İqtisadiyyat (16-10-2021, 16:42)
Qazın və elektrikin qiyməti niyə artırıldı? - Ekspertdən açıqlama
“SOCAR öz illik hesabatlarında 2016-cı ildən başyaraq hər il qazın maya dəyərinin daxili bazardakı satış qiymətlərindən aşağı olmasını vurğulayıb. Düzdür, bu göstəricilər hər il dəyişsə də, amma qazın daxili bazarda rentabelliyi əldə edilməyib. Çünki qiymətlər dövlət tərəfindən tənzimlənir”.
“Mediatv.az” xəbər verir ki, bunu enerji məsələləri üzrə ekspert İlham Şaban Feysbuk hesabında yazıb.
O bildirib ki, qazın ən böyük istehlakçısı Azərbaycan bazarında elektroenergetika sektorudur:
“Ona görə də “Azərkontrakt” qiyməti artırdığı təqdirdə elektrik enerjisinin satış qiymətinin artımı başadüşüləndir.
Təbii qazın hasilatı və satışı prosesində dövlət üçün yaranan zərərin aradan qaldırılması istiqamətində addım atılır. Enerji təchizatı sahəsinin dövlət büdcəsindən asılılığı subsidiyalaşdırılma azalır.
Nəhayət, bu addımlar ona görə atılır ki, dövlətin neft sektorundan əldə etdiyi qazanc son illər azalma nümayiş etdirir və hasilatın da təbii yolla azalması fonunda bu gəlirlərin artımına ümid etmək əbəsdir, buna görə də dövlət enerji sektoruna əvvəllər ayırdığı subsidiyaları yavaş yavaş azaltmağı və bir müddət sonra bazar relsləri üzərinə keçirməyi planlaşdırır”.