İqtisadiyyat (12-02-2016, 11:18)
Venesuela neft istehsalçılarını ixracı “dondurmağa” çağırıb
Neft istehsal edən ölkələr neft ixracını “dondurmaq” məqsədilə OPEK-ə üzv olan dövlətlər və neft istehsalçısı olan digər ölkələr arasında konsensusa nail olmağa çalışırlar.
Mediatv.az-ın “Reuters”ə istinadən verdiyi xəbərə görə, neft istehsalının hazırkı səviyyədə dondurulmasına dair təklif Venesuelanın neft naziri Euloxio del Pinonun Rusiya, İran, Qətər və Səudiyyə Ərəbistanı kimi neft istehsalçısı olan ölkələrə səfəri zamanı səsləndirilib.
Rusiya və Qətər danışıqların digər iştirakçıları arasında konsensusun əldə olunacağı təqdirdə, bu ideyaya dəstək verəcəklərini əvvəlcədən bildiriblər.
Mənbə “Reuters”ə açıqlamasında bu ideyanın Səudiyyə Ərəbistanı tərəfindən dəstəklənəcəyini istisna etməyib: “Lakin bu barədə danışmaq tezdir, çünki dünya bazarına yenicə çıxış əldə etmiş İranın davranışı müəmmalıdır”.
“Venesuelanın neft naziri OPEK-in iyun ayına planlaşdırılmış sammitindən əvvəl müşavirə keçirmək niyyətindədir. Məqsəd neft istehsalının azaldılmasına və ya neft istehsalının hazırkı səviyyədə dondurulmasına dair konsensusa nail olmaqdır”, – deyə məsələ ilə yaxından məlumatlı olan mənbə qeyd edib.