Dünya (31-01-2016, 12:24)
ABŞ da Rusiyanı günahlandırdı
Pentaqon Rusiyanın döyüş təyyarəsinin Türkiyənin hava məkanını pozmasına dair Ankaranın bəyanatını təsdiqləyib.
Mediatv.az xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin nümayəndəsi Mark Rayt RİA “Novosti” agentliyinə bildirib.
M. Rayt Rusiya və Türkiyəni eskalasiyanın qarşısını almaq üün danışıqlar aparmağa çağırıb.
“Rusiya döyüş təyyarəsinin yanvarın 29-da Türkiyə və NATO-nun hava sərhədini pozması barədə məlumatlardan xəbərdarıq və bunu təsdiq edirik. Əvvəlki insidentlərdən sonra da bəyan etdiyimiz kimi, ABŞ da NATO kimi bu məsələdə Türkiyə ilə həmrəydir və biz Rusiyanı Türkiyənin hava məkanına hörmət etməyə, regionda qeyri-stabilliyə səbəb olan əməllərdən çəkinməyə çağırırıq. Rusların və türklərin eskalasiyanın qarşısını almaq üçün danışıqlar aparması vacibdir”, - M. Rayt qeyd edib.
Qeyd edək ki, Rusiya Hərbi-Hava Qüvvələrinə məxsus SU-34 qırıcı təyyarəsi yanvarın 29-da yenidən Suriya istiqamətindən Türkiyənin hava məkanını pozub. Rusiya təyyarəsinin heyətinə rus və ingilis dilində dəfələrlə xəbərdarlıq edilib.
İnsidentlə əlaqədar Rusiyanın Ankaradakı səfiri Türkiyə XİN-ə çağırılıb, ona etiraz notası təqdim olunub.
“Türkiyə hava məkanının pozulmasına görə ortaya çıxa biləcək arzuolunmaz halların məsuliyyəti tamamilə Rusiyanın üzərinə düşəcək. Bu, Rusiyanın iki ölkə arasında böhranın daha da dərinləşməsini istəməsinin aşkar göstəricisidir”, - deyə XİN-in bəyanatında bildirilir.
Rusiya Müdafiə Nazirliyi isə Türkiyə tərəfinin iddialarını rədd edib.
Xatırladaq ki, 2015-ci ilin noyabrın 24-də Suriya istiqamətindən Türkiyənin hava sərhədlərini pozan, Rusiyaya məxsus SU-24 bombardmançı təyyarə Türkiyə Hərbi Hava Qüvvələri tərəfindən vurulub. Ankara Rusiya təyyarəsinin ölkənin hava məkanını pozduğunu iddia edib. Rusiya tərəfi isə Türkiyənin hava məkanını pozulması faktını inkar edərək, insidenti təcavüz aktı kimi qiymətləndirib.
İnsident iki ölkə arasında münasibətlərin pisləşməsinə səbəb olub.