Mediatv.az xəbər verir ki, ilk olaraq nümayişlər Qərbi Azərbaycan əyalətinin mərkəzində Urmiyə Universitetinin yüzlərlə tələbəsi tərəfindən keçirilib.
Əsasən İranda yaşayan azərbaycanlılar barədə xəbərlər yayan “Oyan News” səhifəsinin verdiyi məlumatda deyilir ki, tələbələr Urmiya Universitetinin binasının qarşısında toplaşaraq “Azərbaycan milləti - çəkəmməz bu zilləti”, “Türk dilində mədrəsə” və “Haray haray, mən türkəm!” şüarlarını səsləndirib.
Etirazların Təbriz, Xoy, Marağa, Zəncan və Tehran şəhərlərinə də yayıldığı bildirilir.
“İRİB TV-2” kanalında yayımlanan “Fitilieh” (farscadan tərcümə: fitil) verilişində nə deyiblər?
Uşaqlar üçün nəzərdə tutulmuş komediya proqramında bəhs olunan hekayədə azərbaycanlı uşaq tualet fırçası ilə diş fırçasını səhv salır və dişlərini tualet fırçası ilə təmizləyir.
Bundan sonra uşağın atası otel sahibindən üzr istəyir və oteldən gələn pis qoxuya uşağın səbəb olduğunu bildirir.
Həmin verilişin necə təhqiramiz olduğunu göstərmək üçün azərbaycanlı fəallar onu YouTube videosaytına yerləşdiriblər.
Xatırladaq ki, buna oxşar ən böyük qalmaqal 2006-cı ildə baş verib. Həmin il mayın 12-də yarımrəsmi “İran” qəzetinin uşaqlar üçün “Kudək” (“Bəbə”) adlı bazar buraxılışında karikatura çap edilmişdi.
Həmin karikaturada uşaq tarakanla fars dilində danışmağa çalışır, tarakansa ona azərbaycanca cavab verərək “Nəmənə?” (Təbriz ləhcəsində “nə”) deyir.
Həmin karikaturaya etiraz olaraq İranın Təbriz, Ərdəbil, Xoy, Sulduz və başqa şəhərlərində azərbaycanlılar kütləvi aksiyalar keçirmişdilər.
Ən böyük aksiya Təbrizdə təşkil edilmiş, iğtişaşlara çevrilmiş, polislə qarşıdurma olmuşdu. Rəsmi məlumatlara görə, 4 nümayişçi ölmüş, 330 nəfər həbs edilmişdi.
Hüquq müdafiəçiləri bu rəqəmlərin kiçildilmiş olduğunu deyirlər.
Etirazlardan bir müddət sonra qəzet bağlanmış, baş redaktor Mehrdad Qasemfar və rəssam Məna Neyestani həbs edilmiş, amma sonradan azadlığa buraxılmışdılar.