İqtisadiyyat / Slayd (9-04-2016, 14:55)
“Şapka Mamed”in adı ətrafında qalmaqal - İLGİNC
Ağdamdan məcburi köçkün, şəhid atası Əli Hüseynovun şikayəti Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində araşdırılır. Bu haqda “Azadlıq”a Ə.Hüseynov özü məlumat verib.
Deyib ki, “Sahibkarlığa Kömək Milli Fondunun sədri Şirzad Abdullayev və ”Aqrarkredit"in rəhbəri Məmməd Musayev barədə baş prokuror Zakir Qaralova müraciət edib. Onun sözlərinə görə, müraciətinin araşdırılması barədə rəsmi məktub alıb: “Əvvəlcə müraciətim Yasamal Rayon Prokurorluğunda araşdırılırdı. Sonradan bildirdilər ki, müraciət araşdırılması üçün Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə göndərilib. Hətta bu qurumun müstəntiqi məni və oğlumu izahat vermək üçün çağırdı. Biz də 09.03.2016-cı il tarixdə izahat verdik. Amma bir müddət heç bir xəbər olmadı. Mən də bununla bağlı növbəti dəfə cənab Zakir Qaralova müraciət etdim. Artıq bizə məlum olub ki, məsələ ciddi şəkildə araşdırılır. Nəhayət ki, məmur özbaşınalığının qurbanı olmuş şəhid atasını dinləyən tapıldı. İnanıram ki, Korrupsiyaya Qarşı Mübarizə İdarəsi məsələyə ədalətli yanaşaraq obyektiv qərar verəcək”.
“Şapka Mamed” ayaması ilə tanınan Məmməd Musayevdən hüquq mühafizə orqanlarına tez-tez bu səpkili şikayətlər daxil olur. M.Musayevin adı vaxtaşırı ciddi qalmaqallarda hallanır. O, bir neçə vəzifə tutur: Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti olmaqla yanaşı, “Aqrarkredit” Səhmdar Kredit Təşkilatının İdarə Heyətinin sədri, “Azər-Türk Bank” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının sədri, Azərbaycan Banklar Assosiasiyasının Rəyasət Heyətinin üzvüdür. Həmçinin “Turanbank”ın sahibidir. Bu banka hazırda onun oğlu rəhbərlik edir. “Şapka Mamed” bank sektorunda kifayət qədər tanınan simalardandır.
Onun sahibi olduğu və rəhbərliyində təmsil olunduğu banklardan götürülən kreditləri özünəməxsus formada qaytarma metodları vətəndaşları canını boğazına yığıb. Bu haqda “Yeni Müsavat” qəzeti aylar öncə yazmışdı. Həmin məqalədə bildirilirdi ki, M.Musayevin nəzarətindəki banklardan kredit götürən şəxslər ən müxtəlif üsullarla təhdid və şantajla üzləşirlər. Məmməd Musayevin sahibi, oğlu Fuad Musayevin rəhbər olduğu “Turanbank”dan kredit götürən şəxslər ciddi psixoloji basqılara məruz qalır. M.Musayev dövlət idarələrində çalışan müştərilərə ismarış göndərir, onlara çatdırır ki, krediti vaxtında ödəməsələr bu haqda rəhbərlərinə şikayət edəcəklər.
Məqalədən sitat: “Borclu vətəndaşların siyahılarını tutduran ”Şapka Mamed" həmin siyahılar üzrə hansı müştərinin hansı nazirliyin və ya başqa dövlət strukturunun nəzdində işlədiyi aydınlaşdırılır. Müştərini banka dəvət edib ona “pulu ödəməsən, səndən nazirinə şikayət edəcəm” tipli şantaj dolu cümlələrlə hədələyir. Onun hədələrinə tuş gələnlər ödəmə qabiliyyətinin olmamasını dedikdə isə “sənə cinayət işi açdıracağam” söyləməklə qorxutmağa çalışır. Bu hədələr keçmədikdə isə “Şapka Mamed”in ətrafındakı idmançılar dövriyyəyə buraxılır. Bir müddət əvvəl redaksiyamıza müraciət edən şikayətçilərdən biri “Şapka Mamed”in banklarında problemli kredit məsələsinin bir başqa formasını da sınaqdan keçirildiyini söyləmişdi. Demişdi ki, M.Musayev bu iş üçün xüsusi qoçular da saxlayır".
Məqalədə Məmməd Musayevin kreditlərin qaytarılması üçün fiziki gücdən istifadə etdiyindən də bəhs olunurdu. Bildirilirdi ki, o, yanında Vasif Qasımov ad-soyadlı idmançı saxlayır. Həmin Vasif də özü kimi bir neçə idmançıdan ibarət qrup yaradıb ofislərə, evlərə gedib müştəriləri qorxudur, onları hədələyir.
M.Musayevin böyük bir maliyyə imperatorluğu qurduğu sirr deyil. O, ölkənin bank sektoruna ciddi təsir imkanlarına malikdir. M.Musayevi yaxından tanıyan maliyyəçilər iddia edirlər ki, son 1 ildə onun mövqeləri daha da möhkəmlənib. Cahangir Hacıyevin bank sektorundan çəkilməsi, Eldar Mahmudovun vəzifədən getməsi “Şapka Mamed”i və onun ətrafını xeyli ürəkləndirib. Mərkəzi Bankın rəhbəri Elman Rüstəmovla yaxın münasibətlərdə olan M.Musayev bu faktordan da güclənməsi üçün maksimum istifadə edir.
Amma Azərbaycanda çox güclü, qüdrətli siyasi və maliyyə bossları olub ki, bu gün səsləri ya türmələrdən gəlir, ya da... Ona görə də “Şapka Mamed”in həddən artıq güclənməsi, şişməsi heç yaxşı əlamət deyil.
Bordaqdakı dananı enində-sonunda kəsirlər..