İqtisadiyyat (2-06-2017, 13:15)
Bakıda Xəzər Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat sərgisi işə başlayıb
Bu gün “Baku Expo Center”də VII Xəzər Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat (“Road&Traffic 2017”) sərgisi işə başlayıb.
Mediatv.az Oxu.Az-a istinadən xəbər verir ki, rəsmi açılış mərasimində Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə də iştirak edib.
Sərgidə Azərbaycan, Almaniya, ABŞ, Rusiya, Türkiyə, Çexiya və digər ölkələri təmsil edən şirkətlər yol-tunel layihələndirməsi və inşaatı üzrə xidmətlər, habelə yol təhlükəsizliyi vasitələri, yol maneələri, yolların işarələnməsi üçün avadanlıqlar, yol monitorları, şəhər infrastrukturunun layihələndirilməsi üçün proqram təminatı, nəqliyyatı intellektual idarəetmə sistemləri, avtobuslar və bir sıra digər məhsulları təqdim edir.
Qeyd edək ki, “Road&Traffic” sərgisi XVI Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika (“TransCaspian/Translogistica”) və IV Xəzər Beynəlxalq Kater və Yaxtalar (“CIBS 2017”) sərgiləri ilə eyni meydançada keçirilir.
Belə ki, bu il sərgi bir sıra şirkətləri bir araya gətirərək qayıq və yaxtalar, gəmi təmiri və gəmiqayırma sektorlarını da təqdim edir. Sərgidə nəqliyyat sahəsi üzrə məhsul və xidmətlərin geniş çeşidi - dəniz və dəmir yolları vasitəsi ilə yükdaşımalar, hərəkət heyətinin təmiri, dəmiryol nəqliyyatı üçün avadanlıq və komponentlər, gəmiqayırma və gəmi təmiri, dəniz limanları və liman xidmətləri, kommersiya təyinatlı nəqliyyat vasitələri üçün komponentlər və digər istiqamətlər təqdim olunur.
Sərgidə kommersiya şirkətləri ilə yanaşı, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC, Azərbaycan Dövlət Dəniz Administrasiyası və Ukrayna Dəmir Yolları İdarəsi kimi dövlət nəqliyyat strukturları da iştirak edir.
Sərgiyə Dövlət Dəniz Administrasiyası, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AzPROMO) və Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK) rəsmi dəstək göstərir. Sərginin təşkilatçıları qismində “Iteca Caspian” və onun Böyük Britaniya tərəfdaşı “ITE Group” şirkətləri çıxış edir.