Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Gündəm / Slayd (12-01-2016, 09:59)
Prezidentin mesajları: icra başçıları əndişədə

 Prezidentin mesajları: icra başçıları əndişədə

“Bunun səbəbi kənarda yaranıb”; Ötən il keçirilən müşavirələrdən fərqli olaraq dövlət başçısı nazirlərə dəymədi, onları tənqidlərdən qorudu, amma bu o demək deyil ki...; prezidentin çıxışındakı “xarici faktorlar”ı xatırlatmaq nəyə hesablanıb? Xalq manatın devalvasiyasından daha qorxulu olandan -yarana biləcək xaos və siyasi gərginlikdən ehtiyat edir... 

 

Mediatv.az xəbər verir ki, Manatın ötən ilin sonunda və 2016-cı ilin əvvəlində devalvasiyası, qiymətlərin bahalaşması, dolların kursunun isə üzən məzənnədə hətta nəzarətdən çıxması fonunda prezident İlham Əliyevin Nazirlər Kabinetinin toplantısında verəcəyi mesajlara diqqəti artırmışdı. İqtisadçı ekspertlər də son günlər cəmiyyəti ən çox narahat edən “vəziyyətimiz necə olacaq” sualına birmənalı olaraq prezidentin keçirəcəyi müşavirədə aydınlıq gətirəcəyini deyirdilər. 
Yanvarın 10-da İlham Əliyevin Nazirlər Kabinetinin iclasında səsləndirdiyi  mesajları dörd qrupa ayırmaq olar. Birincisi, prezident son ayılar ikinci dəfə yenə neftin qiyməti ilə bağlı məsələnin siyasi olduğunu dedi. O,  manatın ikinci devalvasiyasından sonra da “neftin qiymətinin il ərzində birdən-birə 3 dəfə düşməsi düşünülmüş siyasətdir, bu siyasətin də məqsədi heç kim üçün sirr deyil”, deyərək, Qərbin neft amilindən istifadə edərək Rusiyanı çökdürmək istədiyinə açıq işarə vurmuşdu. Son müşavirədə də prezident  2015-ci ildə neftin qiymətinin düşməsinin və manatın devalvasiyaya uğramasının səbəbinin “kənarda yarandığını, neftin qiymətinin azalmasının iqtisadi yox, siyasi amillərlə bağlı olduğunu” bir daha vurğuladı. Aydındır ki, bu mesaj təkcə yaranmış iqtisadi vəziyyətdən gərginləşən əsəbi təbəqəyə yönəlməyib, bu, həm də iqtidarın artan tənqidçilərinə,  eləcə də bir-birinin ardınca “antikrizis proqramları” elan edənlərə bir cavabdır. Prezident yaranmış gərginliyin, devalvasiyaya və qiymət artımının səbəbi kimi xarici amilləri göstərir. 
“Bunun səbəbi kənarda yaranıb” deməklə İ.Əliyev komandasını qeyri-obyektiv tənqidlərdən qorumağa çalışdı. Prezident son müşavirədə komandanı  tərifləmədi, amma xüsusi tənqid də etmədi ki, bu da son aylarda bir ilk idi. Çünki ötən il keçirilən müşavirələrdə  dövlət başçısı müxtəlif sahələrə nəzarət edən nazirləri ən sərt şəkildə tənqid etmişdi. Bu dəfə prezident onlara yəqin ki, məqsədli şəkildə dəymədi, onları tənqidlərdən qorudu. Bu da təhlilçilərə görə, yaranmış vəziyyətə adekvatdır. Cəmiyyət indi günahkar axtarışındadır və bu sıra təkcə maliyyə naziri və Mərkəzi Bank sədri ilə məhdudlaşmır. 
Prezidentin çıxışında ikinci mühüm amil də xarici faktorla bağlı idi. Ölkə başçısının sözlərinə görə, 2015-ci ildə dünyada siyasi, iqtisadi və hərbi böhran daha da dərinləşib, qanlı toqquşmalar davam edib. İ.Əliyevin çıxışında“Yaxın Şərqdə gedən qanlı toqquşmaları” yada salması “ölkəmiz bu təhlükəli meyllərin müsbət məcraya yönəldilməsi üçün səylərini artıracaq”, deməklə  Azərbaycandakı siyasi sabitliyə işarə vurmuş oldu. Azərbaycan ictimai rəyində İlham Əliyev hakimiyyətinin ən böyük uğuru siyasi sabitliyin olmasıdır. Müşahidələr göstərir ki, son aylar yaranmış iqtisadi vəziyyətin ağırlığını çiynində hiss edən Azərbaycan vətəndaşı üçün siyasi sabitlik yenə də ön planda qalmaqdadır. Xalq manatın devalvasiyasından daha qorxulu olandan - yarana biləcək xaos və siyasi gərginlikdən ehtiyat edir. Adətən publika qarşısında  dünyadakı konfliktlərə detallı toxunmayan  prezident təsadüfi deyil ki, bu dəfə Rusiya-Türkiyə və İran-Səudiyyə Ərəbistanı arasında münasibətlərin gərginləşməsindən narahatlığını ifadə etdi, Azərbaycanın regionda sabitləşdirici roluna toxundu. 
 
Üçüncü mühüm məsələ 2016-cı ildə idarəetmədə struktur islahatlarının aparılacağı, çevik idarəetmə mexanizmlərinin yaradılacağı və bununla bağlı yaxın vaxtlarda addımların atılacağı ilə bağlı prezidentin dedikləridir.
 
Ölkənin neft gəlirlərinin azalması və qlobal iqtisadi böhranın hələ ötən ilin ortalarında ciddi hiss olunması struktur islahatlarını qaçılmaz edib. Məlumdur ki, Nəqliyyat Nazirliyinin strukturunda ciddi dəyişikliklər edilib, biznesi, sahibkarları təhdid altında saxlayan MTN ləğv olunub, xüsusi xidmət orqanlarında ciddi struktur islahatları və ixtisarlar aparılıb. 
Dövlət  başçısı  müşavirədə  təfərrüatlarını açıqlamasa da, müvafiq islahatlar proqramının artıq hazır olduğunu anons etdi.  Ekspertlər bir neçə nazirliyin birləşdirilməsi, bəzi komitələrin ləğvi barədə proqnozlar versə də, bu proqramın detalları hələ ki açıqlanmır. Aydındır ki, bahalaşmadan əziyyət çəkən xalq da hökumət strukturlarında islahatlar tərəfdarıdır və bunu iqtisadi vəziyyətdən çıxış yolu kimi qiymətləndirir. 
Prezidentin icra başçıları ilə bağlı göstərişi də  diqqətçəkəndir. Rayon əhalisi də iqtisadi krizisdən ciddi əndişədədir.  
Dövlət başçısı dotasiya ilə yaşayan rayonların iqtisadi səmərəliliyinin artırılması ilə bağlı tapşırıqlar verdi və görülən işlərlə əlaqədar hər rüb məlumat verilməsi ilə bağlı rayon icra başçıları qarşısında tələb qoydu. Prezident icra başçılarına və rayonlara ayrılmış vəsaiti şəxsi nəzarəti altına aldı. Bundan sonra bəzi hallarda özlərini “kiçik padşah” kimi aparan, dövlət vəsaitini ən müxtəlif üsullarla mənimsəyənlər daha bu əməllərini davam etdirə bilməyəcəklər. Onlar indi 6 aydan və ya ildə bir dəfə deyil, ildə dörd dəfə olmaqla hesabat verməli olacaqlar.
Prezidentin manatın ikinci devalvasiyasından sonra qiymətlərin qalxması nəticəsində yaranan situasiyaya da toxunub, istehlak qiymətlərinə çox ciddi nəzarət etməyin vacibliyini qeyd etməsi də müşavirənin əsas önəmli məsələlərindən biri, bəlkə də birincisidir. Dövlət başçısı əhalini iqtidardan narazı salan bu məsələ ilə bağlı ciddi xəbərdarlıq edib. “O məhsullar ki, Azərbaycanda istehsal olunur, orada qiymət artımı olmamalıdır. Mənə məlumat da gəlir ki, məzənnə məsələsindən istifadə etmək istəyən natəmiz insanlar, işbazlar sui-istifadə etmək istəyirlər. Buna son qoyulmalıdır. Süni bahalaşmaya son qoyulmalıdır və burada çox ciddi cəza tədbirləri görülməlidir”. 
Qiymətlərlə bağlı məsələnin iqtidar üçün nə dərəcədə önəmli olduğunu dövlət başçısının prokurorluq orqanlarına tapşırığı da göstərir. “Cərimələrlə kifayətlənməməliyik, prokurorluq orqanları çox ciddi məşğul olsun və bu vəziyyətdən öz şəxsi maraqları üçün istifadə etmək istəyənlərə qarşı çox ciddi cəza tədbirləri görülməlidir, mətbuatda da bu işıqlandırılmalıdır ki, buna son qoyulsun”. Bunu prezidentin bir neçə ay əvvəl sahibkarlara qarşı yoxlamalara son qoyulması ilə bağlı qərarı ilə müqayisə edəndə, hətta fərqli mövqelər də yarana bilər. Fəqət, burada söhbət  dövlət başçısının  “natəmiz insanlar” və “işbazlar” adlandırdığı kateqoriyadan gedir ki, onların cəzalandırılması heç bir halda iş adamının fəaliyyətinə müdaxilə kimi qiymətləndirilə bilməz. Görünür, hüquq-mühafizə və digər strukturlar prezidentdən məhz bu tapşırığı gözləyirmişlər və yanvarın 11-dən artıq müvafiq qurumlar hərəkətə keçiblər. Əhali manatın devalvasiyasını neft amillinə görə nisbətən qəbullana bilir, süni qiymət artımı isə birbaşa iqtidarın “ayağına” yazılır. 
Nəhayət, 2016-cı ildə pensiya və əməkhaqlarının artırılması ilə bağlı hökumətin təkliflər hazırlaması ilə bağlı prezidentin söylədikləri qeyd olunmalıdır. Düzdür, bəzi ekspertlər hesab edir ki, hökumət devalvasiyadan dərhal sonra maaşların və pensiyaların artmasına qərar verməli idi. Amma belə görünür ki, bu məsələ ilə bağlı da xüsusi bir proqram var və hökumət bunun üzərində hələ ki işləyir. 
 
“Yeni Müsavat”
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024