Hadisə / Slayd (14-08-2016, 14:23)
“Şərq bazarı”nda da mağazalar bağlanır - Reportaj + Fotolar
…Paytaxtın bir zamanlar məşhur olan “Şərq bazarı” indi alıcı üzünə həsrət qalıb. Dolların bahalaşmasından sonra mağazaların əksəriyyəti bağlanıb.
Mediatv.az bildirir ki, Virtualaz.org saytının bazarda müşahidə aparan əməkdaşı xəbər verir ki, şəhərin mərkəzində, Nərimanov rayonunda yerləşən “Şərq bazarı” baxımsızlıqdan bərbad hala düşüb. Binada çatlar yaranıb, pəncərələrdə şüşələr qırılıb. Ticarət mərkəzinin girişində döşəmə bir neçə yerdən dağılıb. Yalnız tək-tük mağazada kondisioner işləyir, digərlərində isə nəfəs almaq mümkün deyil. Bazarın giriş-çıxışında piştaxtalar düzülüb.
…Saat günorta 12 olsa da, bazarda alıcı gözə dəymir. Satıcı qadınlardan bəziləri mürgü vurur. Yalnız müştəri gələn kimi canlanma hiss olunur.
“Bu istidə necə işləyirsiniz? Mağazalar da təmirsiz…” Satıcı dərhal sözümüzü kəsir: “Təmir edəndən sonra yer pulunu artıracaqlar. İndi ayda 300 manat yer haqqı ödəyirəm. Onsuz da bəzən günlərlə alver olmur. Yer pulunu güclə çıxarıram. Yer pulu artırılandan sonra bazarda heç kim qalmaz”.
Qadın paltarları satan Arif Məmmədov isə deyir ki, digər ticarət mərkəzlərindən fərqli olaraq, “Şərq bazarı”nda nisbətən ucuzluqdur. Di gəl ki, alıcı yoxdur: “Burada alver edənlərin əksəriyyəti Türkiyədən, Çindən mal gətirir. Məsələn, mən “Sədərək”dən, “Binə”dən mal almıram. Öz malımız olduğu üçün də nisbətən ucuz satırıq. Amma insanlar paytaxtın bu başından o biri başına “Sədərək” bazarına gedirlər, bu bazara gəlmirlər”.
Qonşu mağazanın satıcısı söhbətə qarışır. “Alıcı olmadığından malları maya dəyərindən də aşağı satırıq ki, təki yer pulunu çıxaraq. Çoxları da mənim kimi edir. Hərə evinə bir tikə çörək aparanda sevinir. Bu bazarda alver edənlərin əksəriyyətinin banklara borcu var”, – satıcı alıcı qıtlığından şikayətlənir.
Satıcı Çindən mal gətirmək üçün bankdan kredit götürüb. Amma dollar bahalaşandan sonra krediti ödəməkdə çətinlik çəkir: “Fikirləşdim ki, özüm mal gətirərəm, mağazaların sayını artıraram. Amma ötən ilin sonundan alver “öldü”. Çıxılmaz vəziyyətdə qaldım. İndi ayda 230 manat banka kredit ödəyirəm. Kreditə görə də başqa iş tapmağa cəsarət etmirəm”.
Ticarət mərkəzinin satıcıları onu da deyirlər ki, “Şərq bazarı” artıq əvvəlki imiciıni itirib. Buna görə də, indi satıcıların əksəriyyəti bazarı tərk edir.
“Alıcılıq qabiliyyəti zəifləyib. Bir az imkanlılar yeni açılan ticarət mərkəzlərində alver edirlər. Bizim kimi gündə 5-10 manata işləyənlər də ayaqqabı-paltarı yalnız ehtiyac olanda alırlar”. Bunu isə ayaqqabı satışı ilə məşğul olan Samir deyir.
Samir sentyabrda alverin canlanacağını güman edir. Deyir ki, məktəblərin açılmasını gözləyir: “Məktəb mövsümündə alıcı olur. Bu ətrafda yaşayanlar bazarlığı burdan edirlər. Amma məktəb mövsümü bitəndən sonra “Yaşıl bazar”da yer götürüb meyvə satacağam. Onsuz da qışda da alver zəifləyir. Pal-paltara nisbətən ərzağa, meyvə-tərəvəzə həmişə ehtiyac var”.
Yuxarı mərtəbəyə qalxırıq. “Heç nə almayın, heç olmasa, mallara baxın”. Yaşlı qadın cavab gözləmədən mallarını cəld masanın üstünə sərir. “Uşaq paltarlarının qiyməti 2 manatdan başlayır. Bu dəst bazarın girəcəyində 11 manata satılır. Amma mən 8 manata verirəm. Təmiz Türkiyə malıdır”.
Satıcı ötən həftədən alveri olmadığından şikayətlənir: “Qızımın 2 körpə yetiminə də mən baxıram. Bu yaşımda müştəri dalınca qaçıram. Satmaq bir yana, heç kim mallara baxmır. Bir-iki köynək satanda sevinirəm”.
Biz də 5 manat verib bir uşaq köynəyi alırıq. Arxamızca “Şərq bazarı”nda hər şey var, bircə müştəridən başqa” səslənən qadına “bazar olsun” deyib çıxış qapısına yönəlirik…