Gündəm (19-08-2016, 19:16)
Bakı həyat səviyyəsi yaxşılaşan 10 şəhərdən biridir
“The Economist” məcmuəsi son sayında 2016-cı il üçün dünyanın “Ən yaşamalı şəhərləri”nin reytinq cədvəlini və bu barədə hesabatı dərc edib.
Mediatv.az-ın məlumatına görə, hesabatda deyilir ki, dünya şəhərlərinin reytinqini hazırlamaq o qədər də asan deyil, buna görə də məcmuənin araşdırmaçı qolu “The Economist Intelligence Unit” “yaşamalı şəhər” deyilən yeni konsepsiyadan istifadə edib.
“The Economist”in hesabatında qeyd olunur ki, əslində son qiymətləndirmədən, yəni 2011-ci ildən bu yana şəhərlərin reytinq cədvəlində dramatik dəyişiklik baş verməyib.
Dünyanın “ən yaşamalı” 10 şəhəri yenə də aşağıdakı kimidir:
Melburn (Avstraliya), Vyana (Avstriya), Vankuver (Kanada), Toronto (Kanada), Kalqari (Kanada), Adelaide (Avstraliya), Pert (Avstraliya), Oklend (Yeni Zelandiya), Helsinki (Finlandiya) və Hamburq (Almaniya).
“The Economist” məcmuəsinin reytinqində Bakı “həyat səviyyəsi yaxşılaşan” 10 şəhərə aid edilib.
Dünyanın “ən az yaşamalı” şəhərləri isə Kiyev, Duala (Kamerun), Harare (Zimbabve), Kəraçi (Pakistan), Əlcəzair, Dəkkə (Banqladeş), Tripoli (Liviya) və Dəməşqdir (Suriya).
Lakin builki hesabatda Azərbaycanın adı xüsusilə çəkilir. Belə ki, pPaytaxt Bakı yaxşılığa doğru dəyişən “yaşamalı şəhərlər” sırasındadır. Son beş ildə Bakının reytinqi 1,6 faiz yaxşılaşıb. Bakının ümumi yeri isə 140 şəhərin arasında 103-cüdür.
Yaşama şəraiti yaxşılaşan şəhərlərin sırasında Bakıdan başqa, Dubay (74), Küveyt (81), Bratislava (63) və Varşava (65) da var.
Bununla belə, ümumi reytinqdə yalnız 126-cı yeri tutan Tehran bu kateqoriyada ən heyrətamiz nəticəni göstərib. Bu şəhərdə yaşama şəraiti son beş ildə 5 faiz yaxşılaşıb.
Maraqlıdır ki, ən az yaşamalı şəhərlər sırasında olan Harare də son beş ildə 4,4 faiz yaxşılaşma nümayiş etidirib.
Hesabatda deyilir ki, şəhərlərin göstəricilərindəki dəyişmələr terror, münaqişə və siyasi sabitsizliyi nümayiş etdirir.
Məsələn, son beş ildə həyat səviyyəsi Dəməşq (140) və Kiyevdə (131) 25-26 faiz pisləşib. Moskva (80) və Sankt Peterburq (76) şəhərləri də pisləşməyə doğru dəyişib.
Trend