Ukrayna Silahlı Qüvvələrinin xüsusi təyinatlı dəstələri Rusiyanın nəzarətində olan Krım yarımadasına həmlə edib.
Mediatv.az xəbər verir ki, bu haqda FTX-nin bəyanatında deyilir. Bəyanata əsasən Ukrayna ərazisindən güclü atəş dəstəyi altında xüsusi təyinatlı bölmələr Krım ərazisinə daxil olmaq üçün iki cəhd edib. Bu hadisə avqustun 8-nə keçən gecə baş verib. Xüsusi təyinatlıları Ukrayna ordusunun zirehli texnikası dəstəkləyib, habelə onlara güclü atəş dəstəyi göstərilib. FTX-nin xüsusi təyinatlı bölmələri ordu bölmələrinin dəstəyi ilə bu cəhdin qarşısını alıb, atışma zamanı bir hərbçi həlak olub.
FTX bildirir ki, həmin hadisədən əvvəl avqustun 7-də Krım ərazisində Ukrayna Baş Kəşfiyyat İdarəsinin agentura şəbəkəsi aşkar edilib və qrupun zərərsizləşdirilməsi zamanı atışma olub. Bu zaman bir FTX əməkdaşı həlak olub Qrupun üzvləri saxlanılıb, onların Krım ərazisində diversiya əməliyyatları həyata keçirməyi planlaşdırdıqları bildirilir.