İqtisadiyyat (17-12-2021, 18:33)
Nazirdən maaş artımları ilə bağlı - Açıqlama
“Dövlət başçısının bu gün imzaladığı yeni Sərəncamlarla minimum əməkhaqqı gələn ilin əvvəlindən 250 manatdan 300 manata çatdırılır, bu artım 800 min işçinin maaşının artması deməkdir”.
“Qafqazinfo” xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev nazirliyin Kollegiya İclasında deyib.
“Həmçinin dövlət ümumi və peşə təhsili müəssisələrində çalışan 165 min işçinin, dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda işləyən 4 min nəfərin də maaşı artırıldı. Yəni, bu gün imzalanan Sərəncamlar ümumən 1 milyona yaxın insanın sosial rifahına dəstəkdir”.
S.Babayev vurğulayıb ki, ölkəmzidə son dörd ildə sosial ödənişlərdə baş verən ciddi artımların mühüm bir istiqaməti əməkhaqları ilə bağlıdır. Hazırkı artım da nəzərə alındıqda minimum əməkhaqqında artım bu dövrdə 2,3 dəfə təşkil edib. Habelə orta aylıq əməkhaqqında 37%, median əməkhaqqında 74% artım olub.
Qeyd olunub ki, əmək müqavilələrinin sayı da son 4 ildə 30% artıb.
Bütün bu müsbət proseslər nəticədə son 4 ildə əməkhaqqı fondunda da 92% artıma imkan verib və bu göstərici gələn il daha da artacaq.