Mərkəzi Bank koronavirus pandemiyası ilə əlaqədar maliyyə sektoruna əlavə dəstəkləyici tədbirlər paketinə daxil olan tədbirin tətbiqi müddətini uzadıb.

Mediatv.az-ın məlumatına görə, iqtisadiyyatın müxtəlif sahələri üzrə tətbiq edilmiş məhdudiyyət rejiminin yumşaldılması fonunda və iqtisadi aktivliyin tədricən bərpa edilməsi şəraitində Mərkəzi Bankının İdarə Heyətinin 30 sentyabr 2021-ci il tarixli 26 nömrəli qərarına əsasən requlyativ dəstək tədbirlərinə yenidən baxılıb.

Ölkədə pandemiya şəraitinin davam etdiyi nəzərə alınaraq pandemiyadan təsirlənmiş fiziki şəxslər və sahibkarlıq subyektlərinin maraqlarının qorunması və dəstəklənməsi tədbirlərinin müddəti bir daha uzadılıb.

Belə ki, kredit öhdəliklərinin gecikdirilməsi halında borcalanlardan əlavə cərimə faizi, dəbbə pulu və digər cərimələrin hesablanmaması, borcalanların kredit öhdəlikləri üzrə gecikmələrlə bağlı onların kredit tarixçələrinin pisləşdirilməməsi barədə kredit təşkilatlarına verilmiş tövsiyələr əlavə olaraq üç ay müddətinə uzadılıb və 1 yanvar 2022-ci il tarixinədək qüvvədə saxlanılıb.