Dünya Bankı (DB) 2016-cı ildə Azərbaycan iqtisadiyyatının 1,9% azalacağını proqnozlaşdırır.
Mediatv.az xəbər verir ki, bu barədə Dünya Bankının qlobal iqtisadiyyatının vəziyyəti və perspektivləri ilə bağlı açıqladığı iyun hesabatında bildirilir.
Qeyd edək ki, DB-nin yanvar hesabatında Azərbaycan iqtisadiyyatının 2016-cı ildə 0,8% artacağı proqnozlaşdırılırdı. Eyni zamanda, yanvar hesabatında Azərbaycan iqtisadiyyatının 2017-ci ildə 1,2%, 2018-ci ildə 2,7% artması proqnozlaşdırıldığı halda, yeni sənəddə bu rəqəmlər müvafiq olaraq 0,7% və 1,3%-dək azaldılıb. Bank, həmçinin dünya iqtisadiyyatının 2016-cı ildə artım proqnozunu yanvardakı 2,9%-dən 2,4%-ə, 2017-ci il üçün proqnozu isə 3,1%-dən 2,8%-ə endirib.
DB-nin hesabatında Azərbaycanla yanaşı, Rusiya və Qazaxıstan iqtisadiyyatının aşağı neft qiymətlərinin neqativ təsirinin davam edəcəyi açıqlanıb. Lakin bu ölkələrin iqtisadiyyatının bəzi sektorlarında böhranın "dib" nöqtəsinə çatdığı bildirilir. Bank, Beynəlxalq Valyuta Fondu (BVF) kimi 2016-cı ildə neftin orta illik qiymətinin 41 dollar/barel olacağını ehtimal edir.
"Report"