İqtisadiyyat (17-05-2016, 10:34)
Bu gün Yunanıstanda TAP-ın təməli qoyulur
Bu gün Yunanıstanın Saloniki şəhərində TAP qaz boru kəmərinin inşasının başlanması münasibətilə təntənəli mərasim keçiriləcək.
Mediatv.az-ın verdiyi məlumata görə, tədbirdə Yunanıstanın baş naziri Aleksis Tsipras, ABŞ Dövlət Departamentinin beynəlxalq enerji məsələləri üzrə xüsusi nümayəndəsi Amos Hokstayn, Avropa Komissiyasının vitse-prezidenti Maroş Şefçoviç, Bolqarıstanın energetika naziri Temenujka Petkova, TAP-ın icraçı direktoru Yen Bredşou, o cümlədən konsorsiuma daxil olan şirkətlərin (BP, SOCAR, Snam, Fluxis, Enagas və Axpo) nümayəndələri iştirak edəcək.
Mərasimdə həmçinin layihədə iştirak edən ölkələrin nümayəndə heyətlərinin iştirakı gözlənilir.
Qeyd edək ki, TAP “Şahdəniz-2” layihəsi çərçivəsində hasil ediləcək təbii qazın Avropaya çatdırılmasını nəzərdə tutur. Uzunluğu 870 km olacaq TAP kəməri Azərbaycan qazını Türkiyə, Yunanıstan və Albaniya ərazisi ilə İtaliyaya çatdıracaq.