1 ildən çoxdur pandemiya səbəbindən durğunluq yaşayan iqtisadiyyatları hərəkətə gətirəcək sektorlardan biri də turizmdir. Bunu nəzərə alan bir çox dövlətlər post-pandemiya dövrü üçün artıq indidən daha çox turist cəlb etmək üçün rəqabətə başlayıblar. Belə ki, turizmlə bağlı Yunanıstan, Türkiyə və Çernoqoriya arasında rəqabət daha böyükdür. Müəyyən siyasi səbəblərdən müxtəlif dövlətlər Türkiyəyə turist axınına əngəl yaratmağa çalışsa da, qardaş ölkə lirənin ucuzlaşması fonunda öz cəlbediciliyini itirmir. Əksər Avropa ölkələri öz vətəndaşlarına tələb qoyub ki, Türkiyədən döndükdən sonra 10 gün karantində qalmalıdırlar. Yunanıstana və Çernoqoriyaya tətilə gedənlərə isə belə tələb yoxdur. Bunun özü seçim zamanı avropalı turistlər üçün bir təzyiqdir. Bundan başqa, Putin Rusiya vətəndaşlarını Türkiyədə istirahət etməkdən çəkinməyə çağırmışdı.
Sərhədlərin açılmasına gəlincə, Çernoqoriya və Yunanıstan sərhədlərini tam açaraq turistləri qəbula hazırlaşır. Gürcüstanda isə gələn aydan sərhədlər turistlərin üzünə açılır. Çernoqoriya isə ağıllı hərəkət edir, gələnlərdən COVİD testi tələb etmir, qayıdan turistlərə isə ölkələrinin tələb etdiyi tərzdə pulsuz testlər təşkil edəcək. Məqsəd odur ki, daha çox turist gəlsin, pul xərcləsin, hotellər, restoranlar işləsin, insanlara iş yeri yaransın və iqtisadiyyat əvvəlki gücünə qayıtsın. Turizmin böyük oyunçuları arasındakı bu rəqabət qiymətlərə də təsir edə bilər. Əksər ölkələr milli valyutalarını aşağı həddə saxlamağa çalışırlar.
Bəs görəsən, bir çox ölkələrdə turizm sektorunda qiymətlərlə bağlı cəlbedicilik azərbaycanlı turistlər üçün də maraqlı olacaqmı? Azərbaycan sərhədlərin açılması ilə bağlı nə qərar verəcək? Bu sektor yerli turistləri qazanmaq üçün mövsümə necə hazırlaşır?
Qeyd edək ki, sərhədlərin bağlı qalması turizm agentliklərini də narahat edir.
“Fly Travel” turizm şirkətinin rəhbəri Mamed Əliyev də “Yeni Müsavat”a açıqlamasında aviabiletlərin baha olduğunu və bu səbəbdən tələbatın azaldığını vurğuladı: “Rusiya turizm üçün sərhədlərini açsaydı yaxşı olardı. Çünki Türkiyəyə uçuşlar bahadır, 800-1200 manat arasında dəyişir. Rusiyaya uçuş daha ucuzdur, qiymətlər aşağı olsa, insanlar daha çox xarici ölkələrə üz tutar, gediş-gəliş olar, iş olar. Türkiyə artıq sərhədlərini açıb, Gürcüstan da açacaq. Avropa ölkələri də səfirliklərini açsalar, vətəndaşlara viza versələr turistlər artar. Uçuşlar olsa da, səfirliklər viza vermir, ona görə də turizm agentliklərinin işində durğunluq yaşanır. Türkiyədə Antalya, Bodrum istiqamətində hotellər işləyir, birbaşa reyslər də var, ancaq azərbaycanlılar az gedir. Ruslar isə artıq Türkiyəyə getməyə başlayıb. Azərbaycan insanında artıq bir inamsızlıq da yaranıb. Çünki bir çoxu ötən il turpaketlərə ödədikləri vəsaitləri geri qaytara bilmədilər. Bəziləri qaytararkən 30 faiz cərimə ilə qaytardılar. İnsanlar qorxur ki, yenə də turpaket alar, sərhədlər bağlanar və ötən il olduğu kimi pulu batar”.
M.Əliyev onu da vurğuladı ki, əgər bu mövsümdə Azərbaycan yerli turizmin inkişafını istəyirsə, qiymətlər aşağı salınmalıdır. Həmçinin turizm agentliklərinin normal fəaliyyət göstərməsi üçün aviabiletlərin ucuzlaşmasının da mühüm şərt olduğunu qeyd etdi.
Azərbaycan Turizm Assosiasiyasının (AzTA) İdarə Heyətinin sədri Əhməd Qurbanov da “Yeni Müsavat”a açıqlamasında vurğuladı ki, beynəlxalq yarışma səbəbindən Azərbaycan ölkəyə gəliş şərtlərini müəyyən qədər yumşalda bilər: “Hazırda dünya üzərində pandemiyanın hökm sürdüyü şəraitdə əksər ölkələrdə karantin şərtləri tətbiq olunur. Bəzi ölkələrdə yumşalmalar müşahidə edirik, sərtləşmə müşahidə etdiyimiz ölkələr də olur. Bundan başqa, vaksinasiya tələbi qoyan ölkələr də var. Azərbaycanda isə karantin şərtləri hazırda çox sərt olmasa da, sərhədlərin bağlı olması səbəbindən turistlər gələ bilmirlər. Vizaların verilməsi ilə bağlı problemlər də olur. ”Formula1" yarışması səbəbindən artıq vizaların verilməsində müəyyən yüngülləşmələr tətbiq olunub. Dövlət başçısı tərəfindən bununla bağlı sərəncam verilib. Koronavirus testi ilə ölkəyə giriş-çıxışın təmin olunması elə turistlər üçün də əlverişli olar. Bu, həm də ölkə iqtisadiyyatını ayaqda saxlamağa imkan verər".
Ə.Qurbanovun sözlərinə görə, hazırda regionlarda fəaliyyət göstərən turizm obyektlərinin vəziyyətini qənaətbəxş hesab etmək olar: “Yeni turizm müəssisələri, hotellər, ictimai-iaşə obyektləri açılır. Xaricdən turist gəlməsə belə, daxili turizmdə canlanma gözlənilir, öz vətəndaşlarımız bölgələrə səyahət edirlər. O baxımdan otellər işləyir, onların səviyyəsi də pis sayılmır. Onlar pandemiya şərtlərini də yerinə yetirirlər. Bəlli dövlət qurumları tərəfindən aparılan monitorinqlər də onu göstərir ki, sanitar-epidemioloji qaydalara əməl olunur, hər müştəridən sonra nömrələrin dezinfeksiyası həyata keçirilir. Bunlar onu deməyə əsas verir ki, bölgələrdə xidmət yaxşıdır. Bakıdakı hotellər pandemiya dövründə daha çox problem yaşayır, çünki xarici turist olmadıqda, bu hotellərdə qalan olmur. Bu da zamanla həll olunan məsələdir, vaksinasiya getdikcə tədricən sərhədlər açılacaq və xarici turistlər əsasən paytaxt hotellərinə üz tutacaq. Bununla bağlı dövlət qurumlarının da işi ondan ibarət olmalıdır ki, ilk növbədə sərhədlərin açılması ilə bağlı qərar daha ciddi müzakirədən keçərək verilməlidir. Bundan sonra həm bölgələrdəki, həm də paytaxtdakı hotellər daha sağlam şəkildə öz fəaliyyətini davam etdirə biləcəklər”.
Qiymətlərə gəlincə, Ə.Qurbanov vurğuladı ki, Azərbaycanda qiymətlərin tənzimlənməsi mexanizmi yoxdur və sahibkar öz obyektində istədiyi qiyməti müəyyənləşdirməkdə sərbəstdir: “Bazar iqtisadiyyatı şəraitində yaşadığımız üçün tələb və təklif məsələsi var. Tələb çoxdursa, təklif olunan qiymət də yüksəlir. Hotellər həqiqətən bahadır, ancaq müşahidə üçün həmin bahalı dediyimiz hotellərin həftəsonu doluluq səviyyəsinə baxsaq görərik ki, bir dənə də boş nömrə yoxdur. Nə qədər bahalı olsa da, həmin qiymətə otaqları sata bilirlər. Günah həm də bizdədir, bu bahalı hotellərə getməsək, onlar qiyməti bu qədər qaldırmazlar. Bölgələrdə həm bahalı, həm orta qiymətə olan, həm də ucuz otellər var. Doğrudur, orta səviyyəli və ucuz hotellərdə xidmət çox aşağı olur. Qiymətə görə xidmət adekvat olmur. Bahalı hotellərdə isə xidmət bir qədər yaxşı olur. Bölgələrdə isə orta səviyyəli hotellər var ki, nisbətən aşağı qiymətə keyfiyyətli xidmət əldə etmək mümkündür. Vətəndaşlara sözüm odur ki, büdcələrinə uyğun hotellərə üz tutsunlar”.
“Yeni Müsavat”
İqtisadiyyat (18-05-2021, 10:00)
Yerli turizmin inkişafını istəyiriksə... - qiymətlər aşağı salınmalıdır!
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024