İqtisadiyyat (13-04-2015, 17:02)
Dollar kreditlərinin taleyi məhkəmədə həll olunacaq
Ekspertlər bildirirlər ki, problemi “dondurmaq”dansa, onun həlli daha vacibdir
Ölkədə manatla bağlı qeyri-müəyyənlik iki aya yaxındır ki, davam etməkdədir. Əhalinin banklarla bağlı problemi daha da ciddiləşir. Belə ki, vətəndaşlar dollarla olan kreditlərini qaytarmaq istəmirlər və artıq bankları məhkəməyə verirlər.
Artıq Konstitusiya Məhkəməsi də işə qarışıb. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası olub.
AzərTAc-ın xəbərinə görə, iclasda Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə və “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) sorğusuna və Göyçay Rayon Məhkəməsinin müraciətinə baxılaraq, icraata qəbul olunması haqqında qərarlar çıxarılıb. Sorğu və müraciətlərə mahiyyəti üzrə tərəflərin iştirakı ilə Konstitusiya Məhkəməsi Plenumunun 2015-ci il mayın 7-nə təyin edilmiş iclasında baxılacaq.
Qeyd edək ki, Mülki Məcəllənin sözügedən maddələri dollarla götürülən kreditlərlə bağlıdır. Ombudsman və Göyçay Rayon Məhkəməsinin müraciətləri əsasında mübahisəli məsələ müzakirəyə çıxarılacaq.
Əksər ekspertlər isə bildirirlər ki, qanunvericilik vətəndaşın tərəfindədir.
Musavat.com-a bu barədə açıqlama verən ekspert Samir Əliyevin sözlərinə görə, qanunvericilikdə boşluqlar da var: “Devalvasiyadan artıq 2 aya yaxın müddət keçib. Hələ də bir sıra suallar cavabsız qalıb. Onlardan biri də xarici valyutada, xüsusən də dollarda olan kreditlərin hansı məzənnə ilə qaytarılması məsələsidir. Banklar və əhali arasında gərginlik yaranmasına rəğmən, hökumət müşahidəçi mövqeyindədir. Həm Mərkəzi Bankın, həm də Konstitusiya Məhkəməsinin ortaya konkret mövqe qoymaması kredit ödənişində kimin haqlı olmasını müəyyənləşdirməkdə çətinlik yaradır. Banklar isə müəyyən güzəştlərin - müddətin uzadılmasının və faiz dərəcəsinin aşağı salınmasının müqabilində problemi müvəqqəti də olsa, “dondura” biliblər. Seçim imkanı olmayan və müdafiəsiz qalan əhali isə kreditlərini yeni məzənnə ilə ödəməli olur. Reallıq budur ki, devalvasiya zərbəsi hər iki tərəfə dəyib: müştərilərin yüzlərlə və ya minlərlə ölçülən aylıq kredit ödənişi, bankların isə milyonlarla ölçülən öhdəlikləri 34 faiz artıb”.
Ekspertin sözlərinə görə, əhalinin zərəri ümumilikdə 1,7 milyard manatdır: “Dollar əmanətçilərinin qazancı təxminən 970 milyon manatdır. Bankların zərəri isə təxminən 2,7 milyard manat qiymətləndirilir. Bunların təxminən 1 milyard manatını dollar krediti vasitəsilə bərpa edə bilərlər, o da vaxtı uzatmaqla... Açıq valyuta mövqeyinə görə banklar devalvasiyadan əlavə olaraq, milyonlarla dollar məbləğində vəsait itiriblər. Qanunvericilikdə olan boşluqlar məsələyə hər kəsin öz nöqteyi-nəzərindən baxmasına əsas yaradır. Banklar təzə məzənnə ilə ödənişi tələb edir, müştərilər isə köhnə məzənnə ilə ödəmək niyyətlərini bildirirlər. Hər iki tərəf yanaşmada qanunvericiliyə istinad edilir. Qanunvericilik isə bu məsələdə birmənalı mövqe ortaya qoya bilmir. Bir qrup mütəxəssis əsas diqqəti Mülki Məcəllənin 439.7-ci maddəsinə yönəldərək, xarici valyutada olan kreditlərin müqavilə bağlanan vaxtda olan məzənnə əsasında ödənilməli olduğunu bildirir. Əsas kimi də məcəllədə göstərilən “öhdəliyin əmələ gəldiyi vaxt” götürülür. Bu halda kredit ödənişləri köhnə məzənnə ilə ödənilməlidir. Digər qrup isə Mülki Məcəllənin 439.2-ci maddəsinə istinad edərək, “ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır” fikrini əsas götürürlər və yeni məzənnə ilə ödənilməli olduğunu qabardır”.
S.Əliyev qeyd edib ki, əslində problem hüquqşünasların da qeyd etdiyi kimi, qanunlarımızın dilinin qüsurlu olmasında, hərfi tərcümə nəticəsində fikirlərin anlaşıqlı olmamasında, birmənalı fikir yürütmək imkanlarının məhdud olmasındadır: “Əslində kim haqlıdır? Məntiq baxımından banklar, sosial gərginlik baxımından əhali haqlıdır. Fikrimcə, bütün qeyri-müəyyənliklərə rəğmən, bu məsələdə qanunvericilik bankların mövqeyinin daha üstün olduğunu göstərir. Hətta Ali Məhkəmənin Plenumunun 4 saylı 24 noyabr 2005-ci il tarixli Qərarı da bankların mövqeyini gücləndirir. Qərarın 10-cu bəndində belə bir hissə var: “Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə, alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir”. Bu bənd göstərir ki, istənilən xarici valyutada olan borc ödəniş tarixinə olan məzənnə ilə ödənilməlidir.
Hüquqşünaslar yaxşı bilirlər ki, Ali Məhkəmənin Plenimunun Qərarları tövsiyəvi xarakter daşısa da, bir qayda olaraq məhkəmələr bu qərarı fəaliyyətlərində əsas kimi götürürlər. Ona görə də, müştərilərin köhnə məzənnə ilə ödəmək barədə iddia qaldırmasının məhkəmə perspektivi yoxdur. Bu vaxta qədər bankların əleyhinə çıxarılmış qərarların isə apellyasiya perspektivi sual altında qalır”.
Ekspertin sözlərinə görə, Azərbaycan qanunlarının əsas mənbələrindən biri olan Rusiya qanunvericiliyində bu məsələ dəqiq göstərilir: “Rusiya Mülki Məcəlləsinin “Pul öhdəliklərinin valyutası” adlanan 317-ci maddəsinə əsasən, xarici valyutada olan borc öhdəlikləri rublla ödənilir. Əgər qanunvericilikdə və ya tərəflərin razılaşmasında başqa məzənnə nəzərdə tutulmayıbsa, bu zaman ödəniş gününə olan rəsmi kurs əsas götürülür. Problemi “dondurmaq”dansa, onun həlli daha vacibdir. Borc məsələsi gələcəkdə problemə çevrilə bilər.
Nəzərə almaq lazımdır ki, banklar da oxşar addımı xarici valyuta əmanətçilərinə qarşı ata bilər. Bu məsələdə Konstitusiya Məhkəməsi ortaya konkret mövqe qoymalıdır. Ən yaxşısı isə qanunvericiliyə dəyişiklik edərək, maddələr dəqiqləşdirilməlidir.
Konstitusiya Məhkəməsi Azərbaycanda dollarla götürülmüş kreditlərin hansı məzənnə ilə qaytarılmasına aydınlıq gətirmək üçün mayın 7-nə iclas təyin edib. Böyük ehtimalla qərar bankların xeyrinə olacaq. Dövlət əhaliyə dəyən zərəri aradan qaldırmaq üçün istehlak krediti üzrə əhalinin payına düşən zərəri öz üzərinə götürməlidir. Söhbət təxmini hesablamalara görə 380 milyon manatlıq vəsaitdən gedir”.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024