İqtisadiyyat (14-02-2017, 14:29)
Bağlanan 10 bankın əmanətçilərinə 725 mln. manatdan artıq kompensasiya ödənilib
Əmanətlərin Sığortalanması Fondu lisenziyası ləğv olunan 10 bankın qorunan əmanətçilərinə ödənilən kompensasiyanın həcmini açıqlayıb.
Mediatv.az-a Fonddan verilən məlumata görə, 13 fevral tarixə “Parabank” ASC-nin qorunan əmanətçilərinə 43 mln. 169 min manat (ümumi kompensasiya öhdəliyinin 98,4%-i), “Zaminbank” ASC-nin qorunan əmanətçilərinə 54 mln. 338 min manat (ümumi kompensasiya öhdəliyinin 75%-i), “Kredobank” ASC-nin qorunan əmanətçilərinə 27 mln. 770 min manat (ümumi kompensasiya öhdəliyinin 99,5%-i) və “Dekabank” ASC-nin qorunan əmanətçilərinə isə 3 mln. 86 min manat (ümumi kompensasiya öhdəliyinin 98,7%-dan çox) kompensasiya ödənilib. 4 bank üzrə ümumilikdə 128 mln. 363 min manatdan artıq kompensasiya verilib.
13 fevral 2017-ci il tarixdə “Atrabank” ASC-nin qorunan əmanətçilərinə 14 mln. 275 min manat (ümumi kompensasiya öhdəliyinin 98,1%-dən artıq), “Qafqaz İnkişaf Bankı” ASC-nin qorunan əmanətçilərinə 1 mln. 974 min manatdan artıq (ümumi kompensasiya öhdəliyinin 94,4%-i) kompensasiya ödənişi edilib. 2 bank üzrə ümumilikdə 16 mln. 249 min manatdan artıq kompensasiya ödənilib.
“Bank of Azerbaijan” ASC-nin qorunan əmanətçilərinə 24 mln. 161 min manat (ümumi kompensasiya öhdəliyinin 97%-i), “Gəncəbank” ASC-nin qorunan əmanətçilərinə 976 min manat (ümumi kompensasiya öhdəliyinin 94%-i), “Texnikabank” ASC-nin qorunan əmanətçilərinə isə 120 mln. 428 min manatdan artıq (ümumi kompensasiya öhdəliyinin 98,2%-i) kompensasiya ödənişi həyata keçirilib. 3 bank üzrə ümumilikdə 145 mln. 565 min manatdan artıq kompensasiya ödənilib.
“Bank Standard” QSC-nin qorunan əmanətçilərinə 435 mln. 058 min manat artıq kompensasiya ödənişi baş tutub. Belə ki, ümumi kompensasiya öhdəliyinin 99%-i əmanətçilərə ödənilib.
Ləğv prosesində olan “Bank of Azerbaijan” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün ərizələrin qəbulu üzrə 1 il müddət 27 yanvar 2017-ci il tarixində başa çatıb və bu tarixədək “Bank of Azerbaijan”ın əmanətçilərinə 24 mln. 161 min (ümumi kompensasiya öhdəliyinin 97 %-i) kompensasiya ödənilib.
Ləğv prosesində olan “Gəncəbank” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün ərizələrin qəbulu üzrə 1 il müddət 04 fevral 2017-ci il tarixində başa çatıb və bu tarixədək “Gəncəbank”ın qorunan əmanətçilərinə 976 min 440 manat (yəni ümumi kompensasiya öhdəliyinin 94 %-i) kompensasiya ödənilib.
Ləğv prosesində olan “Texnikabank” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün ərizələrin qəbulu üzrə 1 il müddət 12 fevral 2017-ci il tarixində başa çatıb. 12 fevral 2017-ci il tarixədək “Texnikabank”ın qorunan əmanətçilərinə 120 mln. 433 min manatdan artıq (ümumi kompensasiya öhdəliyinin 98,2 %-i) kompensasiya ödənilib.
Ümumilikdə Fond tərəfindən 10 bank üzrə 725 milyon 240 min manatdan artıq kompensasiya ödənilib.