2022-ci ilin yanvarın 1-dən Azərbaycanda pensiyalar artırılacaq. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə:
– Minimum pensiyanın məbləği 200 manatdan 240 manata;
– Əlilliyə görə pensiyanın məbləği 38 manat artaraq 261 manatdan 299 manata;
– Ailə başçısını itirməyə görə pensiyanın məbləği 35 manat artaraq 263 manatdan 299 manata;
– Yaşa görə pensiyanın məbləği isə 331 manatdan 372 manata qaldırılacaq. Beləliklə, ölkədə orta aylıq pensiyanın məbləği 327 manatdan 343 manata çatacaq.
Xatırladaq ki, Azərbaycanda sonuncu dəfə pensiya və müavinətlər 2019-cu ildə əhəmiyyətli şəkildə artırılıb. Ötən iki il ərzində ölkədə kommunal xidmətlərin, yanacağın, ərzaq və gündəlik tələbat mallarının kəskin bahalaşmasına baxmayaraq, hökumət maaş, pensiya artımları barədə düşünməyib.
Qiymət artımlarındakı sıçrayış cari ildə özünü xüsusi ilə göstərib. Rəsmi rəqəmlərə görə, Azərbaycanda son 10 aylıq inflyasiya 5,2%-dən 5,7%-ə yüksəlib. Oktyabr ayında isə illik inflyasiya ikirəqəmli, yəni 10% təşkil edib. Ümumi qiymətlər ötən illə müqayisədə 10% artıb. Ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə qiymətlər isə 13,1 faiz artıb.
Əlbəttə, Azərbaycanda rəsmi statistika ilə real mənzərə xeyli fərqli olur. İş burasındadır ki, hətta rəsmi məlumatlarda təqdim olunan inflyasiya və bahalaşma faizləri də əhalinin gəlirləri ilə müqayisədə xeyli yüksəkdir. Üstəlik, kommunal tariflər də xeyli artırılıb. Hökumətin pensiya, müavinət və əməkhaqlarının artırılması qərarı buradan qaynaqlanır.
Amma əsas suallardan biri ondan ibarətdir ki, ölkədə əhalinin hansı hissəsi pensiya, müavinət alır? Tətbiq olunan meyarlar vətəndaşların bu hüququndan yararlanmasını əngəlləyirmi?
Milli Məclisin komitələrinin son iclasında büdcə müzakirələri zamanı deputat Zahid Orucun çıxışından məlum olur ki, bu sualın cavabı müsbətdir. “1990-cı illərdə pensiyaçılar əhalinin 8,8 faizini təşkil edirdi, indi isə bu göstərici daha aşağıdır. Dünya ölkələrində bu baxımdan orta göstərici 20 faizdir. Biz pensiya yaşını artırmışıq, bu sahədə balans müəyyən qədər pozulub”,-deyə o vurğulayıb.
Azərbaycanın 10.5 milyon əhalisi var, dünyadakı orta göstəricini götürsək, ölkədə 2 milyon nəfərdən bir qədər artıq vətəndaş pensiya, müavinət almalıydı…
Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, 2021-ci il iyulun 1-nə olan məlumata görə, Dövlət Sosial Müdafiə Fondunda (DSMF) 1 milyon 214,1 min (ötən ilin iyulun 1-də 1 milyon 257,4 min) pensiyaçı qeydiyyatda olub ki, bu da ölkə əhalisinin 12,1 faizini təşkil edib. Onların 58,8 faizi yaşa, 29,5 faizi əlilliyə, 11,7 faizi isə ailə başçısını itirməyə görə pensiya alıb. Təyin olunmuş aylıq pensiyaların orta məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,4 faiz, cari ilin əvvəli ilə müqayisədə isə 8,8 faiz artaraq 328,8 manat təşkil edib və orta aylıq əmək haqqının 45,4 faizinə bərabər olub.
Başqa sözlə, 2021-ci ilin avqust ayında yaşa görə pensiya alanların ümumi sayı cəmi 710 min nəfər olub. Onların 39,6%-ni kişilər, 60,4%-ni isə qadınlar təşkil edib.
Ölkədə pensiya və müavinət alanların sayının dünya üzrə orta göstəricidən iki dəfə az olmasının səbəbi tətbiq olunan məhdudiyyətlərlə bağlıdır. Mövcud qanunvericiliyə görə, 25 il stajı, 28800 manat sığorta kapitalı olan şəxslər – kişilər 65, qadınlar isə 63 yaşında təqaüdə çıxa bilər. Yaşı 65-ə çatan, amma pensiya almaq hüququ yaranmayan şəxslərə “Sosial müavinətlər haqqında” qanuna əsasən yaşa görə 130 manat sosial müavinət almaq hüququ var.
Bəs pensiya yaşı əhalinin orta ömür uzunluğu arasındakı fərqlər statistikaya necə təsir göstərir? Əhalinin hansı hissəsi pensiya yaşına qədər ömür sürə bilir? Yenə statistik rəqəmlərə nəzər salaq:
DSK bildirir ki, 2021-ci ildə Azərbaycanda gözlənilən orta ömür uzunluğu qadınlarda 78, kişilərdə 73 yaş olub. Bu göstərici ilə dünyada 198 ölkə arasında 121-ci yeri tuturuq.
Müstəqil ekspertlərin hesablamalarına görə, Azərbaycanda gözlənilən pensiya müddəti 7,5 ildir. Çünki əhalinin 30 faizdən çoxu 65 yaşa çatmadan vəfat edir. Bu göstəriciyə görə MDB məkanında yalnız Tacikistan bizdən geri qalır. Müqayisə üçün yazaq ki, Avropa Birliyi üzrə bütün ölümlərin 18%-i 65 yaşa qədər, 82%-i 65 yaşdan sonra baş verir. Ekspertlər bildirirlər ki, Azərbaycanda 2019-2020-c illərdə bütün ölümlərin 41%-i 65 yaşa qədər baş verib. Yəni vəfat edən hər 2 kişidən biri 65 yaşına çatmamış həyatını itirir. Vəfat edən hər 100 qadından cəmi 30 nəfəri 65 yaşadək həyata vida edir. Bu, kişilər üzrə göstəricidən az qala iki dəfə yüksəkdir.
Qeyd olunan mənfi göstəricilərə baxmayaraq, hökumət məqsədli şəkildə dövlətdən pensiya, müavinət alanların sayını kəskin şəkildə azaldır. Son 3 il ərzində həyata keçirilən tədbirlərə görə 211 min nəfər bu hüquqdan məhrum edilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi onları “saxta pensiyalar” adlandırır və cari ildə 500 milyon manata qənaət olunduğunu bəyan edir.
Azərbaycan neft-qaz resursları ilə zəngin ölkədir, hökumət 50 milyard dollardan artıq valyuta ehtiyatına malik olduğunu bəyan edir. Maliyyə Nazirliyi isə bildirir ki, 2022-ci ilin büdcəsi müstəqillik tarixində ən böyük büdcə olacaq. Amma bu vəsaitlərdən vətəndaşların əhəmiyyətli hissəsi faydalana bilmirsə, onun cəmiyyətin həyatında hansı müsbət rolu var? 10.5 milyonluq ölkədə muzdlu işləyənlərin sayı 1.7 milyon, bütün pensiya, müavinət alanların sayı isə 1.2 milyon nəfərdir. Uşaqpulu isə 2006-ci ildən bəri verilmir…
Dövlət bu rəqəmləri məqsədli şəkildə ildən-ilə azaldır. Nəticədə hökumət rəsmilərinin tez-tez dediyi “Azərbaycan sosial dövlətdir” şüarı havada qalır. Gerçəkdə isə Azərbaycan əhalinin sağ qalmaq üçün ölüm-qalıb mübarizəsi apardığı məmləkətə çevrilir… //pressklub.az//
Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024