İqtisadiyyat (30-01-2017, 09:24)
“Ölkə iqtisadiyyatında mürəkkəb vəziyyət yaranıb” – Palata
“Dünyada son zamanlar baş verən siyasi, iqtisadi və sosial proseslər Azərbaycanda da yeni iqtisadi situasiya yaradıb”.
Mediatv.az xəbər verir ki, bunu Auditorlar Palatasının sədri Vahid Novruzovun “Azərbaycan” qəzetində dərc olunan məqaləsində bildirilir.
O bildirib ki, obyektiv və subyektiv səbəblər üzündən ölkə iqtisadiyyatının bəzi sahələrində mürəkkəb vəziyyət yaranıb: “Yalnız prezident İlham Əliyevin çevik, eyni zamanda yaxın və uzaq gələcəyə hədəflənmiş iqtisadi strategiyası sayəsində həmin vəziyyət böhran həddinə çatmayıb. Ölkədən kapital axınının cilovlanması, mal və xidmət istehsalçılarına yerli və xarici bazarlara çıxışın təmin olunması, bütün növ investisiyaların cəlbinə münbit şərait yaradılması və iqtisadi inkişafa xidmət edən prioritet layihələrin reallaşdırılması, müasir tələblərə cavab verən kadrların hazırlanması, idarəetmənin və planlaşdırmanın təkmilləşdirilməsi ölkə rəhbərinin iqtisadi siyasətinin yalnız bir hissəsini təşkil edir.
Bir cəhəti də xüsusi vurğulamaq lazımdır ki, yeni iqtisadi şərait ölkənin milli, o cümlədən iqtisadi təhlükəsizliyini möhkəmləndirməyi, mövcud imkanlardan səmərəli istifadəni zəruriləşdirməklə bərabər, iqtisadi möhtəkirliyi dəf etməyi, iqtisadiyyatın şaxələndirilməsini, maliyyə sabitliyi üçün yaranmış risk amilinin zəiflədilməsini, mülkiyyətçilərin hüquqlarının qorunmasının və korporativ idarəetmənin gücləndirilməsini, investisiya qoyuluşlarında dövlətin payının və istiqamətlərin optimallaşdırılmasını, ixrac potensialının və onun təşviqinin artırılmasını, biznes (sahibkarlıq) – investisiya mühitinin yaxşılaşdırmasını, sağlam rəqabətin və ölkə daxilində kooperasiyanın genişləndirilməsini daha da aktuallaşdırıb. Bütün bunlar “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”ndə göstərildiyi kimi, yeni dövrün ən mühüm strateji çağırışı “kapital akkumulyasiyası” əsaslı modeldən “məhsuldarlıq (effektivlik)” əsaslı artım modelinə keçidin təmin edilməsini özündə ehtiva edir. Bir sözlə, Azərbaycan iqtisadiyyatının yeni iqtisadi modelinin əsas parametrləri və onları üzə çıxaran amillər Yol Xəritəsində konkret şərhini tapıb”, – deyə o bildirib.