Hadisə (10-08-2023, 08:12)
Onlar da yaxınlarını dənizdə itirib - Fotolar
Mediatv.az xəbər verir ki, müxtəlif illərdə boğulanlar arasında tanınmış şəxslərin yaxınları da yer alır.
Bunlar sırasında mərhum klarnet ustası Ata Atakişiyevin böyük oğlu İlkin Atakişiyev var. O, 1996-ci ildə dənizdə boğularaq vəfat edib.
Ötən ay Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Mühafizə Alayının əməkdaşı Asəf Abdullayevin qızları 17 yaşlı Aysel və 15 yaşlı Aysun Abdullayevalar Xəzər dənizində boğularaq ölüblər.
2015-ci ildə müğənni Tacir Şahmalıoğlunun kiçik qardaşı 36 yaşlı Mahir Allahverdiyev Novxanı çimərliyində boğulub.
Dövlət Reklam Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Hüseyn Azərin qardaşı da dənizdə faciəvi şəkildə vəfat edənlər arasındadır. 29 yaşlı Cavid Əzizov Kürdəxanı çimərliyində boğularaq dünyasını dəyişib.
O vaxtlar televiziya kanalında aparıcı işləyən H. Azəri həmin günü belə xatırlayırdı: "Evə ikigünlük gəlmişdim. Qardaşım israrla dedi ki, gedək dənizə. Etiraz etdim ki, bu küləkdə nə dəniz, başqa vaxt gedərik. Əl çəkmədi ki, necə qardaşsan, mənimlə dənizə də getmək istəmirsən. Məcbur qalıb, getdim. Elə suya təzəcə baş vurmuşdu ki, gördüm hündür bir dalğa onu görünməz etdi. Qışqırdım ki, tez sudan çıx. Gördüm tərpənmədən dalğanın ortasında qalıb. Qorxudan ürəyi partlayıbmış. Çünki meyiti yuyanlar dedilər ki, kürəyi qapqara idi. Mən onu dalğaların arasından güclə çıxartdım. Sahildə yarım saat təcili yardım maşını gözlədik. Ona süni nəfəs verdim, ağzından suyu qaytardı, amma ayılmadı. Heç xəstəxanaya çatdıra bilmədim. Evdən qardaşımı salamat apardım, meyiti ilə qayıtdım. Kaş onun yerinə mən öləydim”.
Mərhum bəstəkarlar Nailə və Hikmət Mirməmmədlinin 16 yaşında olan böyük oğlu illər əvvəl dənizdə boğularaq dünyasını dəyişib.