Azərbaycan Respublikasının prezidenti İlham Əliyev martın 31-də Vaşinqtonda Amerika Birləşmiş Ştatlarının ictimai xadimləri – “Armitage International” şirkətinin prezidenti Riçard Armitac və Karnegi Fondunun prezidenti Uilyam Börns ilə görüşüb.
Mediatv.az xəbər verir ki, görüşdə Azərbaycan ilə ABŞ arasında əlaqələrin daha da genişlənməsi və möhkəmlənməsi ilə bağlı fikir mübadiləsi aparılıb. Ötən dövrdə Azərbaycan ilə ABŞ-ın enerji, təhlükəsizlik, sülhyaratma və digər sahələrdə yaxşı əməkdaşlığının olduğu vurğulanıb. Ölkələrimiz arasında münasibətlərin güclü təməl üzərində qurulduğu, hazırda əlaqələrin yeni mərhələyə daxil olduğu qeyd edilib. Azərbaycan-ABŞ əməkdaşlığının bundan sonra da bütün sahələrdə genişlənəcəyinə və möhkəmlənəcəyinə əminlik ifadə olunub.
Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqların hazırkı vəziyyəti ətrafında fikir mübadiləsi aparılıb.
Azərbaycan prezidenti İlham Əliyev martın 31-də Vaşinqtonda Amerika Birləşmiş Ştatlarının “Export-Import” Bankının sədri və prezidenti Fred Hokberq ilə də görüşüb.
Görüşdə Azərbaycan ilə “Export-Import” Bankı arasında əlaqələrin genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb, müxtəlif sahələrdə əməkdaşlıq imkanlarının öyrənilməsinin vacibliyi vurğulanıb. Azərbaycanda həyata keçiriləcək bir sıra layihələr üzrə, həmçinin elektrik enerjisi, qaz, suvarma, pambıqçılıq və s. sahələrdə “Export-Import” Bankı ilə əməkdaşlıq imkanları müzakirə edilib.
Söhbət zamanı Azərbaycanda yeni islahatlar proqramının həyata keçirildiyi, bunun biznes sahəsində fəaliyyət üçün yaxşı imkan yaratdığı bildirilib. Azərbaycan iqtisadiyyatının neftdən asılılığının aradan qaldırılması istiqamətində mühüm işlər görüldüyü diqqətə çatdırılıb.
Görüşdə, həmçinin Şərq-Qərb nəqliyyat dəhlizi, daşımalar və digər sahələrdə əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb.