Gündəm (22-01-2017, 22:13)
AŞPA-nın qış sessiyası sabahdan başlayır
Yanvarın 23-dən 27-dək Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyası keçiriləcək. Sessiyada Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, bu təşkilatda Azərbaycanın daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçılığı ilə deputat qrupu iştirak edəcək.
Mediatv.az AzərTac-a istinadən xəbər verir ki, sessiyada Türkiyədə və Ukraynada demokratik təsisatların fəaliyyəti, Suriyada vəziyyət və onun qonşu ölkələrə təsiri, eləcə də Livanda vəziyyət, regional sabitlik, Avropada təhlükəsizlik çağırışları və Qəzzada humanitar böhran kimi mövzular müzakirə olunacaq.
Eyni zamanda, Avropada jurnalistlərə və mətbuat azadlığına qarşı təhdidlər, internet media və jurnalist fəaliyyətində hesababtlılıq və çağırışlar, kiber ayrı-seçkilik və internet vasitəsilə nifrət çıxışlarına son qoyulması kimi mövzularda sessiyanın gündəliyinə daxil edilib. Assambleya, həmçinin ölkələr üzrə monitorinq mexanizmlərinin inkişafı məsələlərinə də diqqət yetirəcək.
Sessiyada Kiprin və Rumıniyanın prezidentləri, genişlənmə və Avropa qonşuluq siyasəti üzrə Avropa komissarı, Kiprin xarici işlər naziri çıxış edəcək, Avropa Şurasının baş katibinin qurumun fəaliyyəti barədə məruzəsi dinləniləcək.
Azərbaycan nümayəndə heyətinin üzvləri gündəlik məsələlərlə bağlı çıxış edərək fikirlərini bildirəcəklər.