faizi hava, 2,1 faizi isə dəniz nəqliyyatından istifadə ediblər. Gələnlərin 35,3 faizi Rusiya Federasiyası, 24,1 faizi Türkiyə, 12,9 faizi İran, 5,6 faizi Gürcüstan, 4,1 faizi Səudiyyə Ərəbistanı, 2,6 faizi Birləşmiş Ərəb Əmirlikləri, 2,1 faizi Ukrayna, hər birindən 1,1 faiz olmaqla Böyük Britaniya və Küveyt, 0,9 faizi Qazaxıstan, 0,8 faizi Oman, hər birindən 0,6 faiz olmaqla Almaniya, ABŞ və Hindistan, hər birindən 0,5 faiz olmaqla Belarus və İsrail, 6,6 faizi digər ölkələrin vətəndaşları olub. Ötən ilin eyni dövrü ilə müqayisədə Birləşmiş Ərəb Əmirliklərindən gələnlərin sayı 651,3 dəfə, Səudiyyə Ərəbistanından - 438,9 dəfə, Küveytdən - 104,8 dəfə, Hindistandan - 8,9 dəfə, Pakistandan - 8,5 dəfə, İsraildən - 7,1 dəfə, ABŞ-dan - 3,0 dəfə, Qazaxıstandan - 2,7 dəfə, Rusiya Federasiyasından - 2,1 dəfə, Ukraynadan - 2,0 dəfə, İrandan - 2,0 dəfə, Fransadan - 2,0 dəfə, Türkiyədən - 1,7 dəfə, Böyük Britaniyadan - 1,5 dəfə artıb, Gürcüstandan gələnlərin sayı isə 3,0 faiz azalıb.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024