İqtisadiyyat (7-01-2017, 17:38)
Azərbaycan qızıl ehtiyatının bir hissəsini də satdı
Bu il yanvarın 1-nə Azərbaycanın qızıl ehtiyatı 22 ton təşkil edib.
Mediatv.az Ümumdünya Qızıl Şurasına (WGC) istinadən xəbər verir ki, bu, ötən ilin dekabrın 1-i ilə müqayisədə 0,07% azdır.
Hazırda Azərbaycanın qızıl ehtiyatları onun ümumi valyuta ehtiyatlarının 12,8%-ni təşkil edir və bununla ölkə dünya miqyasında 60-cı yerdə qərarlaşıb.
Xatırladaq ki, bir qədər əvvəl Beynəlxalq Valyuta Fondu (IMF) bəyan edib ki, Azərbaycan ötən ilin oktyabr ayında 4,2 ton qızıl satıb. Bu, ölkənin ümumi valyuta ehtiyatlarının 14,39%-i qədər olub.
Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) hesabatına əsasən, sentyabrda Azərbaycanın qızıl ehtiyatlarının həcmi 30,17 ton olub. IMF isə bu rəqəmin 29,182 ton olduğunu bəyan edib.
Qızıl ehtiyatlarının həcminə görə, dünyada ilk 3-lükdə ABŞ, Almaniya və IMF qərarlaşıb. ABŞ-ın 8133,5 ton, Almaniyanın isə 3377,9 ton qızıl ehtiyatı var. Bu da müvafiq olaraq onların ümumi valyuta ehtiyatlarının 74,2% və 68,1%-ni təşkil edir.
Dünyada ən az qızıl ehtiyatına malik ölkə isə Monqolustandır ki, onun da cəmi 1 ton qızıl ehtiyatı var. Bu da Monqolustanın ümumi valyuta ehtiyatlarının 2,8%-ni təşkil edir.