Dünya (8-09-2016, 16:18)
Məşhur milyarder Formula 1-i satın aldı
Milyarder iş adamı John Malone-un sahibi olduğu ABŞ-ın media şirkəti Liberty Media, dünyanın ən böyük motor idman növləri təşkilatları arasında yer alan Formula 1-i satınalma məsələsində razılığa gəldiklərini açıqlayıb.
Mediatv.az xəbər verir ki, şirkətin internet saytından edilən açıqlamada, uzun müddətdir davam edən danışıqların ardından razılığa gələrək Formula 1-i satınalma prosesinin rəsmi olaraq başlanıldığı bildirilib.
Liberty Media, yeni saziş çərçivəsində Formula 1-ə 4,4 milyard dollar investisiya qoyacaq.
Açıqlamada, ilk olaraq Formula 1-in ən böyük səhmdarı İngiltərənin özəl kapital şirkəti CVC Capital təşkilatından 18,7%-lik payının satın alındığı bildirilib.
Razılaşmada yer alan protokolların tərəflər tərəfindən təsdiq olunmasından sonra Formula 1-in bütün səhmlərinin əl dəyişdirərək Liberty Media-ya təhvil verilməsi planlaşdırılır.
Formula 1-i 40 ildir idarə edən 85 yaşlı rəhbəri Bernie Ecclestone, bundan sonrakı prosesdə təşkilatın İcraçı Direktoru kimi çalışacaq. Prezidentlik vəzifəsinə isə ABŞ-ın media şirkəti 21st Century Fox-ın vitse-prezidenti Chase Carey gətiriləcək.
Müqavilənin bütün şərtlərinin yerinə yetirilməsi halında ümumi dəyərinin 8 milyard dollara çatması və 2017-nin ilk rübündə başa çatdırılması gözlənilir.
“Marja”