Hadisə (27-04-2016, 13:34)
Ermənilərin istifadə etdiyi qadağan olunmuş silah
Cəbhə xəttində döyüş əməliyyatlarının dayandırılması barədə tərəflər arasında əldə edilmiş razılaşmanı Ermənistan silahlı qüvvələri növbəti dəfə kobudcasına pozub.
Mediatv.az xəbər verir ki, Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, erməni silahlı bölmələri mövqelərimizi və təmas xəttinə yaxın yaşayış məntəqələrini beynəlxalq konvensiyalar tərəfindən qadağan edilmiş sursatlardan istifadə etməklə atəşə tutub.
“Azeri Defence” hərbi texnoloji jurnalının baş redaktoru Rəşad Süleymanov AzVision.az-a açıqlamasında bildirib ki, Müdafiə Nazirliyinin təqdim etdiyi fotoda yer alan sursat böyük ehtimalla Çin istehsalı olan 273 mm-lik WM-80 reaktiv yaylım atəş sistemindən atılıb.
Baş redaktor bildirib ki, hazırda Ermənistan Ordusunun Qarabağda yerləşən hərbi hissələrinin arsenalında kasetli sursatlar ata bilən sovet istehsalı 122 mm-lik “Qrad” və 220 mm çaplı “Uraqan”, Çin istehsalı WM-80 reaktiv yaylım atəş sistemləri var:
“Bundan başqa, bu tip döyüş elementləri kasetli aviabombalarda ola bilər. Amma son günlər ermənilər aviasiyadan istifadə etməyiblər. Apardığımız araşdırmalar və hərbçilərlə dəqiqləşmələrdə “Qrad” və “Uraqan” raketlərinin daxilindəki döyüş elementlərinin bu tip olmadığını bildirdilər. Hazırda ermənilərin Qarabağ ərazisində kasetli sursatllarla atəş aça bilən yeganə sistemi WM-80-dir. Hərbçilərimiz də bu sursatın Azərbaycan və Ermənistanın istifadəsində yer alan və faktiki olaraq son döyüşlərdə istifadə edilmiş artilleriya sistemlərindən heç birində olmadığını deyirlər. Kasetli silahlar rəqibin canlı qüvvəsini və infrastruktrunu sıradan çıxarmaq üçün nəzərdə tutulur. Sursat bəlli məsafədə açılır və daxilindəki çox sayda sursat ətrafa səpələnir. Kasetli silahların acı nəticələri heç də piyadalar əleyhinə minalardan az deyil. Müharibədən sonra da qurbanları olur”.
R.Süleymanov qeyd edib ki, Human Rights Watch təşkilatı Gürcüstanda, Yəməndə, Suriyada, Ukraynada dinc əhaliyə kasetli silahların tətbiqini beynəlxalq təşkilatların hesabatlarına salıb:
“Hazırda dünyada kasetli silahların ləğvi gündəmdədir. 100 ölkə bu silahların və döyüş sursatlarının ləğv edilməsi üzrə beynəlxalq konvensiyanı imzalayıb. Azərbaycan və Ermənistan isə bunu imzalamayıb. Buna baxmayaraq Azərbaycan sovetdən qalan kasetli sursatların utilizasiya edir”.