İqtisadiyyat (25-06-2015, 18:26)
Beynəlxalq Bankı nə gözləyir? - AÇIQLAMA
Bank sektorunda baş verən hadisələrdən sonra Beynəlxalq Bank da müştərilər arasında öz nüfuzunu nisbətən itirib. Bu bankın idarə heyətinə sədr təyinatının da gecikməsi müəyyən sualların ortaya çıxmasına səbəb olub.
Məsələ ilə bağlı Hafta.az-a danışan iqtisadçı ekspert Vüqar Bayramov, bankın idarə heyətinə sədr təyinatının hansı prinsiplə aparılmasından və Beynəlxalq Bankın nüfuzunu qaldırmaq üçün nə etməli olduğundan danışıb. O bildirib ki, bank bir sıra texniki dəyişikliklərlə bərabər, mətbuatla da işini gücləndirməlidir:
“Nəzərə alsaq ki, Beynəlxalq Bankda səhmlərin 51 faizi dövlətin payına düşür. Dövlət yolunda isə Maliyyə Nazirliyi çıxış edir. Bu baxımdan bankın idarə heyətinə sədr təyinatında dövlətin təsir imkanları genişdir. Çünki qeyd etdiyim kimi, əsas səhmdar dövlətdir. Həmin şəxslər seçilərkən əsasən bank sektoru üzrə mütəxəsis olması daha məntiqlidir. Yeni sədr Beynəlxalq Banka olan inamı özünə qaytarmalıdır. Bu gün ən mühüm çətinliklərdən biri bu banka, ümumiyyətlə, bank sektoruna inamın azalmasıdır. Lakin nəzərə alaq ki, Beynəlxalq Bank ölkədə həm aktivlərin, həm əmanətlərin, həm də kredit portfelinin üçdə birini təşkil edir”.
Ekspert bildirib ki, hazırda ən əsas məsələ Beynəlxalq Bankın öz öhdəliklərini vaxtında yerinə yetirməsidir:
“Çünki əsas inamı əmanətçilər formalaşdırırlar. Əgər əmanətçi Beynəlxalq Bankın ona qarşı öhdəliklərini yerinə yetirirsə, bu zaman insanlar arasında banka inam artır. İkincisi, Beynəlxalq Bankın hazırda problemli kreditlərinin həcmi olduqca böyükdür. Bunun azaldılmasına ehtiyac var. Çox təəssüf ki, Beynəlxalq Bankın kredit siyasəti qüsurlu olub. Onlar girov tələb etmədən böyük kreditlər veriblər. Beynəlxalq Bank hazırda mətbuatın gücündən də istifadə edərək, ona olan psixoloji inamı bərpa etməlidir”.