İqtisadiyyat (29-05-2018, 16:30)
İlham Əliyev: Cənub Qaz Dəhlizi yeni enerji damarıdır
Azərbaycan qazı yeni mənbədir və Cənub Qaz Dəhlizi yeni enerji damarıdır, Avropanın enerji xəritəsini yenidən tərtib edən layihədir.
Mediatv.az-ın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Cənub Qaz Dəhlizi layihəsinin açılış mərasimində çıxışında deyib.
“Bu layihənin həyata keçirilməsində iştirak edən bütün tərəflərin maraqları təmin edilib və bu da çox önəmlidir. Maraqlar balansı burada gözlənilib.
Hasilatçı ölkə Azərbaycan, tranzit ölkələr, o cümlədən Azərbaycan və başqa ölkələr. Və istehlakçı ölkələr, hansılar ki, Azərbaycan qazını alternativ qaz kimi alacaqlar və beləliklə, onlar üçün enerji təhlükəsizliyi məsələləri daha da dolğun şəkildə, tam təmin ediləcək.
Yəni bu maraqlar balansı olmasaydı, bu layihə həyata keçirilə bilməzdi. Bizim enerji siyasəti ilə bağlı yanaşmamız məhz bundan ibarətdir. Bütün iştirak edən tərəflər, şirkətlər, ölkələr öz mənfətini götürməlidirlər. Əlbəttə ki, Azərbaycan resursların sahibi kimi öz mənfəətini götürür və götürəcək.
Dövlət başçısı çıxışının sonunda bu layihələrin ölkəmizə nə qədər böyük fayda gətirdiyini qeyd edib.
“Bu gün Azərbaycan ayaqda möhkəm duran bir ölkədir, müstəqil ölkədir, müstəqil siyasət aparan, güclü iqtisadiyyata malik bir ölkədir. Son 15 il ərzində Azərbaycanda ümumi daxili məhsul üç dəfədən çox artıb.
Ölkə iqtisadiyyatına son 15 il ərzində 230 milyard dollardan çox sərmayə qoyulub. Azərbaycanda xarici dövlət borcu çox aşağı səviyyədədir, ümumi daxili məhsulumuzun cəmi 20 fazini təşkil edir.
Bizim valyuta ehtiyatlarımız xarici borcumuzdan 4-5 dəfə çoxdur. Yəni biz istənilən vaxtda bütün borcları rahatlıqla ödəyə bilərik. Azərbaycanda son 15 il ərzində yoxsulluq səviyyəsi təxminən 50 faizdən 5,4 faizə çatıb.
İşsizlik 5 faiz səviyyəsindədir. Bu onu göstərir ki, “qara qızıl”, neft və qaz insan kapitalına çevrilib. Onu göstərir ki, bizim siyasətimiz ondan ibarət olub ki, biz neft-qaz əməliyyatlarından əldə olunan gəlirləri bərabər, ədalətli şəkildə cəmiyyətdə bölək və ölkə iqtisadiyyatı üçün, inkişafı üçün lazım olan layihələrə yönəldək”.