İqtisadiyyat (22-06-2015, 14:44)
Ümumi dəyəri 360 mln. dollardan artıq olan YENİ MÜQAVİLƏ
Şahdəniz-2" və Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi (CQBKG) layihələri sürətlə irəliləyir.
Layihənin operatoru “BP-Azerbaijan” şirkətindən verilən məlumata görə, Azərbaycanda və Gürcüstanda yerləşən bütün quraşdırma və tikinti sahələrində artıq mühüm irəliləyişlər əldə olunub.
Bu işlərin bir hissəsi olaraq “Şahdəniz” bu yaxınlarda daha iki müqavilə imzalayıb. Həmin müqavilələr 2018-ci ildə ilk qaz əldə edildikdən sonra yatağın gələcək cinah hissələrinin işlənməsinə dəstək olmaq üçündür. Bu müqavilələrin imzalanması layihənin həyata keçirilməsi qrafikini dəstəkləyir və bu iri işlənmə layihəsinin bütün sahələrində əldə edilmiş irəliləyişə daha bir əlavədir.
"Şahdəniz-2" üzrə bundan əvvəl elan edilmiş əsas müqavilələrin davamı olan bu iki yeni müqavilənin birincisi sualtı hasilat sistemi avadanlıqlarının təchizatı üçün 297 mln. dollar dəyərində olan müqavilə “FMC Kongsberg Subsea AS” şirkəti ilə imzalanıb. Bu müqavilə çərçivəsindəki işlərin həcminə sualtı manifoldlardan, əlaqədar idarəetmə bloklarından və birləşdirici avadanlıqlardan ibarət 3, 4 və 5 saylı hasilat kompleksləri üçün avadanlığın təchizatı daxildir. Avadanlıqların təchizatı 2016-cı ildən 2021-ci ilədək mərhələlərlə həyata keçiriləcək.
İkinci müqavilə yatağın tammiqyaslı işlənməsi üçün tələb olunan sualtı fontan armaturlarının və köməkçi vasitələrin planlaşdırılan üç partiyasından ikincisinin təchizatı üçün 66 mln. dollar dəyərində olan müqavilə “OneSubsea (UK) Ltd” şirkəti ilə imzalanıb. Avadanlıqların təchizatı 2016-cı ildən 2021-ci ilədək mərhələlərlə həyata keçiriləcək.