İqtisadiyyat (6-03-2017, 14:35)
Təkrar bazarda yeni tikili mənzillərin qiymətində artım başlayıb – QİYMƏTLƏR
“Əmlak Bazarı İştirakçıları” İctimai Birliyinin monitorinq qrupunun apardığı araşdırmalara əsasən, paytaxt ərazisində 2017-ci ilin yanvar ayında təkrar bazarda yeni tikili mənzillərin qiymətində artım müşahidə olunub. Belə ki, 2016-cı ilin dekabr ayına nisbətən mənzillərin qiyməti 0,50% qalxıb.
Mediatv.az-a qurumdan bildirilib ki, təkrar bazarda yeni tikili mənzillərin qiymət dəyişməsi aşağıdakı kimi olub:
“2016-cı ilin yanvar ayından carı ilin yanvar ayına kimi yeni tikili mənzillərin qiyməti qeyri-sabit tendensiya göstərir. Qiymətin qeyri-sabit olması təklif portfelindən asılıdır və qiymətin artımı (enməsi) onunla əlaqədədir.
Belə ki, 2016-cı ilin dekabr ayında təklif portfelində 1500 AZN/kv.m. yuxarı olan mənzillərin payı (əsasən Nərimanov, Nəsimi və Səbail rayonlarında yerləşən mənzillər) 23,35% təşkil etmişdisə, yanvar ayında bu, 23,86% idi.
Beləliklə, bahalı mənzillərin payı təklif portfelində 0,51% artıb. Bu da 2017-ci ilin yanvar ayında yeni tikili mənzillərin qiymətinin qalxmasının əsas səbəbidir. Beləliklə, carı ilin yanvar ayına Bakı şəhəri üzrə yeni tikililərin orta bazar qiyməti 1438 manat/kv.m. təşkil etmişdi.
Keçən ilin dekabr ayından 2017-ci ilin yanvar ayına kimi ümumi təklif portfelində 12% artım qeydə alınıb. Beləliklə, ən çox yeni tikililər Xətai (27,0%) və Yasamal rayonlarında (25,8%) təklif olunub.
2016-cı ilin dekabr ayına nisbətən Yasamal rayonunda 0,9% azalma müşahidə olunur. “Çıxarış”sız olan mənzillər, əsasən, Yasamal rayonunda yerləşir (31%), “Çıxarış”lı mənzillər isə – Xətai rayonunda (23%).
Satışa təklif olunan mənzillərin əsas payını təmirli mənzillər tutur – 72%, təmirsiz mənzillərin payı isə 28% təşkil edir. Təklif portfelində “Kredit”lə təklif olan mənzillərdə müşahidə olunur, lakin ümumi portfeldə payı cüzi miqdardadır – 1,2%”, – deyə qurumun apardığı monitorinqlər nəticəsində məlum olub.
Bakı şəhəri rayonları üzrə yeni tikililərin orta bazar qiyməti:
№ | Bakı şəhəri və rayonları | Qiymət, AZN/kv.m. |
1 | Binəqədi | 1334 |
2 | Nizami | 1179 |
3 | Nərimanov | 1754 |
4 | Nəsimi | 1804 |
5 | Qaradağ | 897 |
6 | Sabunçu | 991 |
7 | Suraxanı | 907 |
8 | Səbail | 2317 |
9 | Xətai | 1266 |
10 | Xəzər, Pirallahı | 904 |
11 | Yasamal | 1401 |
Bakı şəhəri | 1438 |