İqtisadiyyat (30-07-2018, 20:00)
Büdcədən yayındırılan vəsait geri qaytarılıb
Hesablama Palatası 2018-ci ilin altı ayı ərzində həyata keçirdiyi nəzarət tədbirlərinin nəticələrini açıqlayıb.
Mediatv.az xəbər verir ki, nəzarət tədbirləri 3 mlrd. 2 mln. manat məbləğində vəsaiti əhatə edib.
Həmin vəsaitlərin 32,5%-ni dövlət büdcəsinin və 2,4%-ni büdcədənkənar fondların büdcəsinin xərcləri, 14,2%-ni dövlət zəmanəti ilə alınmış daxili və xarici kreditlər, 50,9%-ni isə dövlət mülkiyyətində olan müəssisələrin maliyyə təsərrüfat fəaliyyəti və təşkilatların funksional fəaliyyəti ilə bağlı vəsaitlər olub.
Dövlət büdcəsi üzrə əhatə edilən vəsaitin nəzərəçarpacaq hissəsi 2016-2017-ci illərdə icra edilmiş xərclər üzrə olub. Belə ki, cəmi məbləğin 42,3%-i 2016-ci ilə, 55,3%-i 2017-ci ilə aid olub, 0,3%-i 2018-ci ili və qalan 2,1%-i isə 2011-2015-ci illəri əhatə edib.
Əhatə edilmiş vəsaitin 96,1%-i dövlət büdcəsinin mərkəzləşdirilmiş, 3,9%-i isə büdcənin yerli xərcləri üzrə olub.
Hesabat dövrü ərzində dövlət satınalmalarının keçirilməsi zamanı inzibati xəta hallarının müəyyən edilməsi üzrə iki nəzarət tədbiri ilə bağlı müvafiq materiallar aidiyyəti üzrə Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.
Nəticələri ilə bağlı Kollegiya qərarı qəbul olunmuş tədbirlər üzrə 4 mln. 7 min manat və artıq ödənilmiş vergi məbləğlərindən azaldılması yolu 2 mln. 2 min manat məbləğində vəsaitin dövlət büdcəsinə, 87 min 200 manat məbləğində vəsaitin isə büdcədənkənar fondların büdcəsinə bərpası təmin olunub.