İqtisadiyyat (16-04-2018, 12:00)
Səlim Müslümov pensiyaların artımından danışdı
Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyasının statistikasına əsasən, orta aylıq pensiyanın orta aylıq əməkhaqqına nisbətinə görə Azərbaycan postsovet ölkələri arasında ilk ikilikdə, yaşa görə pensiya üzrə əvəzetmə əmsalına görə isə birinci yerdə qərarlaşıb.
Mediatv.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov Yeni Azərbaycan Partiyasının rəsmi internet səhifəsinə müsahibəsində deyib.
S.Müslümov bildirib ki, Azərbaycanda yaşlı əhali kateqoriyalarının əhalinin ümumi sayında xüsusi çəkisinin hər bir faizinə düşən pensiya xərclərinin ÜDM-ə nisbəti 0,5 faiz təşkil edir.:
“İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının məlumatlarına nəzər salsaq, görərik ki, inkişaf etmiş ölkələr də təqribən eyni səviyyədə göstəriciyə malikdirlər”.
Nazir qeyd edib ki, əmək pensiyaları əvvəlki ilin orta aylıq əməkhaqqı artımına uyğun şəkildə cari ilin əvvəlindən daha 5,7 faiz artırılıb:
“Görülmüş tədbirlər nəticəsində əmək pensiyasının orta aylıq məbləği 2003-cü ilə nisbətən 11,3 dəfə artaraq 2018-ci il 1 yanvar tarixinə 208,4 manat olub, yaşa görə əmək pensiyasının orta aylıq məbləğinin ölkə üzrə orta aylıq əməkhaqqı məbləğinə nisbəti, yəni əvəzetmə əmsalı 28 faizdən 44,2 faizə yüksəlib.
2017-ci il ərzində əmək pensiyalarının maliyyələşməsinə yönəldilən illik vəsaitin həcmi 3.289,6 milyon manata çatıb ki, bu da 2003-cü ilə nisbətən 17 dəfə çoxdur”.