İqtisadiyyat (15-08-2017, 11:54)
Füzulidə sahibkarlığın inkişafına xüsusi diqqət yetirilir
Prezident cənab İlham Əliyevin respublikada sahibkarlığın inkişaf etdirilməsi, onların fəaliyyətinə müdaxilələr edilməməsi, sahibkarlar üçün yerlərdə münbit şərait yaradılması barədə tapşırıqları Füzuli rayonunda daim diqqət mərkəzində saxlanılır. Respublikamızın inkişafı sahibkarların gördükləri işlərdən asılıdır. Füzuli rayonunda sahibkarların fəaliyyəti, onların sərbəst işləmələri üçün heç bir maneə yoxdur, əksinə onların Füzuliyə gəlmələri, burada sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq rayonun inkişafına təkan vermələri üçün hər cür şərait yaradılır.
Füzuli aqrar rayondur. Rayonda taxılçılıq, heyvandarlıq, pambıqlıçılıq, baramaçılıq, üzümçülük, şəkər çuğunduru, bostan məhsulları və digər sahələrdə yerli istehsalın artılması, sahibkarlıq fəaliyyəti üçün əlverilşi şərait vardır. Rayonda sahibkarlara yaradılan şəraitin nəticəsidir ki, hazırda onlarla şəxs rayonda sahibkarlıq fəaliyyəti ilə məşğul olur, rayonun iqtisadiyyatının möhkəmlənməsində yaxından iştirak edirlər. Onlarla insan rayonda kənd təsərrüfatı, kiçik emal müəssisələri yaradaraq məhsul bolluğu yaradır, yeni iş yerləri açır, sahibkarlıq fəaliyyətlərini genişləndirirlər. Ölkə başçısının kənd təsərrüfatı ilə bağlı təsdiq etdiyi Strateji Yol Xəritəsinə uyğun olaraq son bir il ərzində rayonda 4 iri fermer təsərrüfatı yaradılıb, Horadiz şəhərində 10 ha ərazidə istixana kompleksi, Üçüncü Zobucuq qəsəbəsi ərazisində kənd təsərrüfatı məhsullarının satışı yarmarkası inşa edilib, 2700 ha sahədə sə Aqropark yaradılır. Hazırda Aqroparkda infrastrukturun yaradılmasına, pivotların montaj işlərinə başlanılmışdır. Aqroparkın ərazisində birinci mərhələdə 1000 hektar sahədə ölkənin strateji maraqlarına uyğun olaraq soya, qarğıdalı, taxıl, pambıq və digər bitkilər becəriləcək, həmçinin 1000 baş müasir-intensiv südlük istiqamətli heyvandarlıq kompleksi yaradılacaqdır. Aqroparkın istifadəyə verilməsi ilə rayon ərazisində, xüsusilə 11 Qayıdış qəsəbələrində yaşayan yüzlərlə məcburi köçkün işlə təmin olunacaqdır. Bütün bunlar rayonda sahibkarlar tərəfindən son bir ildə görülən işlərdir.
Füzuli rayonunda strateji məhsul sayılan pambıqçılıq və baramaçılığım inkişafına da xüsusi diqqət yetirilir. Cari ildə rayonun kümçüləri tərəfindən 25 tona yaxın barama istehsal olunmuş, barama istehsalçıları qısa müddətdə 220 min manat vəsait əldə etmişlər. Bu il rayonun hüququ və fiziki şəxsləri tərəfindən 2050 ha sahədə pambıq əkilib, pambıq sahələrində normal aqrotexniki qulluq göstərilmişdir. Hazırda rayonda pambıq tədarükü məntəqəsinin tikintisi sürətlə davam etdirilir.
Rayonun işğaldan azad olunmuş ərazisində aparılan tikinti-quruculuq, abadlıq işlərində sahibkarlar da fəal iştirak edir, öz biznes faəliyyətlərini genişləndirir, yeni iş yerlərinin yaradılmasına nail olurlar. Bütün bunlar isə rayonda sahibkarlara yaradılan şəraitin nəticəsində mümkün olmuşdur.
Füzuli rayon İcra Hakimiyyəti bir daha respublikanın hansı bölgəsində olmasından asılı olmayaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən iş adamlarını rayona dəvət edir, onları rayonda fəaliyyət göstərməyə, istehsal müəssisələri yaradaraq sahibkarlıq fəaliyyətlərini genişləndirməyə, yeni iş yerləri açaraq füzulinin yenidən qurulmasında fəal iştirak etməyə çağırır.