Dünya (10-11-2015, 15:48)
Təbriz tələbələri yenidən etirazlara başlayıblar
Bu gün Təbriz Universitetində tələbələr yenidən etirazlara başlayıblar.
Mediatv.az xəbər verir ki, Musavat.com-a daxil olan məlumata görə tələbələr plakatlarda “Haray, haray, mən türkəm”, “Azərbaycan var olsun, istəməyən kor olsun”, “Azərbaycan əyilməz, türkün beli bükülməz” şüarları səsləndiriblər.
Qeyd edək ki, ötən gün İran televiziyasına Azərbaycan türklərinin təhqir olunması ilə bağlı ilk olaraq etirazlar Təbriz və Urmiya Universitetinin tələbləri tərəfindən başlanmışdı.
Tələbələr universitet binasının qarşısına toplaşaraq “Azərbaycan milləti, çəkəmməz bu zilləti”, “Türk dilində mədrəsə” və “Haray, haray, mən türkəm!” şüarlarını səsləndirmişdilər. Etirazlarla bağlı məşhur Təbriz bazarı da bağlanmışdı. İran mənbələrinin yaydığı məlumata görə dünənki insidentdə Təbrizdə bir polis avtomobili yandırılıb.
Əldə olunan məlumata görə, dünən qaşqay türkləri də Şirazda televiziya-radio qurumunun qarşısına toplaşaraq etiraz keçiriblər.
Xatırladaq ki, 2006-cı ildə İran jurnallarından birində dərc olunan tarakan karikaturası ölkədə etnik azərbaycanlılar arasında narazılıq yaratmış və bu cür geniş miqyaslı üsyana səbəb olmuşdu.
Belə ki, karikaturada uşağın tarakanla farsca danışması və tarakanın cavabında azərbaycanca “nəmənə” deyə sual verməsi azərbaycanlıları qəzəbləndirmişdi.
Nəmənə sözünün fars dilində də işlənməsinə baxmayaraq, karikatura qəzəbli reaksiya doğurmuşdu və azərbaycanlılar bunu təhqir olaraq qəbul etmişdi.