Gündəm (7-08-2016, 16:35)
“İran Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir” – Prezident
“İran inanır ki, region ölkələrində sülh və sabitlik bərpa olunacaq. Hər bir problem sülh yolu ilə həllini tapmalıdır”.
Mediatv.az xəbər verir ki, APA-nın məlumatına görə, bunu Azərbaycanda rəsmi səfərdə olan İran prezidenti Həsən Ruhani Azərbaycan prezidenti İlham Əliyevlə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.
H. Ruhani bildirib ki, İran Azərbaycanın ərazi bütövlüyünü həmişə dəstəkləyib: “Regiondakı münaqişələr sülh yolu ilə həllini tapmalıdır. İran Azərbaycan və Ermənistanın qonşusu kimi məsələnin sülh yolu ilə həllinə çalışıb. İranın əlində münaqişənin həlli ilə bağlı imkan olsa, əsirgəməyəcək”.
Terrorçuluğa qarşı mübarizədən danışan İran prezidenti bildirib ki, iki ölkə bu sahədə əməkdaşlıq edəcək: “Mədəniyyət sahəsində, nifrətə, qarşıdurmaya qarşı olan islamın təbliği sahəsində birgə fəaliyyətlə bağlı da razılığa gəldik. Radikallıqdan uzaq olmalıyıq. Elm və texnologiya sahəsində də əməkdaşlığımız genişlənməlidir”.