Hadisə (17-03-2016, 19:43)
Rusiya gömrükçüləri azərbaycanlı biznesmenlərlə iş birliyində ittiham olundu
Moskvanın "Vnukovo" Beynəlxalq Hava Limanının gömrük işçiləri Türkiyədən yük daşınması ilə məşğul olan etnik mütəşəkkil cinayətkar qrup ilə əlbir olmaqda şübhəli bilinir.
Mediatv.az Haqqin.az-istinadən bildirir ki, bu barədə Rusiya İstintaq Komitəsinin Moskva Regionlararası İstintaq İdarəsinin məlumatında deyilir.
Məlumatda vurğulanır ki, Azərbaycan və Türkiyə vətəndaşlarından ibarət qrupun üzvləri "Vnukovo" gömrükçüləri ilə əlbir olaraq Türkiyədən əl yükü şəklində kommersiya yüklərinin Rusiya ərazisinə qanunsuz gətirilməsi ilə məşğul oublar. Qrupun tərkibinə 20-dən çox şəxsin daxil olduğu bildirilir.
Müəyyən edilib ki, ayda qanunsuz olaraq 30 tona yaxın mal daşınıb.
Qaçaqmalçılar bildiriblər ki, 5 il ərzində gömrük xidməti əməkdaşlarının köməyi ilə "yaşıl dəhliz"dən keçiblər, halbuki onların yükü bütün vergi rüsumları ödənilmək şərti ilə "qırmızı dəhliz"dən keçməklə rəsmiləşdirilməli idi.
Rusiya İstintaq Komitəsinin Moskva Regionlararası İstintaq İdarəsi tərəfindən Rusiya Daxili İşlər Nazirliyinin İqtisadi Təhlükəsizlik və Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin materialları əsasında "Vnukovo" gömrükçülərinin öz səlahiyyətlərini aşması faktı üzrə istintaqa qədər yoxlama aparılıb.
Yoxlama başa çatandan sonra müvafiq qərar qəbul olunacaq.