İqtisadiyyat (26-07-2016, 09:49)
Azərbaycanın qonşu ölkələrə verdiyi kreditlər - məqsəd nədir?
Ekspertlər bildirirlər ki, hökumət üzərinə götürdüyü öhdəliklərin maliyyələşdirilməsində getdikcə daha böyük çətinliklərlə qarşılaşır...
Mediatv.az: Azərbaycanın dəmir yolu və yük daşımaçılığına önəm verməyə başlaması bu sahəyə bağlı layihələrə maliyyə ayırmasını zəruri edib. Bir müddət əvvəl Gürcüstana sərfəli şərtlərlə kredit verən hökumət artıq İranla bağlı bu addımı atmağa hazırlaşır. Bildirilir ki, Azərbaycan İrana 500 milyon dollarlıq kredit verəcək.
İranın Azərbaycandakı səfiri deyib ki, Azərbaycan Mərkəzi Bankının İrana 500 milyon dollarlıq kredit verməsi məsələsi müzakirə edilir. “Azərbaycan Mərkəzi Bankının (AMB-nin) İrana 500 milyon dollarlıq kredit verməsi məsələsi müzakirə edilir”, deyə İranın Azərbaycandakı səfiri Mohsen Pak-Ayin bildirib.
O, məsələ ilə bağlı işçi qrupun da yaradıldığını söyləyib: “Bununla əlaqədar yaradılmış işçi qrupun vəzifəsi sözügedən məbləğin necə və nə vaxt yatırılmasına dair müzakirələr aparmaqdır. Müzakirələr barədə elan ediləcək”.
Bildirilir ki, Azərbaycan-İran Müştərək Komissiyası Rəşt-Astara dəmiryol xəttinin çəkilməsi üçün AMB-nin İran tərəfinə 500 milyon dollar verməsi şərtlərini müzakirəyə çıxaracaq.
Qeyd edək ki, bu il Azərbaycanla İranın dəmir yollarını birləşdirməyə imkan verəcək Astara çayı üzərində dəmir yolu körpüsünün təməlinin qoyulmasından sonra daha bir vacib addım atılıb. “Şimal-Cənub” dəhlizinin işləməsi üçün iyulun 15-də Nazirlər Kabineti “Xarici dövlətlərin yük avtomobillərinin, qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinin yol vergisindən və dövlət rüsumundan azad olunması Qaydası”nı təsdiq edib. Qaydalara müvafiq olaraq Azərbaycan ərazisindən dəmir yolu ilə nəql edilməsi məqsədilə gətirilən yükləri daşıyan xarici dövlətlərin yük avtomobilləri, qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələri yol vergisindən və dövlət rüsumundan azad olunur. Eyni zamanda Azərbaycan ərazisinə dəmir yolu ilə gətirilən yükləri başqa ölkələrə daşıyan yük maşınları da vergi və rüsum ödəməyəcək.
Ekspertlər bildirirlər ki, Azərbaycanın məhz zamanında İranla dəmir yollarının birləşdirilməsi təşəbbüsü ilə çıxış etməsi Bakı üçün hazırda çox böyük strateji üstünlük yaradıb. Ekspertlərin fikrincə, tranzit daşımalarında Azərbaycan üçün rəqabət qabiliyyətini saxlamaq və daha yaxşı alternativlər təklif etmək və tərəfdaşları birgə layihələrə cəlb etmək olduqca mühümdür. Postneft iqtisadiyyatı da məhz bu prioritetləri və strateji yanaşmanı zəruri edir. Hökumətin bu sahədən gözləntisi böyükdür. Statistik məlumatlar isə göstərir ki, bu ilin yanvar-iyun aylarında 2015-ci ilin eyni dövrünə nisbətən nəqliyyat sektorunda yükdaşıma qiymətləri milli valyutada 34,7 faiz artıb.
Ekspert Natiq Cəfərli məsələ ilə bağlı musavat.com-a açıqlamasında bildirib ki, Azərbaycanın bu cür layihələrə çox xərc qoyması doğru deyil: “Azərbaycan Bakı-Tiflis-Qars dəmir yolunun demək olar ki, bütün xərclərini öz üzərinə götürüb. Gürcüstana da faizsiz kredit verir, 20 illik kreditdir. Bu kreditin ilk on ilində ümumiyyətlə faiz hesablanmır. Sonrakı illərdə isə çox cüzi faiz hesablanması olacaq. Gürcüstan bu yoldan qazandığı vəsait hesabına bu borcu qapadacaq. Azərbaycan onsuz da bu layihənin əsas maliyyələşdiricisidir. Ola bilər, doğrudan da maliyyə çatışmazlıqları problemi də yaşanır. Bundan başqa, Gürcüstanla Türkiyə ərazisində müəyyən ekoloji problemlər də qalxmışdı. Bəzi ciddi iradlar vardı, bununla bağlı da maliyyə ayrıldı. İranla əlaqələrə gəldikdə isə Azərbaycan həm də ”Şimal-Cənub" dəhlizini işlətməyi və bunu aktiv hala gətirməyi düşünür. Amma Azərbaycan burada daha çox maraqlıdır deyə, İran təklif edib ki, Azərbaycan öz vəsaiti hesabına bəzi işləri görsün. Azərbaycan da razılaşıb. İndi Azərbaycan beynəlxalq layihələr çərçivəsində üzərinə o qədər böyük öhdəliklər götürüb ki, onların maliyyələşdirilməsində, öhdəliklərin yerinə yetirilməsində problemlər yaşanır. Ona görə də bu gecikmələr məhz bununla bağlıdır ki, Azərbaycan üzərinə götürdüyü öhdəliklərin maliyyələşdirilməsində getdikcə daha böyük çətinliklərlə qarşılaşır".
İqtisadçı alim Elşad Məmmədov isə musavat.com-a bildirib ki, Bakı-Tiflis-Qars dəmir yolu layihəsinin reallaşması ilə bağlı deyim ki, Azərbaycan tərəfi bu prosesdə öz öhdəliklərini lazımi səviyyədə yerinə yetirib: "Bu layihənin maliyyələşdirilməsində, layihə ilə bağlı təşkilati məsələlərdə Azərbaycan tərəfi öhdəliklərini tam şəkildə yerinə yetirib. Tikinti proseslərində ləngimə var. Hətta Gürcüstan ərazisində həyata keçirilən tikinti işlərinin də maliyyələşdirilməsində Azərbaycan tərəfinin böyük dəstəyi olub. Azərbaycan tərəfinin layihənin maliyyələşməsi prosesində xərcləri kəskin çox olub. Həmçinin Türkiyə ərazisində maliyyələşmə ilə bağlı müəyyən problemlər olub. Artıq neçənci dəfədir ki, region üçün çox önəmli hesab olunan bu layihənin tikintisində müəyyən ləngimələr olur. Biz bilirik ki, nəqliyyat dəhlizləri dünyada strateji önəm daşıyırlar. Ona görə belə layihələrin daha operativ şəkildə həyata keçirilməsi çox böyük iqtisadi məna daşıyır. Biz bilirik ki, bu layihə ilə bərabər, respublikada yeni nəqliyyat layihələri də planlaşdırılır, həyata keçirilir. Uzun müddətdir ki, “Şimal-Cənub” layihəsi ilə bağlı danışıqlar gedir. Hesab edirəm ki, bu layihələrin hər ikisi ölkə üçün çox böyük önəm daşıyır. “Şimal-Cənub” layihəsinin reallaşması üçün hökumətlər tərəfindən danışıqlar intensivləşməli, sürətlənməlidir. Çünki biz görürük ki, artıq ölkədə neft gəlirlərinin kəskin şəkildə azalması müşahidə olunur. Dövlət rəhbərliyi tərəfindən də artıq ölkədə neft erasının başa çatmasının anonsu verilib. Belə olan halda, ölkə iqtisadiyyatının dayanıqlı inkişafı üçün alternativ gəlir mənbələri axtarılmalıdır. Biz bilirik ki, dövlət rəhbərliyi tərəfindən ölkəyə yüklərin daşınmasında vacib tranzit ölkəyə çevrilməsi məsələsi gündəmə gətirilib. Prioritet istiqamət kimi bu, götürülüb. Ona görə də bu məsələlərdə, proseslərdə görülən işlər intensivləşməlidir. Təəssüf ki, bir sıra hallada ölkənin xarici partnyorları - Türkiyə, Gürcüstan ərazisində olan müəyyən problemlər, həmin ölkələrin daxili siyasətindən irəli gələn, həmin ölkələrdə müəyyən qüvvələr bu proseslərin ləngiməsinə çalışır. Ancaq hesab edirəm ki, bu proseslərdə artıq ölkə hakimiyyətinin siyasi iradəsi var və bu proseslərin sona çatdırılmasını biz müşahidə edəcəyik".
Ekspertin sözlərinə görə, bu layihələr reallaşıb sona çatandan sonra hesab edirəm ki, ən önəmli məsələlərdən biri dəhlizlərin iqtisadi səmərəliliyinin təmin edilməsidir: “Ona görə də artıq burada həmin o təşkilatın, Dövlət Dəmir yolu İdarəsinin artıq effektiv fəaliyyətindən çox şey asılı olacaq. Ona görə də hesab edirəm ki, müasir dünya standartlarına uyğun menecmentin təşkil olunması vacibdir ki, böyük xərclərlə, böyük investisiyalar bahasına başa gəlmiş bu layihələrin iqtisadi səmərəliliyini görə bilək. Çünki dünyada yükdaşımalar uğrunda çox ciddi rəqabət mövcuddur. Müxtəlif ölkələr tərəfindən rəqabət gedir. Yəni həm xarici siyasətində, həm qiymət siyasətində çevik, effektiv idarəetmə sistemi qurulmalıdır ki, bu layihələrin, konkret olaraq ”Bakı-Tiflis-Qars" dəmir yolu layihəsinin iqtisadi səmərəliliyini biz müşahidə edə bilək. Ancaq bu halda biz büdcə gəlirlərinin müxtəlif istiqamətlərdən əldə edilməsinə nail ola bilərik. Artıq bu halda çox böyük sərmayə, investisiya hesabına başa gəlmiş layihənin səmərəsini görə bilərik". (Musavat.com)

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
28 04 2025
28 04 2025
28 04 2025
28 04 2025
28 04 2025
28 04 2025
27 04 2025
27 04 2025
27 04 2025
27 04 2025
27 04 2025
27 04 2025
27 04 2025
27 04 2025
27 04 2025
27 04 2025
27 04 2025
27 04 2025
26 04 2025
26 04 2025
26 04 2025
Xırdalandan növbəti şikayət- "Viləşçay-İnşaat" MTK-nın rəhbəri özü üçün qanunlar tətbiq edib? -VİDEO
26 04 2025
26 04 2025
26 04 2025
26 04 2025
26 04 2025
26 04 2025
26 04 2025
26 04 2025
26 04 2025