Hadisə (15-04-2016, 17:28)
Moskvanın İrəvanı silahlandırmasının 3 ŞOK SƏBƏBİ
ABŞ-ın “The Washington Post” nəşri Rusiyanın Ermənistanı silahlandırmasının üç səbəbi haqda yazıb
Mediatv.az xəbər verir ki, nəşr son dövrlər Rusiyanın Ermənistana daha çox silah göndərdiyini xüsusi vurğulayıb və bunun səbəblərini təqdim edib.
1. Rusiya ilə Ermənistan Türkiyə qorxusuna qarşı daha sıx ittifaqda birləşirlər. Vladimir Putinin strategiyasının birinci istiqaməti Türkiyə sərhədi boyunca rus qoşunlarının yerləşdirilməsidir. Rusiya strategiyasının ikinci istiqaməti Dağlıq Qarabağ münaqişəsini yenidən alovlandırmaqdır. Rusiya münaqişə tərəfləri olan Azərbaycan və Ermənistana silah satır. Hazırda Azərbaycanın hərbi gücü Ermənistanı xeyli üstələsə də, rus hərbiçiləri İrəvanı Qarabağda müharibəni alovlandırmağa həvəsləndirə bildi.
Azərbaycan Türkiyə üçün həyati əhəmiyyət daşıyan regional müttəfiqdir. Türkiyə Xəzər dənizində Azərbaycanın geniş enerji resurslarına güvənir. Həmçinin, Dağlıq Qarabağ məsələsində Azərbaycanı dəstəkləyir. Rusiyanın Ermənistana artan hərbi dəstəyi də Türkiyənin Qafqaz strategiyasının qarşısını almaq və regionda öz gücünü möhkmləndirmək məqsədi daşıyır.
2. Suriyada Rusiyanın apardığı kampaniya onun Ermənistanı silahlandırmasının digər səbəbidir. Belə ki, Moskva Əsəd Suriyası və Ermənistanla birlikdə Türkiyəyə qarşı birlik formalaşdırır. Bəşər Əsədin Suriyada cinayətlərinə baxmayaraq, Ermənistan Rusiya kimi onu hələ də ölkənin qanuni prezidenti hesab edir. 2015-ci ilin may ayında Ermənistan xarici işlər naziri Eduard Nalbayndan Suriyaya səfər etdi və Bəşər Əsəd Suriya lideri kimi “erməni soyqırımı” məsələsində İrəvanı dəstəklədiyini bəyan etdi. Hansı ki, indiyə qədər Suriya bu məsələyə ikitərəfli münasibət bildirirdi.
3. Rusiyanın Ermənistana hərbi dəstəyinin üçüncü səbəbi isə İrəvanda rejim dəyişikliyinin qarşısını almaq məqsədinə xidmət edir. 2014-cü ildən başlayaraq Ermənistanda anti-Rusiya əhval-ruhiyyəsi güclənib. Sonuncu dəfə elektrik enerjisinin qiymətlərinin artmasına qarşı ciddi etiraz aksiyaları keçirildi. Rusiya məcbur olaraq müəyyən güzəştə getdi.
Hazırda Ermənistan prezidenti Serj Sarkisyanın anti-Qərb mövqeyi ölkəsində etirazla qarşılanır. Moskva Ermənistana hərbi köməyini artırmaqla Sarkisyana gələcəkdə kütləvi etirazları əzməyə zəmanət verir.